Azərbaycan Prezidenti İlham Əliyev Ankarada yenidən

 qurulan Heydər Əliyev parkı ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti

 İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri

 

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Ankarada yenidən qurulan Heydər Əliyev parkı ilə tanış olmuşdur.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini yad etdi.

Azərbaycan dövlətinin başçısı parkla tanış oldu.

Türkiyənin müxtəlif şəhərlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan onlarla küçə, park, meydan, təhsil müəssisəsi vardır. Ulu öndərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən biri də Türkiyə paytaxtında yaradılan bu parkdır. Hələ 2004-cü ildə salınmış  parkda bir müddət əvvəl əsaslı yenidənqurma işləri aparılmışdır. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət mərkəzlərindən birinə çevrilmişdir.

Heydər Əliyev parkının konsepsiyası bir növ dahi şəxsiyyətin mənalı ömür yolu və zəngin siyasi fəaliyyəti, eyni zamanda, bu fəaliyyətin ən böyük əsəri olan müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı və ölkəmizin qardaş Türkiyə ilə münasibətlərinin yüksək səviyyəsini əks etdirir.

Azərbaycan Prezidentinə məlumat verildi ki, parkın giriş meydanının ümumi sahəsi 19,23 kvadratmetrdirbu rəqəm ulu öndərin anadan olduğu 1923-cü ilin rəmzidir. Buradakı şəlalə yaşam rəmzi kimi düşünülmüşdür.

Park 8 hektar sahəni əhatə edir. Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin öz zövqünə uyğun istirahət etmələri üçün imkanlar yaradır. Təbiətin qorunması, ətraf mühitə qayğı Heydər Əliyevin xüsusi önəm verdiyi sahələrdən olmuşdur. Ulu öndərin adını daşıyan parkda bu işə xüsusi diqqət yetirilmişdir. Belə ki, burada  ilk dəfə olaraq xüsusi texnologiyadan istifadə edilərək, "ağıllı drenaj sistemi" adlanan yeni sistem tətbiq edilmişdir.

Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, parkda aparılan işlərdə Ankaranın iqlim şəraiti də nəzərə alınmış və yenidənqurma işlərində ən yüksək keyfiyyətə malik materiallardan istifadə olunmuşdur. Bütövlükdə incə zövqlə görülən işlər nəticəsində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ankaralıların və şəhərin qonaqlarının mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Parkın girişində mərmərdə əks edilən "Heydər Əliyev Parkı" sözləri axşam saatlarında Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.  

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 14 noyabr.- S.2.