Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin
Türkiyə
Respublikasına rəsmi səfəri
Ali qonağın şərəfinə
Xəbər verdiyimiz kimi, noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və xanımı Hayrünnisə Gülün adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilmişdir.
Dövlət başçıları rəsmi naharda çıxış etmişlər.
Prezident Abdullah Gülün çıxışı
- Hörmətli Prezident, əziz qardaşım!
Möhtərəm xanım əfəndi!
Hörmətli qonaqlar!
Zati-alilərini, möhtərəm Mehriban xanımı və nümayəndə heyətinizin mötəbər üzvlərini bir daha Türkiyədə qonaq qəbul etməkdən böyük məmnunluq duyuruq.
2007-ci ildə Prezident seçildikdən sonra mən də o zaman ilk səfərimi Azərbaycana etmişdim və böyük bir qonaqpərvərliyi o gündən bu günə hər gedişimizdə görürük. Siz də eynilə bundan tam beş il əvvəl olduğu kimi, Prezident seçkilərindən sonra ilk rəsmi səfərinizi Türkiyəyə həyata keçirirsiniz. Türkiyəni seçməyiniz heç şübhəsiz təsadüfi deyildir, nəzakətdən daha dərin bir mənaya sahibdir. Bu seçimi əbədi və əzəli qardaşlığımızın nişanəsi, strateji ortaqlığımızın parlaq təzahürü kimi dəyərləndiririk. Bu gözəl vəsilə ilə ölkəmizə gələn sizi - dəyərli qardaşlarımızı ən səmimi hisslərimlə salamlayıram.
Azərbaycan hamımızın vətənidir, tarix boyunca millətimizin könlündə çox müstəsna bir yerə sahib olmuşdur. Qəlblərimiz azərbaycanlı qardaşlarımızla hər zaman birlikdə döyünür. Sevinciniz sevincimizdir, kədəriniz kədərimizdir, eyni mahnılarla təsirlənir, eyni şairlərin şeirləri ilə həyəcanlanırıq. Füzulini oxuyarkən siz necə dərin bir məna verirsinizsə, biz də eyni şəkildə anlayırıq. Könüldə, fikirdə və işdəki bu ortaqlığımızın naxış-naxış toxunduğu can Azərbaycanın gözəl havasını və ətrini ikinci vətəniniz Türkiyəyə gətirən sizə - dəyərli qonaqlarımıza ən səmimi duyğularımla bir daha "Xoş gəlmisiniz!" deyirəm.
Hörmətli Prezident, dəyərli qonaqlar!
Bundan tam 20 il əvvəl Azərbaycana səfər edən rəhmətlik Prezident Özal Bakı Universitetində etdiyi çıxışda "Acı və həsrət dolu illəri geridə qoyduq, bu yeni dövr birlik və bərabərlik içində irəliyə doğru böyük addımlar atmaq üçün tarixi bir fürsət təşkil etməkdədir" demişdi. Geriyə dönüb baxarkən məmnuniyyətlə görürük ki, Türkiyə və Azərbaycan bu tarixi fürsəti çox yaxşı dəyərləndirmişlər. Bunda heç şübhəsiz, zati-alinizin son on ildə göstərdiyi güclü liderliyin də çox böyük təsiri vardır.
Qardaş ölkələrimiz qısa müddətdə böyük inkişaf əldə etmişdir. Siyasi və sosial sabitliklərini iqtisadi və bəşəri zənginliyə çevirmişlər. Ölkələrimiz ümummilli lider, mərhum Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamı ilə güclərini xalqlarımızın və bölgəmizin xeyrinə olacaq şəkildə birləşdirmişlər. Həyata keçirildiyi dövrdə əsrin layihələri adlandırılan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri bu düşüncə və dinamizmin məhsuludur. Bu kəmərlər əmin-amanlıq anlamına gələn Xəzərdən dünyaya, sadəcə, neft və qaz deyil, sülh, rifah və sabitlik də daşımaqdadırlar.
Bu müştərək baxışımızın miqyasını daha da genişləndirməkdə qərarlıyıq. Müasir İpək Yolu adlandırılan, orta xəttin ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu inşallah, gələn il tamamlanacaqdır. Xəttin bir başqa önəmli hissəsi olan "Marmaray" dəmir yolunun açılışını isə oktyabrın 29-da reallaşdırdıq. Çox yaxın vaxtlarda bu layihəyə əsasən London ilə Pekin Xəzər üzərindən dəmir yolları ilə bir-birinə bağlanacaqdır.
Eyni şəkildə "Cənub" qaz dəhlizinin çox önəmli bir hissəsi olan TransAnadolu boru kəməri layihəsini sürətlə həyata keçirməliyik. Heç şübhəsiz, bunlar Xəzərin dünya ilə birliyini möhkəmləndirəcək, XXI yüzilliyə möhürünü vurmağa layiq layihələrdir. Bundan sonra qarşımızda duran başlıca məqsəd kədəri də, sevinci də ortaq olan qardaş ölkələrimiz arasındakı strateji müttəfiqliyi zati-alinizin liderliyi ilə yeni layihələrlə daha da irəliyə aparmaqdır.
Cənab Prezident, əziz qardaşım, hörmətli qonaqlar!
Azərbaycan ikitərəfli münasibətlərimizdə olduğu kimi, türk respublikaları arasındakı əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsinə yönəlmiş səylərimiz baxımından da aparıcı bir ölkədir. Bu mənada katibliyi İstanbulda yerləşən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması 2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə reallaşmışdır. Azərbaycan bu ilin avqustunda Qəbələdə ev sahibliyi etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası III zirvə görüşündə sədrliyi təhvil almışdır. Qarşıdakı bir il müddətində Azərbaycan böyük əhali və coğrafiya ilə zəngin təbii və bəşəri sərvətlərə malik olan türk dünyasının qlobal miqyasda bir diqqət mərkəzinə çevrilməsinə yönəlmiş müştərək səylərimizə rəhbərlik edəcəkdir.
Türk respublikaları arasında kökləri tarixi keçmişimizə söykənən dostluq və qardaşlıq əlaqələrinin təməlində ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimiz dayanmaqdadır. Bununla birlikdə, bu dostluq və qardaşlığın konkret layihələr əsasında müştərək maraqlarımıza cavab verəcək bir ortaqlığa çevrilməsi üçün yeni baxışlı, uzaqgörən liderlərə hər zaman ehtiyac vardır. Bu baxımdan zati-alinizin oynadığı rol hər cür təqdirəlayiqdir.
Cənab Prezident, hörmətli qardaşım, əziz qonaqlar!
Çox xoşdur ki, Qafqaz İslam ordusunun erməni və bolşevik işğalı altındakı Bakını xilas etməsinin 95-ci və Azərbaycanın müstəqilliyə yenidən qovuşmasının 22-ci ildönümündə dostluq, qardaşlıq və iş birliyimizin qızıl illərini yaşayırıq. Böyük şair Bəxtiyar Vahabzadə illər öncə yazdığı bu mənalı misralarda sanki əlaqələrimizin bu gününü və sabahını ifadə edir:
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu
Azərbaycan, Türkiyə...
Bu münasibətlə zati-alinizi, hörmətli xanımınızı və
nümayəndə heyətinizin
dəyərli üzvlərini
Türkiyədə qonaq
qəbul etməkdən
duyduğum məmnunluğu
bir daha ifadə edir, Türkiyə-Azərbaycan əlaqələrinin
parlaq gələcəyinə
olan sarsılmaz inamımla bütün azərbaycanlı qardaşlarımıza
ən səmimi salamlarımı, sevgilərimi
və ən xoş arzularımı çatdırıram. Qayıdandan sonra bütün türk xalqının salamlarını
və sevgilərini bütün azərbaycanlı
qardaşlarımıza çatdırmağı
sizdən xahiş edirik.
Bir daha xoş gəlmisiniz.
Azərbaycan.-2013.- 14 noyabr.- S.1.