Türkdilli dövlətlərin və
subyektlərin III media forumu
başa çatmışdır
Türkdilli dövlətlərin və subyektlərin Bişkekdə keçirilən III media forumu başa çatmışdır. Forumda ölkəmizi Mətbuat Şurasının sədri Əflatun Amaşovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, yazıçı-publisist Yunus Oğuz, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, "Trend" Agentliyinin baş direktoru İlqar Hüseynov və başqaları daxildir.
İki gün ərzində "Yeni texnologiyaların kütləvi informasiya vasitələrinin formalaşmasına təsiri", "Nəşriyyat işinin yeni formaları və biznes modelləri", "Ənənəvi KİV-in yenidən qurulması prosesi və yeni media", "Sosial media strategiyalarının zəruriliyi məsələləri", "Türk dünyasında internet: sosial şəbəkələr və yeni texnologiyaların inkişafı", "Şəxsi həyatın toxunulmazlığı hüququ və informasiya əldə olunması" və digər mövzularda məruzələr dinlənilmişdir.
Forumun iclaslarının
birinə Əflatun Amaşov moderatorluq etmişdir. "Türk
dünyasının gələcək
kütləvi mass-mediası:
yeni media vasitələri
və sosial medianın səmərəliliyi"
mövzusuna həsr olunmuş həmin iclasda çıxış
edən Sevil Yusifova müasir Azərbaycan mediası haqqında geniş məlumat vermişdir.
O bildirmişdir ki, bu gün Azərbaycanda
500-ə yaxın qəzet
və jurnal nəşr edilir, 20-dən
çox informasiya agentliyi fəaliyyət göstərir. S.Yusifova Azərbaycanın müasir televiziya və radio məkanı haqqında da ətraflı məlumat vermiş, internet şəbəkəsinin
durmadan genişləndiyini
diqqətə çatdırmışdır.
Vurğulanmışdır ki, ölkə
əhalisinin 70 faizi
internet istifadəçisidir, facebook istifadəçilərinin
sayı isə bir milyona yaxınlaşmışdır.
Forum çərçivəsində
Azərbaycanın "Trend" Agentliyi ilə Qırğızıstanın "Kabar" Milli İnformasiya Agentliyi arasında əməkdaşlıq
haqqında sənəd
imzalanmışdır.
Türkdilli dövlətlərin və
subyektlərin növbəti
media forumunun Şimali
Kiprdə keçirilməsi
qərara alınmışdır.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Bişkek
Azərbaycan.-2013.- 13 noyabr.- S.10.