Parisdə dahi Azərbaycan
şairi Nizami Gəncəvinin
həyat və
yaradıcılığına
həsr olunan sərgi təşkil edilib
Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 12-də Parisdəki Məktublar və Əlyazmalar Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərgi təşkil edilmişdir.
Muzeyin təsisçisi və prezidenti Jerar Leritiye görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən sərginin onun rəhbərlik etdiyi muzeydə təşkil olunmasından böyük məmnunluq hissi keçirdiyini bəyan etmişdir.
Muzeyin səlahiyyətli nümayəndəsi Paskal Fülaşe Nizami Gəncəvi kimi dahi şairin Fransada az tanınmasından təəssüf hissi keçirdiyini bildirmiş, şairin 20 mindən artıq şeirinin toplandığı "Divan"ının Şərq ölkələrində yaxşı tanındığını xatırlatmış, əsərlərində sosial problemlərdən söhbət açıldığını, məhəbbət və gözəlliyin tərənnüm edildiyini vurğulamışdır.
Şairin beş poemasının toplandığı "Xəmsə"nin dünya ədəbiyyatında "Beş xəzinə" adı altında tanındığını, Nizami Gəncəvi tərəfindən yaradılan ədəbi məktəbin hind, fars, türk, özbək, əfqan və digər türkdilli xalqların ədəbiyyatına ciddi təsir etdiyini diqqətə çatdıran P.Fülaşe dahi söz ustasının əlyazmalarının dünyanın nüfuzlu muzey və kitabxanalarında, o cümlədən İstanbul, Tehran, Qahirə, Sankt-Peterburq, London, Paris və Berlinin kitabxana və muzeylərində qorunub saxlandığını bildirmişdir.
Paskal Fülaşe muzeydə təşkil olunan sərginin humanist filosof və şair Nizami Gəncəvinin Fransada tanınmasında, habelə Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasında mühüm rol oynayacağına əminliyini qeyd etmişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxışında Şərq intibahının, bəşəriyyətin parlaq simalarından biri olan Azərbaycanın dahi filosofu və böyük şairi Nizami Gəncəvinin ədəbi sahədə misilsiz irs qoyduğunu, səkkiz əsr əvvəl yaşamasına baxmayaraq onun ideyalarının bu günlər belə öz aktuallığını itirmədiyini diqqətə çatdırmışdır.
Şairin vaxtilə əsərlərində əks etdirdiyi azadlıq, bərabərlik və qardaşlıq, habelə dünyəvilik, qadınlar və kişilər arasında bərabərlik ideyalarının hətta uzun əsrlər keçməsinə baxmayaraq müasir dövrün mühüm hadisələrinin əsasını təşkil etdiyini vurğulayan səfir Nizami Gəncəvinin xatirəsinin və irsinin bu gün ölkəmizdə yüksək qiymətləndirildiyini, doğulduğu doğma şəhəri Gəncədə mavzoleyinin yaradıldığını, Bakıda şairin adını daşıyan muzeyin fəaliyyət göstərdiyini, onun həyatından və yaradıcılığından bəhs edən "Nizami" filminin çəkildiyini, N.Gəncəvinin anadan olmasının 870 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən sərəncam imzalandığını, əsərlərinin müxtəlif dillərə tərcümə edilməsində Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolunu diqqətə çatdırmışdır.
E.Əmirbəyov şairin anadan olmasının 850 illiyi münasibətilə UNESCO tərəfindən 1991-ci ilin "Nizami Gəncəvi ili" elan olunduğunu, 2012-ci ildə Romada şairə büst qoyulduğunu bildirmiş və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görkəmli söz ustadının 870 illiyi ilə əlaqədar Fransada keçiriləcək silsilə tədbirlər haqda məlumat vermişdir.
Sonda səfir şairin vətəni Gəncənin qədim və müasir həyatından bəhs edən fotolarla bərabər sərgidə nümayiş etdirilən xalçaların, bəzək əşyalarının, geyimlərin Nizami Gəncəvi vaxtında hakimiyyətdə olan Atabəylər və Şirvanşahlar dövrünü əks etdirdiyini bildirmişdir.
Mərasimdə senator Pyer Bordie Azərbaycana iki dəfə səfər etdiyini, birinci səfəri zamanı yalnız Bakıda olduğunu, ikinci dəfə isə Bakı ilə yanaşı, ölkənin ikinci böyük şəhəri Gəncədə də olduğunu xatırlatmış, Gəncənin tarixiliyinin və qədimliyinin onda böyük təəssürat yaratdığını, Nizami Gəncəvinin mavzoleyinə baş çəkdiyini bildirmişdir. Senator Azərbaycanda olduğu müddətdə hamının Nizami Gəncəvidən danışdığını, ölkəsində şair və filosof, həm də milli qəhrəman kimi xatırlandığını qeyd etmiş, hətta Gəncədə keçirilən şərab festivalında belə böyük ideallar tərənnümçüsünün həyat və yaradıcılığından söhbət getdiyinin şahidi olduğunu vurğulamışdır.
Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun müəllimi Aygün Eyyubova Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixini zənginləşdirən yaradıcılığının əsas məziyyətlərindən bəhs edərkən şairin poemalarında şəxsiyyətə hörmətin, xeyirin şər üzərində qələbəsinin, saf hisslərin və təmiz məhəbbətin əks olunduğunu, əsərlərinin əsas mövzusunun Şərq aləmindəki rəvayət və hadisələrdən alındığını bildirmişdir.
Sərgidə şairin anadan olduğu Gəncə şəhərinin qədim və müasir görünüşlərinin, müxtəlif yerlərdə qoyulan büst və heykəllərinin, mavzoleyinin, adını daşıyan elm və mədəniyyət ocaqlarının əks olunduğu fotolar, əsərlərindən ibarət illüstrasiyaların təsvir edildiyi xalçalar, şairin yaşadığı dövrə məxsus geyimlər, dulusçuluq və misgərlik nümunələri nümayiş etdirilmişdir.
Qonaqlara
Nizami Gəncəvinin həyat və
yaradıcılığından bəhs edən kitablar və
broşürlər paylanmışdır.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.- 14 noyabr.- S.8.