Büdcə iqtisadiyyatın
güzgüsüdür
Büdcə dövlətin əsas maliyyə sənədidir. Büdcə həm də iqtisadiyyatın güzgüsüdür və büdcə necədirsə, iqtisadiyyat da elədir. Ona görə də hər il noyabr ayında ölkənin sosial-iqtisadi hadisələri arasında Milli Məclisdə dövlət büdcəsinin müzakrələri xüsusi yer tutur. Kütləvi informasiya vasitələrində də büdcə müxtəlif səpkilərdən geniş müzakirə obyektinə çevrilir. Həmin müzakirələrin baxış bucaqlarını da nəzərə almaqla həm də əhalinin büdcə müzakirələrində iştirakı zamanı fikirləşməkdən ötrü zəruri material təqdimatı baxımından 2014-cü ilin dövlət büdcəsinin əsas parametrləri, fərqləndirici cəhətləri, problem və perspektivləri ilə bağlı məqamlara müəyyən aydınlıq gətirilməsini zəruri hesab edirik.
2014-cü ilin büdcəsinin əsaslandığı proqnoz göstəriciləri
2014-cü ilin büdcəsi özündən əvvəlki 2011-2013-cü illərin əsas parametrləri ilə müqayisədə daha yaxşı makroiqtisadi göstəricilər əsasında tərtib edilib. Belə ki, Azərbaycanda ÜDM 2011-ci ildə 0,1 faiz, 2012-ci ildə 2,2 faiz artıb, 2013-cü ildə isə 4-5 faiz artım gözlənilir. 2014-cü ildə Azərbaycanda 5,2 faiz iqtisadi artım gözlənilir. Bu, Azərbaycan üçün 2014-cü il üzrə Beynəlxalq Valyuta Fondu (5,8 %), Dünya Bankı (4,8%), Avropa Yenidənqurma və İnkişaf Bankı (4%), Asiya Bankı (4,8%) tərəfindən verilən proqnozlara xeyli uyğun bir rəqəmdir. Əgər proqnozlarda Azərbaycanda gələn il neft hasilatının 1,5 faiz azalacağı, amma 2013-cü ilin sonlarına neft hasilatındakı enmələrin dayandırılması və sabitləşmə prosesinin getdiyini və bir qədər artma ehtimalının da olduğunu nəzərə alsaq, hökumətin proqnozlarının beynəlxalq qurumların proqnozlarından bir qədər yuxarı olması başa düşüləndir.
Bizim büdcə üçün əsas göstəricilərdən biri olan büdcə proqnozlarında neftin qiyməti bir barrel üçün 100 dollar, yəni 2012-ci ilin orta qiymətindən 14 dollar və 2013-cü ilin orta qiymətindən 10 dollar aşağı götürüldüyünü nəzərə almaqla proqnozlaşdırılmasını, risklərdən qismən sığortalanmaq baxımından realist yanaşma hesab etmək olar. Çünki 2013-cü ilin birinci yarısında "Azəri Layt" markalı xam neftin bir barrelinin dünya bazarında qiyməti 105-118 dollar arasında dəyişsə də, orta hesabla 110 dollar olmuş, ilin sonuna və gələn il də 100 dollardan yüksək olmaq ehtimalı çox böyükdür.
Gələn il manatın məzənnə proqnozunda 1 dolların 78,5 qəpiyə, 1 avronun 1,034 manata nisbəti kimi götürülüb. Manatın nisbi sabit qalacağı barədə proqnozla da razılaşmaq olar. Amma gələn il inflyasiyanın 3,5 faiz olacağı barədə hökumətin proqnozlarında korrektələr ola bilər. Çünki bəzən bizdə süni qiymət artımı təbii qiymət artımından çox olur. Xüsusən də tariflərə yenidən baxılsa və bu sahədə nəzərəçarpan artıma gedilsə, inflyasiyanı 3,5 faiz çərçivəsində saxlamaq mümkünsüz ola bilər.
2014-cü ildə Azərbaycan iqtisadiyyatına 18,4 milyard manatlıq (23,4 milyard dollar) sərmayə qoyuluşu gözlənilir. Gələn il ölkədə orta aylıq əməkhaqqının 480 manata (611 dollar) çatacağı proqnozlaşdırılıb.
2014-cü il büdcəsinin əsas fərqli cəhətləri
Azərbaycan ikinci neft bumu dövrünü
yaşayır. Bu dövrdə ölkədə neft hasilatı 9 milyon
tondan 50 milyon tona çatıb. Neft bumu Azərbaycanda
ondan da sürətlə gedən tikinti və infrastruktur
bumları yaradıb. Bu sahədə neft gəlirlərinin
büdcə mexanizmi vasitəsilə investisiya layihələrinin
həyata keçirilməsinə yönəldilən hissəsi
müstəsna rol oynayıb. Amma 2011-ci ildən
başlayaraq ölkədə neft hasilatı aşağı
düşməyə başlayıb və yalnız 2013-cü
ilin sonlarına sabitləşmə müşahidə olunur.
Azərbaycanın neft və qaz ehtiyatları
kifayət qədər böyük - üst-üstə 10
milyard ton səviyyəsində qiymətləndirildiyindən,
yenə də neftdən on milyardlarla dollar vəsait gəlməkdə
davam edir. Gələn ildən TANAP qaz kəmərinin
tikintisi başlanacaq və qaz hasilatı tədricən artacaq.
Bununla belə Azərbaycanda neft hasilatının pik mərhələsinin
arxada qalması, məntiqi surətdə büdcəmizdə də öz əksini
tapmalıdır... Bu konteksdə 2014-cü ilin
dövlət büdcəsi bir sıra cəhətlərinə
görə özündən əvvəlki illərin büdcələrindən
fərqlənir. Onların arasında 3 məqam daha
çox diqqət çəkəndir:
Birincisi, Azərbaycan büdcəsinin ölkənin
iqtisadi artım templərindən daha sürətli artması
onun əsas xarakterik cəhətlərindəndir. Azərbaycanda
büdcə gəlirləri fantastik templərlə, məsələn,
özündən əvvəlki illə müqayisədə
2006-cı ildə 88 faiz, 2007ci ildə 55 faiz, 2008-ci ildə 79
faiz artıb. 2011-ci ildə ölkənin ÜDM-nin cəmi
0,1 faiz artdığı bir şəraitdə
büdcə gəlirləri 38 faiz artıb. Amma 2009-cu il istisna
olmaqla, ilk dəfə olaraq 2014-cü ilin dövlət büdcəsinin
gəlirləri əvvəlki illə müqayisədə
aşağı endirilib və xərclərinin artım tempi
isə ölkənin ümumi daxili məhsulunun gözlənilən
tempindən 4,7 dəfə geri qalacaq. Yəni
ÜDM-in 2014-cü ilə proqnozlaşdırılan 5,2 faizlik
artımı fonunda büdcənin gəlirlərinin 4 faiz
azalacağı, xərclərinin isə cəmi 1,1 faiz
artacağı proqnozlaşdırılıb.
İkincisi, 2003-cü ildən bu yana son 10 ildə ilk dəfə 2014-cü ildə
Dövlət Neft Fondundan büdcəyə transfertlər
azalacaq. Yəni 2013-cü ildə Dövlər Neft Fondundan
büdcəyə 11,3 milyard manatdan artıq, 2014-cü ildə
isə 9,3 milyard manat transfert nəzərdə tutulur ki, bu da
2013-cü illə müqayisədə 2 milyard manat və ya 18
faizə qədər azdır. Dövlər Neft
Fondundan büdcəyə transfertlər - büdcə gəlirlərinin
51 faizinə endiriləcək. Ancaq bunun
özü də kifayət qədər böyük rəqəmdir.
Ona görə də Dövlər Neft Fondundan
büdcəyə transfertlərin tədricən
azaldılmasına davamlı xarakter verilməsini zəruri
hesab edirik.
Üçüncüsü, son illər Azərbaycan
büdcəsi üçün 1 faizin altında büdcə kəsiri
və daha çox isə profisit xarakterik olsa da, 2014-cü ilin
büdcəsi özündən əvvəlki illərlə
müqayisədə daha çox kəsirin nəzərdə
tutulması ilə fərqlənir.
Büdcənin
gəlirləri, xərcləri və kəsiri
Azərbaycan
büdcəsinin sürətlə artması nəticəsində
əgər 2000-ci ildə büdcə gəlirləri 715 milyon
manat, 2005-ci ildə 2055 milyon manat, 2010-cu ildə 11403 milyon
manat idisə, 2014-cü ilin dövlət büdcəsinin gəlirləri
18384 milyon manat (23,4 milyard dollar) proqnozlaşdırılıb.
Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri
13 dəfə, adambaşına düşən xərci isə
11,6 dəfə artıb. Dövlət
büdcəsinin gəlirlərinin artmasında aparıcı
rol oynayan Dövlət Neft Fondunun gəlirləri gələn
il 11 milyard 627 milyon manat (14,8 milyard dollar),
xərcləri isə 11 milyard 292 milyon manat (14,4 milyard dollar)
proqnozlaşdırılıb. Neft Fondunun gələnilki xərcləri
2013-cü illə müqayisədə 2,3
milyard manat ( 3 milyard dollar) və ya 17 faiz az olacaqdır.
Gələn
il dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti
ilə 7,1 milyard manat vəsaitin daxil
olması proqnozlaşdırılır ki, onun da 61 faizə
yaxını qeyri-neft sektorunun payına düşəcək.
Dövlət Gömrük Komitəsi xətti ilə isə 1,5 milyard manatlıq vəsait daxil olması
gözlənilir. Gələn ilin büdcə gəlirləri
2013-cü ilin müvafiq proqnoz göstəricilərindən
775 milyon manat və ya 4 faiz az olsa da, kifayət
qədər böyük rəqəmdir. Nəzərə alsaq
ki, bizim 2014-cü il büdcəmiz iqtisadi artımın
yavaşıması yox, Neft Fondundan transferlərin 2 milyard
manat azaldılması ilə əlaqədardır və son illər
büdcədə əsas problem büdcə vəsaitinin
çatışmazlığı yox, sürətlə artan
vəsaitin səmərəli xərclənməsi olurdusa, onda
gəlirlərin 4 faiz azalması iqtisadi inkişaf tempinə elə
bir ciddi təsir göstərməyəcək.
Dövlət
büdcəsinin xərcləri isə ÜDM-in 34,3 faizi səviyyəsində
olmaqla, 20 milyard manatdan (25 milyard dollar) çox, yəni
2013-cü illə müqayisədə 213 milyon manat və ya
1,1 faiz çox proqnozlaşdırılıb. Gələn il büdcə xərcləmələri vasitəsilə
sosial siyasətin davam etdirilməsi, dövlətin müdafiə
qabiliyyətinin artırılması, aqrar sektorun
inkişafı və ərzaq təhlükəsizliyinin təmin
edilməsi, sosial və investisiya proqramları
üçün maliyyə təminatının
yaradılması nəzərdə tutulur.
Büdcə xərclərində
dövlət investisiya xərclərinin 9,5 faiz
azaldılması, təhsilə ayrılan vəsaitin 8 faiz
artırılaraq 1,7 milyard manata, səhiyyəyə 8, 4 faiz artırılaraq 725 milyon
manata, elmə 12,5 faiz artırılaraq 146 milyon manata, sosial
müdafiə və sosial təminat xərclərinin isə 14
faiz artırılaraq 2,1 milyard manata
çatdırılması nəzərdə tutulur. Sosial
yönümlü xərclər, yəni əməyin ödənişi,
pensiya, müavinət, ərzaq və dərman xərcləri
isə 6 faiz artmaqla 5 milyard 337 milyon manata çataraq büdcə
xərclərinin 27 faizini təşkil edəcək. Əməyin ödənişi xərcləri 3
milyard manatdan artıq olmaqla büdcə xərclərinin 15
faizini təşkil edəcək. Büdcə
xərclərinin strukturunu təkmilləşdirərkən
ilk növbədə əməyin ödənişi xərclərinin
xüsusi çəkisinin artırılmasını və bu əsasda
büdcə təşkilatlarında
çalışanların maaşlarının
artırılmasında yeni addımların
atılmasını zəruri hesab edirik.
Gələn
il dövlər büdcəsinin kəsiri 1679 milyon manat və
ya 2013-cü ilin büdcə kəsiri proqnozlarından 988
milyon manat (2,4 dəfə çox)
proqnozlaşdırılır. 2013-cü ilin
büdcə kəsiri proqnozu 691 milyon dollar
götürülmüşdü. 2014-cü
ildə bundan 988 milyon dollar artıq büdcə kəsiri nəzədə
tutulur. Əgər kəsir ÜDM-in 3
faizindən yuxarı qalxarsa, onda Avropadan baxış
bucağından iqtisadi təhlükəsizlik baxımından
problemli hesab oluna bilər. Amma bizim büdcədə kəsir
əvvəla, böyük ehtimalla proqnozlaşdırılan
1,7 milyard manatdan az olacaq, digər tərəfdən isə,
olduğu kimi qalsa belə, iqtisadi təhlükəsizlik
baxımından məqbul hesab olunmayan 3 faizlik həddən
aşağı, yəni 2,9 faiz olacaqdır. Büdcə xərclərinin
yüz faiz icra olunma ehtimalı az
olduğundan, həm də neftin qiyməti 100 dollardan yuxarı
qalxsa, (bu il neftin bir barrelinin qiyməti 105-118 dollar
intervalında dəyişir), büdcədə kəsir təhlükəsiz
həddə qədər azala bilər.
Büdcə
kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən,
daxili və xarici borclanmadan, xarici qrantlar və 2014-cü il 1 yanvar tarixinə dövlət büdcəsinin
vahid xəzinə hesabının qalığı hesabına
həyata keçiriləçəkdir. Göründüyü
kimi, büdcə kəsirinin bir hissəsi daxili mənbələr
hesabına örtüləcək, digər hissəsini
örtməkdən ötrü isə əlverişli şərtlərlə
xarici borca getmək olar. Bu, Azərbaycanın
qiymətli kağızlarının xaricdə yerləşdirilməsi
mexanizmi vasitəsilə həyata keçiriləcəkdir.
Bundan əlavə onu da qeyd edək ki, 2014-cü ildə
Dünya Bankının, Avropa Yenidənqurma və
İnkişaf Bankının, Asiya İnkişaf
Bankının, İslam İnkişaf Bankının və digər
maliyyə qurumları Azərbaycanda həyata keçirilən
bir sıra mühüm infrastruktur və sosial layihələrin
maliyyələşdirilməsinə 1,1 milyard manatdan artıq
vəsait sərf edəcəyi gözlənilir.
Büdcə
problemləri
Neçə illərdir ki, Azərbaycanın dövlət
büdcəsində çox ciddi problem yaşanır. Belə ki, 2014-cü ildə
vergi və gömrük rüsumlarından və digər mənbələrdən
daxilolmalar hesabına 9 milyard manata qarşı, ölkənin
cari xərcləri 11 milyard manata yaxın olacaqdır. Deməli, əvvəlki illərdə olduğu kimi,
2014-cü ildə də biz cari xərclərin 2 milyard manata
yaxınını Neft Fondundan transferlər hesabına
bağlamalı olacağıq. Ona görə
də yaxın illərdə bir hədəf kimi
götürülüb, cari xərclərin vergi
yığımı hesabına bağlanmasına nail olmaqdan
ötrü, bu sahədə səfərbərlik ssenarisinə
keçmək məqsədəuyğun olardı.
2008-ci ildən
başlayaraq son 5 ildə qlobal maliyyə-iqtisadi böhranın
əsas fəsadlarının nəticəsi olaraq əksər
ölkələrin büdcələrində yaranan kritik durum
Azərbaycanda müşahidə olunmur. Ona
görə ki, Azərbaycanın "50 milyard dollarlıq
TƏHLÜKƏSİZLİK YASTIĞI" var və onun bir
hissəsini işə salmaqla prosesləri tənzimləmək
mümkün olur. Bununla belə, Dövlət
Neft Fondunun hesabına Azərbaycanın dövlət büdcəsində
gəlir sarıdan kritik durum olmasa da, büdcə vəsaitinin
səmərəli xərcləmələri sarıdan problemlər
yetərincədir. Artıq Azərbaycan
büdcəsinin asan gəlir əldə etmə mərhələsi
arxada qaldı və bundan sonra gəlirləri artırmaqdan
ötrü ciddi əsaslandırılmış sistemli tədbirlərə
ehtiyac olacaqdır.
Prioritet
yeniliklər
Azərbaycan iqtisadiyyatı artıq iqtisadi artım templərinin
əsas təkanverici amillərinin, yəni neft
hasilatının və onun dünya bazarında qiymətinin
artması kimi iki əsas təkanverici amilin zəiflədiyi mərhələyə
daxil olub.
Büdcə zərfində hökumətin təqdim etdiyi orta
müddətli büdcə proqnozlarından da
görünür ki, Neft Fonduna 2014-cü ildə 11,6 milyard
manat vəsait gözlənilirsə, 2015-ci ildə bu vəsait
proqnozlara görə 2 milyard manat azalacaq, 2016-cı ildə isə
daha da azalmaqla 8,8 milyard manata qədər düşəcək.
Ona görə də 2010-cu ildən sonra Azərbaycanın
qarşısında mühüm bir sual durur: ölkədə
neft hasilatının aşağı düşdüyü və
xammalın qiyməti kimi təkanverici faktorların zəifləməsi
şəraitində iqtisadi artım tempini necə yüksəltməli
və büdcə gəlirlərini necə artırmalı?
Hökumət bunu neftdənkənar
sahələrin inkişaf templərini yüksəltmək
hesabına edir və müəyyən dərəcədə
məqsədinə nail olur. Gələn il
Azərbaycanda iqtisadi artım neftdənkənar sahələrin
10 faiz artımı hesabına təmin ediləcək. İqtisadiyyatımızın 2014-2017-cı illərdə
real artımı əsasən sərmayələrin, eləcə
də infrastruktur layihələrinə artımı və əhalinin
istehlakının artması hesabına təmin edilməsi nəzərdə
tutulur. Bunu müsbət qiymətləndirməklə
yanaşı, həm də burada çox incə bir problemin
varlığına da diqqət yetirmək lazımdır:
infrastruktur layihələri vacibdir, amma ifrata varıldıqda
iqtisadi inkişafın maliyyə təminatına ziyan vurur. İkincisi, əhalinin tələbatını daha
çox yerli istehsal, yoxsa xaricdən gətirilən mallar
hesabına qarşılayırıq?
Hadisələrin
bu sahələrdə indiki ssenari ilə bir neçə il də
davam etməsinin fəsadlarının artacağını
göz önünə gətirməklə, vəziyyətin
mürəkkəbləşməsinin indidən
qarşısını almaqdan ötrü neftdənkənar
sahələrin 10 faizlik artımının strukturunda
istehsalın, xüsusən də regionlarda istehsalın həcminin
artması təmin olunmalıdır. Çünki
əvvəla, istehlakın artımını xarici mallarla
yanaşı, həm də yerli istehsalı inkişaf etdirməklə
qarşılamaq strategiyasına keçilməlidir.
İkincisi, ölkə əhalisinin ildə orta hesabla 1,3-1,4
faiz artımı şəraitində ÜDM-in 5 faiz
artımı inkişafdan daha çox qeyd etdiyimiz sürətlə
artan əhalinin tələbatının qarşılanması
üçün yetərlidir. Bu baxımdan yanaşdıqda 5
faizlik iqtisadi artım yaxşı göstərici olsa da,
hökumətin qarşıdakı 10 ildə ÜDM-i 2 dəfə
artırmaq istəyinin gerçəkləşməsindən
ötrü orta illik artım sürətinin 5 faiz yox, azı 8
faiz olması vacibdir. Ona görə də digər
təkanverici amillərlə yanaşı, büdcə iqtisadi
artımla bərabər həm də iqtisadi inkişafı təmin
etməlidir.
Təkliflər
Büdcə
gəlirlərinin artırılmasının əlavə mənbələrin
tapılması və xərcləmələrin səmərəliliyinin
artırılmasından ötrü aşağıdakı tədbirlərin
sistemli şəkildə həyata keçirilməsini zəruri
hesab edirik:
Neft hasilatı pik nöqtəsinə
çatdığından, neft gəlirlərindən səmərəli
istifadə əsasında daha səmərəli iqtisadiyyata -
insan amilinin üstün inkişafına əsaslanan
innovasiyalı inkişaf modelinə keçilməsini zəruri
hesab edirik. İnnovasiyalı inkişaf modelinə keçməkdən
ötrü neft gəlirlərindən insan
inkişafının sürətləndirilməsi istiqamətində
səmərəli istifadə olunmasının işlək
mexanizmi hazırlanıb həyata keçirilməlidir. Bundan ötrü bütövlükdə Azərbaycan
iqtisadiyyatında islahatların dərinləşdirilmiş
variantı başlamalıdır. İqtisadiyyatın
şaxələndirilməsi və səmərəliliyinin
artırılması işi sürətləndirilməli,
hökumət iqtisadiyyatdakı müsbət meyllərə təkanverici
amillərdən daha səmərəli istifadə etməli, mənfi
meyllərin qarşısını almaqdan ötrü
çevik hərəkət üsullarından geniş istifadə
etməyə başlamalıdır.
2014-cü
ildə vergi və gömrük rüsumlarından və digər
mənbələrdən daxilolmalar (9 milyard manat) cari xərcləri
(10,9 milyard manat) örtməyəcəkdir.
Digər tərəfdən isə Neft Fondundan
transferlər azaldılır. Neft Fondundan
büdcəyə transferlərin azaldılmasının davam
etdirilməsi şəraitində büdcə gəlirlərinin
artırılmasının əlavə mənbələrinin
tapılmasına ehtiyac vardır. Bu istiqamətdə
mövcud olan yetərincə böyük potensialdan istifadənin
dairəsinin və səmərəliliyinin yüksəldilməsini,
iqtisadi aktivliyin artırılmasını, daha çox əlavə
dəyər yaradan sahələrin, eləcə də xalq
istehlakı malları istehsalının üstün
artımının təmin edilməsi, kölgə
iqtisadiyyatının mümkün hissələrinin vergiyə
cəlb edilməsi üsullarının tapılması və
sair istiqamətdə tədbirlərin görülməsini zəruri
hesab edirik. Eyni zamanda iqtisadi fəallığın
artırılması üçün iqtisadiyyatın
liberallaşdırılması işinin sürətləndirilməsi,
cəmiyyətin daha bacarıqlı və fəal hissəsinin
öz potensialını hərtərəfli
reallaşdırılmasına əlverişli şərait
yaradılması, perspektivli sahələrə dövlət dəstəyinin
gücləndirilməsi, korrupsiya və
inhisarçılığa qarşı mübarizənin
coğrafiyasının genişləndirilməsi, dərinləşdirilməsi
və bu işlərə sistemli xarakter verilməsi, sağlam
rəqabət mühitinin yaradılması, vergi
bazasının və dairəsinin genişləndirilməsi,
habelə şəffaflığın artırılması
üçün kompleks tədbirlər həyata keçirilməlidir.
Həm də şirkətlər daha şəffaf
vergi ödəmə rejimində
çalışmalıdırlar. Sadaladığımız
həmin mənbələri işə salmaqla büdcəyə
milyard manatlarla əlavə vəsait cəlb etmək olar.
Büdcə gəlirlərinin azalmağa başladığı
və asan gəlir əldə etmək imkanlarının məhdudlaşmağa
başladığı mərhələnin məntiqinə
obyektiv yanaşsaq, büdcə gəlirlərinin
artırılmasının yeni mənbələrinin
tapılmasına ən çox marağlı olan qurum məhz
Maliyyə Nazirliyidir. Belə vəziyyətdə Maliyyə
Nazirliyinin fəaliyyətini gücləndirməkdən
ötrü onun Əsasnaməsinə yenidən
baxılmasını və nazirliyin səlahiyyətlərinin,
xüsusən də maliyyə nəzarəti sahəsində
real səlahiyyətlərinin artırılmasının
işlək mexanizminin yaradılmasını zəruri edir.
Bununla yanaşı büdcə xərclərinin
əsaslandırılmasından ötrü büdcə vəsaitindən
istifadənin səmrəliliyi yüksəldilməli, maliyyə
intizamı gücləndirilməli, şəffaflıq və
ünvanlılıq artırılmalıdır. Üstəlik dövlət maliyyə nəzarətinin
etibarlılığı da artırılmalı, dairəsi
genişləndirilməli və beynəlxalq səviyyədə
sınaqdan çıxan ən yaxşı nümunələr
səviyyəsinə çatdırılmalıdır. Maliyyə Nazirliyi ilə Hesablama Palatasının fəaliyyətinin
koordinasiyasının səmərəliliyi yüksəldilməli
və maliyyə-büdcə sferasında qanunvericiliyin
pozulması minimuma endirilməlidir.
2014-cü
ildə Azərbaycanın şəhər və
rayonlarının məcmu gəliri 7,1
milyard manat olacaqdır. Onun 6,5 milyard
manatı və ya 92 faizi Bakının payına
düşür. Şəhər və
rayonların yerli gəlirləri 780 milyon manat təşkil
edir ki, bu da regionlarımızın potensialı fonunda
çox kiçik rəqəmdir. Ona
görə də 1 milyard 629 milyon manatlıq yerli xərclər
fonunda yerli gəlir və xərcləri tənzimləməkdən
ötrü dövlət büdcəsindən 847 milyon manat əlavə
vəsait ayrılacaqdır.
Gələn il Azərbaycanda
regionların inkişafına dair 3-cü Dövlət
Proqramı qəbul olunacaqdır. Həmin
proqramın maliyyə təminatı 2014-cü ilin büdcəsindən
başlayaraq gücləndirilməlidir. Rusiyada azərbaycanlılara
qarşı törədilən zorakılıqlar bir daha diktə
edir ki, regionlarda sosial-iqtisadi inkişafı sürətləndirməkdən
ötrü digər şərtlərlə yanaşı, həm
də dövlət investisiya proqramımız və dövlət
büdcəsinin xərclərinin strukturu təkmilləşdirilməli,
regionlarda çoxsaylı yüksək maaşlı iş yerləri
açılmalıdır.Əgər təklif etdiyimiz istiqamətdə
hökumət real addımlar atsa, onda kənddə yaşayan gənc
iş tapmayıb Bakıya gəlməz, burda da iş tapmayanda
xaricə getməyə məcbur olmaz, əksinə öz kəndində
işləyib, regionların inkişafına oz töhfəsini
verər, qazancından verdiyi vergi də Rusiya büdcəsinə
getmək əvəzinə Azərbaycan büdcəsinə gələr.
Əgər kommunal sahədə tariflərə yenidən
baxılsa, bunun əhalinin aztəminatlı hissəsinə mənfi
təsirini azaltmaq məqsədə müvafiq sosial müdafiə
tədbirləri görülməlidir.
Azərbaycanda qazlaşdırma sahəsində böyük işlər görülür. Amma nədənsə bir sıra rayonlarda, o cümlədən Şəki kəndlərində qazlaşdırılma işi çox ləng gedir və qrafikdən xeyli geri qalır. Belə regionlarda qazlaşdırılmanın sürətləndirilməsini təklif edirik.
Büdcədən sosial ipotekaya 40 milyon manat ayrılıb. Bu məbləğin
artırılmasını, ipotekanın region əhalisinə də
şamil edilməsini və ipoteka şərtlərinin
yumşaldılmasını təklif edirik. Amma onu da
bilirik ki, əhalinin aztəminatlı təbəqəsinin mənzillə
təminatını yaxşılaşdırmaqdan ötrü
təkcə ipoteka mexanizmi yetərli deyil. Ona görə
də "xalq evləri"nin tikilməsinə
geniş vüsət verilməsini təklif edirik. İmkansız və gənc ailələr
üçün belə mənzillər tikilsin və ailə
ayda 50-100 manat ödəməklə həmin evlərdə məskunlaşsın
və sonda mənzil həmin ailəyə qalsın. Bu üsulla əhalinin aztəminatlı təbəqəsinin
mənzil probleminin həllini xeyli sürətləndirmək
olar və həm də belə insanların öz
potensialından hərtərəfli istifadə edərək cəmiyyətə
xidmətinin artmasına şərait yaratmış olarıq.
Bu tədbirlərin sistemli şəkildə həyata
keçirilməsi büdcə gəlirlərinin
artırılmasının əlavə mənbələrin
tapılması və xərclərin səmərəliliyinin
artırılması, eləcə də büdcənin iqtisadi
artımla yanaşı iqtisadi inkişafı təminatçısına
çevrilməsi baxımından mühüm rol oynaya bilər.
Əli MƏSİMLİ,
Milli Məclisin deputatı,
İqtisadi və Sosial
İnnovasiyalar İnstitutunun rəhbəri
Azərbaycan.-2013.- 14 noyabr.- S.7.