Tbilisidə 10-cu Cənubi Qafqaz media konfransı keçirilir

 

Noyabrın 11-də Gürcüstanın paytaxtı Tbilisidə "Cənubi Qafqaz media konfransının 10 illiyi - kütləvi informasiya vasitələrinin azadlığı haqqında ATƏT-in öhdəliklərinin dərk edilməsi" mövzusunda konfrans işə başlamışdır. İki günlük konfransı ATƏT-in media azadlığı üzrə nümayəndəsinin ofisinin direktoru Andrey Rixter açmışdır.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç konfransın Cənubi Qafqaz ölkələrində kütləvi informasiya vasitələrinin azadlığı, bu istiqamətdə son 10 ildə qanunvericilikdə və təcrübədə həyata keçirilən dəyişikliklər ətrafında fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan yaradacağını bildirmiş, regionun mass-mediasında irəliləyişin hiss olunmasından məmnunluğunu vurğulamışdır.

Azərbaycan Respublikasından geniş tərkibdə nümayəndə heyəti konfransda iştirak etmişdir. Müzakirə olunan məsələlərlə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə sektorunun müdiri Vüqar Əliyev AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, ATƏT-in media azadlığı ofisinin təşkilatçılığı ilə keçirilmiş bu tədbir yubiley konfransıdır. Bütün konfranslarda Azərbaycan nümayəndə heyəti iştirak edərək, ölkədə kütləvi informasiya vasitələrinin, söz və məlumat azadlığının, fikir plüralizminin vəziyyəti barədə həqiqətləri iştirakçıların diqqətinə çatdırır. Bu konfransı Cənubi Qafqaz ölkələrində kütləvi informasiya vasitələrinin inkişafı, onların problemlərinin həlli ilə bağlı səmərəli platforma hesab etmək olar.

Vüqar Əliyev bildirmişdir ki, bu tədbir Cənubi Qafqaz respublikalarının bu sahədə üzərlərinə götürdükləri öhdəliklərin icra vəziyyəti barədə bir növ hesabat xarakteri daşıyır. Biz iştirakçılara ötən 10 ildə Azərbaycanın söz və məlumat azadlığı, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində keçdiyi yol barədə ətraflı məlumat verdik. Bildirdik ki, Azərbaycan Respublikası Konstitusiyasında informasiyanın əldə olunması, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, senzuranın yolverilməzliyi ilə bağlı prinsipial müddəalar öz əksini tapmışdır və zaman keçdikcə bu müddəaların həyata keçirilməsi istiqamətində uğurlu addımlar atılmışdır.

Prezident Administrasiyasının rəsmisi demişdir ki, 1998-ci ildə Azərbaycanda senzura ləğv olunmuş, 2003-cü ildə jurnalistlər tərəfindən Mətbuat Şurasının yaradılması ölkəmizdə mətbuatın özünütənzimləmə prinsipinin tətbiqinə imkan vermişdir. 2005-ci ildə isə demək olar ki, bütün Avropa məkanında və dünyada ən liberal qanunvericilik aktlarından olan informasiya əldə olunması haqqında çox mühüm bir qanun qəbul edilmişdironun tətbiqi ilə bağlı dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Sektor müdiri xatırlatmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası təsdiq olunmuşdurbu konsepsiyadan irəli gələn müddəaların yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Bu fond vasitəsilə Azərbaycan hökuməti müstəqil medianın inkişafına, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına yardım edir.

Vüqar Əliyev demişdir: "Biz Azərbaycan Prezidenti tərəfindən jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri xüsusi qeyd etdik və 2013-cü ildə Azərbaycanda 156 jurnalistin mənzillə təmin olunması, dövlət başçısı tərəfindən 240 mənzilli yeni binanın təməlinin qoyulması barədə məlumat iştirakçıların böyük marağına səbəb oldu. Bütün bunlar bir daha onu təsdiq edir ki, Azərbaycan Respublikasında medianın inkişafı, onun müstəqilliyinin möhkəmləndirilməsi, söz və məlumat azadlığı, fundamental demokratik prinsiplərin tətbiqi sahəsində çox mühüm nailiyyətlərimiz vardır və konfrans iştirakçıları bu barədə də geniş məlumatlandırıldılar. Həmçinin biz ölkəmizdə jurnalistlərin təhlükəsizliyinin, onların məqsədyönlü fəaliyyətinin təmin edilməsi üçün zəruri şəraitin formalaşdırılması sahəsində Azərbaycan dövlətinin beynəlxalq konvensiyalar və qanunvericiliklə müəyyən edilmiş prinsipləri dayanmadan yerinə yetirməkdə israrlı olduğunu da diqqətə çatdırdıq. Konfrans iştirakçılarını Azərbaycanın demokratik inkişafına, respublikamızda liberal media mühitinin formalaşdığına, ölkəmizin üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirdiyinə əmin edə bildik".

ATƏT-in KİV-lərin azadlığı məsələləri üzrə baş məsləhətçisi Juan Barata konfransın keçirilməsində məqsədin Cənubi Qafqaz ölkələri nümayəndələrinin görüşünü təşkil edib görülən işlərə, qarşıda duran vəzifələrə onların münasibətini öyrənmək olduğunu söyləmişdir. Diqqətə çatdırılmışdır ki, mövcud problemləri öyrənmək, bu problemlərin həlli yollarını müəyyənləşdirmək barədə fikir mübadiləsinin aparılması baxımından da konfrans mühüm əhəmiyyət kəsb edir.

Konfrans "Rəqəmli verilişə keçid" və "Ənənəvi və internet-media özünütənzimləmə məsələləri" mövzusunda ustad dərsləri ilə işini davam etdirəcəkdir.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

Azərbaycan.-2013.- 13 noyabr.- S.10.