Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi
səfəri qardaş ölkə mətbuatının
diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri qardaş ölkə mətbuatının diqqət mərkəzindədir. Türkiyənin nüfuzlu qəzetləri səfərin ilk günü Ankarada keçirilmiş mərasimlər və görüşlər haqqında xəbər və məqalələri birinci səhifələrində dərc etmişlər.
"Hürriyet" qəzetində dərc olunmuş geniş məqalə üçün Türkiyə Prezidenti Abdullah Gülün Prezident İlham Əliyevə dövlət mükafatı təqdim edərkən söylədiyi nitqdəki "Yaşasın can Azərbaycan" sözləri sərlövhə seçilmişdir. Qardaş ölkənin dövlət başçısının "Azərbaycanın torpaq bütövlüyü və işğal altındakı torpaqlarının qurtarılması Türkiyənin də milli məsələsidir" sözləri isə başlıqaltı kimi verilmişdir. Məqalədə iki ölkənin birinci xanımları Mehriban Əliyeva və Hayrünnisə Gülün Çankaya köşkündəki Osmanlı zalı ilə tanışlığı barədə xəbər də yer almışdır.
"Star" qəzetinin "Qardaşlıq nişanına ATAK möhürü" başlıqlı məqaləsində prezidentlər İlham Əliyev və Abdullah Gülün təltif edilməsi mərasimindən bəhs olunmuşdur. Prezidentlərin Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanışlığına da yer ayıran qəzet dövlət başçılarının "HÜRKUŞ" əsas təlim təyyarəsinin önündə çəkdirdikləri fotoşəkli birinci səhifəsində dərc etmişdir.
"Sabah" qəzeti "İkitərəfli təltif mərasimi" başlıqlı məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim xarici siyasətimizin prioriteti məhz Türkiyə-Azərbaycan əlaqələridir. İlk növbədə bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir" sözlərinə diqqət çəkmişdir. Məqalədə Azərbaycanla Türkiyə arasında çoxşaxəli əlaqələrin perspektivləri, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Ankarada keçiriləcək növbəti toplantısının əhəmiyyəti haqqında təhlillər də əksini tapmışdır.
"Vatan" qəzetinin "ATAK təqdimatı" və "Qardaşların sevinci" başlıqlı xəbərlərində vurğulanmışdır ki, yenidən Prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edən İlham Əliyev Çankaya köşkündəki çıxışını "Yaşasın Türkiyə, yaşasın Azərbaycan" sözləri ilə tamamlamışdır. Xəbərlərdə Azərbaycanın və Türkiyənin birinci xanımları Mehriban Əliyeva və Hayrünnisə Gülün Çankaya köşkündəki görüşündən də bəhs olunmuşdur.
"Milliyet" qəzeti "Əliyevə dövlət, Gülə Heydər Əliyev ordeni" başlıqlı xəbərində iki dövlət başçısının çıxışlarına geniş yer ayırmışdır. Abdullah Gülün "Azərbaycan hamımızın Vətənidir", İlham Əliyevin "Bizim dostluğumuz və qardaşlığımız sarsılmazdır" sözləri manşetə çıxarılmışdır.
Qardaş ölkənin "Zaman" "Türkiyə", "Yeni Şafak", "Ortadoğu", "Bugün", "Taraf" və digər nüfuzlu qəzetləri də Azərbaycan Prezidentinin rəsmi səfərini geniş şəkildə işıqlandırmışlar.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin ilk günü keçirilmiş mərasimlər NTV, "CNN Türk", "HaberTürk", "Sky", TRT Haber, TGRT, Kanal 24 və digər televiziya kanallarında canlı yayımlanmışdır. Bu verilişlər zamanı Türkiyənin siyasi şərhçilərinin səfərin əhəmiyyəti, Türkiyə-Azərbaycan əlaqələri haqqında şərhləri də təqdim edilmişdir.
Dövlət
başçısının Ankarada keçirdiyi
görüşlər və mərasimlər haqqında xəbər
və fotoreportajlar Türkiyənin Anadolu, İhlas, DHA, Cihan xəbər
agentlikləri tərəfindən də operativ olaraq
yayılmışdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.-2013.- 14 noyabr.- S.4.