Birgə mətbuat konfransı

 

Azərbaycan Respublikasının Prezidenti

 İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri

 

Noyabrın 13-də hökumətlərarası sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur.

Əvvəlcə Baş nazir Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış etdilər.

 

 

Baş nazir Rəcəb Tayyib Ərdoğanın bəyanatı

 

 

- Hörmətli Prezident, əziz qardaşım İlham Əliyev!

Hörmətli nazirlər!

Dəyərli mətbuat nümayəndələri!

 

Dəyərli iştirakçılar, xanımlar və cənablar!

Sizlərə "bir millət, iki dövlət" idealının nümayəndələri olan iki ölkə - Türkiyə-Azərbaycan xalqlarının hazırda təmsilçiləri olaraq bu gün keçirdiyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasından sonra yeddi müqavilə və protokolla nəticələndirdiyimiz görüşlərin əhəmiyyətini qeyd edir və sizləri salamlayıram.

Bildiyiniz kimi, cənab İlham Əliyev 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə prezidentlik vəzifəsinə böyük səs çoxluğu ilə üçüncü dəfə seçilmişdir. Bu münasibətlə qardaşım cənab İlham Əliyevi hamınızın qarşısında bir daha ürəkdən təbrik edirəm və Azərbaycanın gələcəyi naminə bu seçkilərin xeyirlərə nəsib olmasını, uğurlarla dolu olmasını diləyirəm.

Məmnunedici fakt olaraq Azərbaycandakı prezident seçkilərini Türkiyədən 35 parlament üzvünün izlədiyini xatırlatmağın faydası olduğunu düşünürəm. Türkiyə və Azərbaycan olaraq Qafqazda sülhün, sabitlik və rifahın təmin olunması baxımından çox ciddi səylər göstərir. Bu gün həm ikitərəfli, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə bütün bu məsələləri nəzərdən keçirmək imkanı əldə etdik.

Həm hərbi, həm siyasi, həm iqtisadi, həm ticarət, həm də mədəniyyət sahələrində gələcəyə yönəlmiş hansı işləri görəcəyik, bu günə qədər hansı işlər gördük - bunların hamısını müzakirə etdik. Hazırda iki ölkə arasında ticarətin həcmi 4,2 milyard dollara çatmışdır. Gələcəkdə bunu 15 milyard dollara çatdırmaq üçün işlərimizi sürətləndirməyi davam edəcəyik. Xüsusilə, qeyd etmək istəyirəm ki, dünən həm Prezident Abdullah Gül, həm qardaşımız Prezident İlham Əliyev mühüm strateji obyektlərimizə baxış keçirərkən bu sahədə də hansı işləri görə biləcəyimizlə bağlı yenə də fikir mübadiləsi apardılar.

Əlbəttə ki, ölkələrimiz arasında strateji əhəmiyyətə malik olan enerji sahəsində addımlar atırıq və atacağıq. Bunlardan biri bilirsiniz ki, hazırda müzakirə edilən TANAP layihəsidir. Bu tarixi layihəni ilin sonuna qədər başa çatdıraraq inşallah 2014-cü ilin əvvəlində təməlini qoyaraq bu istiqamətdə işləri başlayacağıq. Təbii ki, TANAP-dan başqa hazırda bir çox işlər görülür. Məlumdur ki, Bakı-Tbilisi-Ceyhan layihəsi daha əvvəl açılışını etdiyimiz bir layihə idi. Bu, Azərbaycan neftinin Ceyhan limanından dünya bazarlarına daşınması layihəsi idi. Bu layihəyə uğurla başlandı və hazırda uğurlu bir şəkildə davam edir.

Digər mühüm addım bildiyiniz kimi, "Şahdəniz" layihəsidir ki, bu layihə də eyni şəkildə davam edir. Daha bir addım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir ki, bu layihə də sürətli şəkildə davam edir. Bu layihədə də işlər sona yaxınlaşmaqdadır. Onun da açılışını etməklə sanki dəmir yolu şəbəkəsi ilə ölkələrimizi hörəcəyik. "Marmaray" layihəsi ilə bunlar birləşəcəkdir. "Marmaray" layihəsi ilə birləşdikdən sonra da Bakı-Tbilisi-Qars dəmir yolu xəttini əhatə edəcək şəkildə Pekindən Londona qədər dəmir yolu şəbəkəsi olacaqdır. Eyni zamanda, İğdırdan Naxçıvana təbii qaz kəmərinin çəkilməsi ilə əlaqədar görəcəyimiz işlərlə bağlı müzakirələr aparıldı. Hətta İğdır ilə Naxçıvan arasında dəmir yolu şəbəkəsinin yaradılması ilə bağlı məsələ də müzakirə edildi. Bununla əlaqədar işlər, inşallah, başlayır. Bu addımları da qəti şəkildə atırıq.

Təbii ki, Dağlıq Qarabağ münaqişəsi hazırda Azərbaycanın hansı səviyyədə problemidirsə, bizimo səviyyədə problemimizdir. Bu, bizim üçün Qafqazda sülhün, qardaşlığın, təhlükəsizliyin təmin olunması baxımından çox önəm verdiyimiz bir məsələdir, xarici siyasətimizdə əsas məqsədlərdən biridir. Bu məsələni diqqətdən kənarda saxlamaq mümkün deyildir. Bunun tezliklə, sülhdialoq yolu ilə həll edilməsi üçün Azərbaycana şəksiz dəstəyimiz davam edir. Təbii ki, burada ATƏT-in Minsk qrupunun üzərinə çox böyük məsuliyyət düşür. Yəni, ABŞ, Rusiya, Fransa bu işi daha dərindən, ciddi şəkildə, davamlı surətdə diqqətdə saxlamalıdırlar. Türkiyə olaraq biz nələr edə biləcəyimizi müzakirə etdik. Davamlı sülhün necə təmin olunacağı məsələlərini aramızda dəyərləndirdik.

Əziz dostlar, bu gün məmnuniyyətlə qeyd etməliyəm ki,  Azərbaycan ilə siyasi əlaqələrimiz mükəmməl və problemsiz şəkildə davam edir. Cənab İlham Əliyevlə görüşümüzdə ticarət əlaqələrimizlə yanaşı, siyasət və mədəniyyət sahələrində münasibətlərimizin genişləndirilməsinin əhəmiyyətini xüsusilə vurğuladıq. Avrasiyanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edən enerji layihələrindən danışdıq. Azərbaycanın təbii qazının veriləcəyi Balkanlarda, xüsusilə də, bölgədəki ölkələrdə birgə hansı işləri görə biləcəyimizi nəzərdən keçirdik.

Türkiyə və Azərbaycan olaraq Trans-Anadolu və "Cənub" dəhlizi layihələrinin həyata keçirilməsi məsələsində ciddi mövqe nümayiş etdirməklə fikirlərimizi bildirdik. Təbii ki, strateji əməkdaşlığımızın mühüm layihələrindən biri olan bu məsələnin diqqətdə saxlanılması barədə fikirlərimizi bölüşdük.

"Marmaray" layihəsi ilə birgə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi Qərbi Avropadan çıxan bir qatarın birbaşa Xəzər sahillərinə, oradan isə Aktau və Türkmənbaşı limanlarından Pekinə çatmasını da mümkün edəcəkdir. Bu da təbii ki, mühüm bir addımdır.

Bugünkü görüşlərimizdə həmçinin Naxçıvanla bağlı məsələni də müzakirə etdik. Bu məsələ bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Arzu edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll olunsun. Azərbaycanın işğal altındakı bölgələri azad ediləndən sonra Naxçıvanın nəqliyyat problemi aradan qalxacaqdır. Xüsusən də, dəmir yolu xəttinin çəkilməsi həm Naxçıvanın nəqliyyat probleminin həllinə, həm də, bölgədə sülhə çox ciddi töhfələr verəcəkdir.

Bugünkü toplantımızda xüsusilə, qardaşım Prezident İlham Əliyevə bir daha minnətdarlıq edirəm. Azərbaycanda fəaliyyət göstərən adamlarımızdan indiyə qədər alınan vergi rüsumları 1270 dollar idi. Bu məsələni qarşı tərəfə çatdıranda müzakirədə çox fərqli bir təkliflə çıxış edib "bunu 50 dollara endirək" dedilər. Beləliklə, bunu 50 dollara qədər endirdik. Bir az sonra da bu saziş ayrıca imzalanacaqdır.

Xüsusilə, bu səmimiyyətə, görülən işlərə görə bir daha minnətdarlığımı bildirirəm. Bu səfərin hər iki ölkə üçün xeyirli olmasını diləyirəm.

Daha əvvəllər də müzakirə etdiyimiz viza məsələsinə gəldikdə, bu məsələsini xüsusilə, iqtisadiyyat nazirlərimiz nəzarətdə saxlayacaqlar. Viza alınmasının həm elm adamları, həm tələbələr, həm də adamları üçün çətinlik yaratmaması məsələsinin iqtisadiyyat nazirlərimiz tərəfindən dəyərləndirilməsini müzakirə etdik. Planlı olaraq bu istiqamətdə ilk addımları daha çox adamlarımıza görə atacağıq.

Çox təşəkkür edirəm. Sözü Azərbaycan Prezidenti İlham Əliyevə verirəm.

 

Azərbaycan.-2013.- 14 noyabr.- S.3.