Birgə mətbuat konfransı

 

Azərbaycan Respublikasının Prezidenti

 İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri

 

Noyabrın 13-də hökumətlərarası sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı olmuşdur.

 

Əvvəlcə Baş nazir Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış etdilər.

 

Prezident İlham Əliyevin bəyanatı

 

- Sağ olun əziz qardaşım, hörmətli cənab Baş nazir!

Hörmətli xanımlar və cənablar!

Hörmətli mətbuat nümayəndələri!

İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Prezident seçkiləri ilə bağlı təbrikinizə görə də minnətdaram. Təbii ki, prezident seçkilərindən sonra ənənəvi olaraq ilk rəsmi səfərim Türkiyəyə edilən səfərdir. Bu, bir ənənədir. Bu ənənəni biz yaratdıq. Əminəm ki, bizdən sonra gələnlər də bu ənənəyə sadiq qalacaqlar. Bu, belə də olmalıdır. Çünki Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir. Bəlkə də dünyada ikinci belə ölkələr tapmaq çətindir ki, bir-birinə bu qədər bağlı olsun, bir-birinə bu qədər dəstək versin. Bu dəstək bizi gücləndirir.

Türkiyənin uğurlu inkişafı bizim inkişafımızdır, Türkiyənin gücü bizim gücümüzdür. Bu gün mən əziz qardaşım Baş naziri son illər ərzində onun liderliyi ilə Türkiyədə əldə edilmiş bütün uğurlar münasibətilə ürəkdən təbrik etdim. Bunlar tarixi uğurlardır, böyük uğurlardır.

Son 10 il ərzində Türkiyə böyük və şərəfli yol keçmişdir, ağır iqtisadi vəziyyətdən şərəflə çıxa bilmişdir. Bu gün dünya çapında Türkiyə güclü dövlətlər sırasındadır, "Böyük iyirmiliyin" üzvüdür. Dünyada gedən proseslərə Türkiyənin təsir imkanları getdikcə artır, gələcəkdə daha da artacaqdır. Türkiyənin razılığı olmadan bölgəmizdə heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu, bizi sevindirir, bizi gücləndirir. Biz də öz növbəmizdə çalışırıq ki, Türkiyə-Azərbaycan əlaqələri bundan sonra da yalnız yüksələn xətlə inkişaf etsin.

Strateji Əməkdaşlıq Şurasının bugünkü toplantısı da bu birliyin təzahürüdür. Cənab Baş nazirin dediyi kimi, toplantı əsnasında iki mühüm məsələ bir an içərisində öz həllini tapmışdır. Bu, onu göstərir ki, bizim bir-birimizə olan hörmət, məhəbbət, bağlılıq o qədərdir ki, istənilən məsələ asanlıqla öz həllini tapa bilər. Biz çalışırıq və çalışmalıyıq ki, həm dövlətlərarası əlaqələr, iş adamları arasındakı əlaqələr, mədəni əlaqələr inkişaf etsin və eyni zamanda, insanlar arasında olan bağlılıq daha da sıx olsun.

Tale elə buyurdu ki, yetmiş il ərzində biz bir-birimizdən ayrı düşmüşdük. Ancaq xalqlarımızın qəlbində olan sevgini o ayrılıq söndürə bilməmişdir. Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra dərhal Türkiyə ilə əlaqələr qurdu. Türkiyə müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur və o gündən bu günə qədər biz daim Türkiyənin dəstəyini hiss edirik. Bu, bizə əlavə güc verir. Xüsusilə, bizim üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində biz daim Türkiyəyə arxalanırıq, güvənirik. Əminik ki, Türkiyə daim bu məsələdə bizim yanımızda olacaqdır. Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız işğal altındadır, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir və ədalətsizlik davam edir. 

Bu gün bəzi hallarda Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi haqqında söhbət aparılır, yəni, qərar qəbul etməməkdə suçlandırılır. Amma bizim məsələmizlə bağlı qərar qəbul edilmişdir. Sadəcə olaraq, bu qərarın icrası üçün mexanizmlər yoxdur.

Biz ümid edirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Biz  bu məsələlər üzərində çalışırıq.

Türkiyə-Azərbaycan əlaqələri bizim gücümüzü daha da artırır. Dünən Türkiyənin hərbi sənayesinin inkişafı ilə bağlı  göstərilən təqdimat məni çox  təsirləndirdi. Bu gün Türkiyə bu sahədə də dünyada söz sahibidir. Türkiyədə istehsal olunan hərbi texnika ən yüksək dünya səviyyəsindədir. Bizi birləşdirən ortaq tarix, mədəniyyət münasibətlərimizin möhkəm təməlidir. Biz bu təməl üzərində gözəl bina tikirik və əziz qardaşımın qeyd etdiyi kimi, bu binanın içində transmilli böyük layihələr vardır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası ilə biz sadəcə olaraq Azərbaycan neftini Türkiyəyə çatdırmaqla öz işimizi məhdudlaşdırmadıq. Bu, bir dəhlizin açılması idi ki, bu dəhliz vasitəsilə indi böyük layihələr icra edilir. "Marmaray" layihəsinin  icra edilməsi münasibətilə, əziz qardaşım, Sizi bir daha təbrik edirəm. Bu, Sizin tarixi xidmətinizdir. Türkiyə xalqı qarşısında gördüyünüz işlər arasında bu, daim tarixdə qalacaqdır. Siz bu layihənin həyata keçirilməsi ilə qitələri, xalqları birləşdirdiniz və Türkiyənin uzunmüddətli çıxarlarını təmin etdiniz. Əlbəttə, Bakı-Tbilisi-Qars dəmir yolu da bu böyük layihənin tərkib hissəsidir.

Gələcəkdə bizi böyük işlər gözləyir. Biz bu işlərə hazırıq. TANAP layihəsinin həyata keçirilməsi Avropanın  enerji xəritəsini tamamilə yenidən quracaqdır. Bu xəritədə Türkiyə və  Azərbaycanın rolu xüsusi yer tutacaqdır. Çünki TANAP  layihəsi dünya miqyasında  enerji layihələri arasında ən böyük  layihələrdən biridir və bunu biz edəcəyik. Bu məsuliyyəti, bu siyasi yükü, maliyyə yükünü Türkiyə və Azərbaycan öz üzərinə götürmüşdür. Biz burada da birgə səylərlə  liderlik nümayiş etdirdik. Bizim liderliyimizin sayəsində bir çox ölkələr fayda götürəcəklər. Çünki bugünkü dünyada enerji siyasətini xarici siyasətdən ayırmaq mümkün deyildir. Biz bütün işləri birgə qururuq, birgə müzakirə edirik. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mahiyyəti və üstünlüyü ondan ibarətdir ki, bu toplantılar əsnasında bir çox məsələlər öz həllini  tapır. Necə ki, bu gün və ondan əvvəlki dəfələr və gələn dəfə Bakıda keçiriləcək toplantıda əminəm ki, biz yeni qərarların verilməsinə nail olacağıq.

Eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı bir-iki kəlmə söz demək istərdim. Bu, çox gözəl bir göstəricidir. Azərbaycanın xaricə qoyulan və qoyulacaq ən böyük sərmayələri Türkiyəyə qoyulacaq sərmayələrdir. Türkiyədən Azərbaycana qoyulan sərmayələr bizim iqtisadi inkişafımızı sürətləndirir. Bu sərmayələr qarşılıqlı etimad, inam, dostluq, qardaşlıq üzərində qoyulan sərmayələrdir. Mən deyəndə ki, bizim münasibətlərimizin təməlində qardaşlıq dayanır, bax, həyata keçirilən layihələr bunu  təsdiqləyir. Qardaşlıq, dostluq əbədidir, əbədi olacaqdır. XXI əsr türk dünyasının əsri olacaqdır. Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb  və əminəm ki, biz birgə səylərlə  gələcəkdə də böyük uğurlara imza atacağıq.

Bir daha əziz qardaşım, qonaqpərvərliyə, məhəbbətə görə Sizə minnətdaram. Qardaş Türkiyə xalqına bundan sonra da rifah, tərəqqi, xoşbəxtlik arzulayıram.

***

 

AzərTAc

Azərbaycan.-2013.- 14 noyabr.- S.3,4.