Azərbaycan və Türkiyə hökumətləri
arasında sənədlər imzalanmışdır
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Türkiyə
Respublikasına rəsmi səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində noyabrın 13-də Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında sənədlərin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2013-cü il 13 noyabr tarixli iclasının nəticələrinə dair Birgə Bəyanatı imzaladılar.
Azərbaycan və Türkiyə hökumətləri arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında protokolu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı -TUBİTAK-nın sədri Yücəl Altınbaşaq imzaladılar.
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlığın gücləndirilməsinə dair Anlaşma Memorandumunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzaladılar.
Azərbaycan və Türkiyə hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım imzaladılar.
Azərbaycan və Türkiyə hökumətləri arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Sazişi Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Türkiyənin daxili işlər naziri Muammer Gülər imzaladılar.
Azərbaycan
və Türkiyə hökumətləri arasında işçi qüvvəsinin
qarşılıqlı əmək fəaliyyətinə dair
Sazişi, həmçinin Azərbaycan və Türkiyə
hökumətləri arasında əmək, sosial müdafiə
və məşğulluq sahəsində əməkdaşlığa
dair Sazişi Azərbaycanın əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümov və
Türkiyənin əmək və sosial müdafiə naziri
Faruk Çelik imzaladılar.
AzərTAc
Azərbaycan.-2013.- 14 noyabr.- S.3.