Qazax və Ağstafada
yeni arxeoloji
tapıntılar
Son illərdə respublikamızın iqtisadi imkanlarının genişlənməsi qədim tariximizin yadigarları olan arxeoloji abidələrimizin tədqiqinə və təbliğinə geniş imkanlar açıb. Başqa sözlə, yaradılan əlverişli şərait nəticəsində ölkəmizin tarixi keçmişinə diqqət xeyli artmış, bu da arxeoloji abidələrin tədqiqinə yeni stimul vermişdir. Azərbaycan tarixinə və arxeologiyasına göstərilən həssas qayğı sayəsində bu sahədə xeyli yeni faktlar toplanmışdır. Azərbaycan tarixinin öyrənilməsində, qədim mədəniyyətə malik xalqımızın həm də nadir sayılan arxeoloji abidələri yaradıb-yaşatmasında və sair bu kimi faktorların araşdırılmasında qazıntılar üzə çıxan zaman tapıntıların qiyməti ölçüyəgəlməzdir. Abidələrimizin təbliği sahəsində də mühüm işlər görülmüşdür. Bəzi arxeoloji-tarixi abidələrimiz turizm marşrutlarına cəlb edilir və bu sahədə xeyli irəliləyişlər olmuşdur.
Qazax rayonu respublikamızın qərb qapısı hesab edilir. Bu bölgədə 2009-cu ildən başlayaraq arxeoloji tədqiqatlara geniş imkan yaradılmışdır. Başqa sözlə, ölkədə arxeoloji tədqiqatların cəmləşdiyi əsas elmi mərkəz olan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu bir çox sərhəd bölgələrində olduğu kimi, Qazax və Ağstafa rayonları ərazisində də elmi ekspedisiyanın fəaliyyətini bərpa edərək bölgədə irimiqyaslı tədqiqatlar həyata keçirir. Arxeoloji ekspedisiya Qazax rayonunun Neolit və Tunc dövrü abidələrini, yaşayış yerlərinin yerləşmə xüsusiyyətlərini və abidələrin coğrafi arealını, əhali məskunlaşmasını tədqiq edir, əldə olunan maddi mədəniyyət qalıqları əsasında ərazidə yaşamış qədim sakinlərin təsərrüfat həyatını və məşğuliyyətini öyrənir, qədim dövlətçilik tarixini araşdırır.
Bu il Qazax arxeoloji ekspedisiyası rayonunun Çaylı kəndi ərazisindəki Sarvantəpə yaşayış yerində arxeoloji qazıntılar aparmışdır.
Qazıntılar zamanı Sarvantəpə yaşayış yerindən son Tunc-ilk Dəmir dövrünün inkişaf etmiş və son mərhələlərini özündə ehtiva edən (e.ə. XIII-IX əsrlər) xarakterik maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Bu tapıntılar yaşayış evləri və təsərrüfat məqsədli tikililərin qalıqlarından, təsərrüfat quyuları, ocaq qurğuları, daş və keramika nümunələri, metaldan və sümükdən hazırlanmış müxtəlif məzmunlu və təyinatlı artefaktlardan ibarətdir. Əsas tikinti materialı kimi möhrə və kiçikhəcmli çay daşlarından istifadə olunmuşdur. Bəzi yerlərdə divarın üzərinə suvanmış saman qarışıqlı palçığın izləri qalmışdır. Evlərin döşəmə hissəsində saman qatışıqlı çoxlu suvaq qalığı üzə çıxmışdır. Suvanmış divar qalıqlarının bəzi yerlərdə qızarması və his bağlaması bu hissədə ocaq qalanmasından və suvağın güclü yanğına məruz qalmasından xəbər verir.
Ocaq qurğularının əksəriyyəti yarımdairəvi formadadır. Belə ocaq qurğuları yerdə qazılmış dairəvi çala formasındadır. Çalanın içərisi kül qatı ilə tamamilə dolmuşdur. Qazıntılar zamanı təsərrüfat quyuları da aşkar edilmişdir. Onlar mədəni təbəqə yatımında qazılmışdır, yəni heç biri xam torpaqda qazılmamışdır. Təsərrüfat quyularının hər ikisi çay daşlarından hazırlanmış, iti ağızlı, toxa şəkilli alətlərlə qazılmışdır. Təsərrüfat quyularının divarları qazıldıqdan sonra azca hamarlanmışdır. Quyuların içərisi yaşayış yerində baş vermiş dağıntı və yanğın nəticəsində möhrə, çay daşları, kül, torpaq və müxtəlif ev avadanlığı qırıqları ilə dolmuşdur.
Arxeoloji qazıntı işləri zamanı əldə edilən artefaktların əksəriyyəti əsasən boz, qırmızı, qara və tək-tük sarımtılrəngli, keyfiyyətli gildən formalaşdırılaraq dulus çarxında hazırlanmış xeyrə, küpə, çölmək, kuzə, cam, kasatipli qablardan ibarətdir. İri təsərrüfat küpü, qazan, sini, fincan, çölmək, sac və təknəvari qablar da dulus çarxında hazırlanmışdır.
Sarvantəpə yaşayış yerinin gil qabları batıq, sınıq, qabarıq xətlər, şaquli paralel qabarıq xətlər arasında alt-alta yapışdırılmış gil düyməciklərlə, küpənin boğaz hissəsinə şaquli şüyrəli zolaqlar və s. naxış nümunələri ilə bəzədilmişdir. Daş məmulatına dən daşları, sürtgəclər, bülöv daşları, dəstəklər, daş ərsinlər, daş toxalar aiddir. Sarvantəpə yaşayış yerindən tapılan daş alətlər Gəncə-Qazax bölgəsinin qədim sakinlərinin əkinçilik mədəniyyətini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, Sarvantəpə yaşayış yerindən gil möhürlər, sümükdən hazırlanmış əyircəklər, sümük bizin qalığı, oval formalı qəhvəyi, qara və bozrəngli daş asmalar tapılmışdır.
Sarvantəpə yaşayış yerində bu il aparılan arxeoloji tədqiqatlar zamanı tapılmış xeyli maraqlı artefaktlar abidənin dövrü, xüsusiyyətləri, qədim sakinlərin təsərrüfat həyatı və məişətini əks etdirən məlumatların ümumiləşdirilməsinə kömək edir. Abidənin ərazisində gələcəkdə də aparılacaq arxeoloji tədqiqatlar burada son Tunc-ilk Dəmir dövründə yaşayışın intensivliyi haqqında daha dolğun məlumat bazasının yaranmasına yardımçı olacaqdır.
Bu il Qazax arxeoloji ekspedisiyasının ikinci böyük tədqiqat sahəsi Ağstafa rayonu ərazisindəki Yastıtəpə yaşayış yeridir. Burada mədəni təbəqəni materikə qədər izləmək mümkün olmuşdur. Yastıtəpə yaşayış yerində mədəni təbəqə yatımının qalınlığı 220-240 sm arasındadır. Bundan sonra yalnız yaşayış yerinin nə vaxtsa üzərində salındığı xam torpaq qatı gəlir.
Arxeoloji qazıntılar zamanı abidədən yaşayış evinin bünövrə hissəsinin qalıqları, təsərrüfat quyuları, ocaq kompleksi, təndir qalığı, xeyli sayda daş alətlər və gil qabların müxtəlif fraqmentləri aşkar edilmişdir.
Yaşayış evlərinin qalığı formaca dairəvidir. Döşəməsinin xam torpaqdan olub, bir neçə dəfə saman qatılmış gillə suvanması aydın hiss edilir. Yaşayış evinin möhrə divarının qalığının şimal hissəsində çox mürəkkəb planda qurulmuş ocaq qurğusu aşkar edilmişdir. Burada ön hissədə gil badlardan quraşdırılmış ocaq, arxada isə çiy kərpicdən formalaşdırılmış tikinti qalığı yerləşirdi. Yaşayış yerindən aşkar edilmiş böyük ocaq qurğusu çiy kərpicdən tikilmiş yaşayış evinin möhrə divarlarının dibində, ya da evin orta hissəsində qurulmuşdur. Yaşayış üçün tikilmiş möhrə və palçığına kiçik çay daşı qarışdırılan evlərin hər ikisi yanğın nəticəsində dağılmışdır. Döşəmədə təxminən 8-10 santimetr kül qatının və kvadratın şimal divarında təxminən 10 santimetr qalınlığında kül və kömür qatının olması burada şiddətli yanğının baş verməsini sübut edir. Çox böyük ehtimalla evin üstünü örtmək üçün dirəklərdən istifadə olunmuşdur. Divar qalığının üzərində kiçikhəcmli dirək çalalarının yerləri vardır. Dirəklər yəqin ki, davamlı ağaclardan olurdu. Evlərin damı isə çox ehtimal ki, küləşlə və qamışla örtülmüşdür. Bu hal bölgənin qədim əhalisinin yaşayış evləri üçün xarakterikdir.
Yaşayış yerindən xeyli sayda dən daşları, sürtgəclər, həvəng, bülöv, sapand daşları, döyüm alətləri, kəsicilər, obsidiandan hazırlanmış ox ucluğu, qısa dəstəyi olan daş alətlər, ərsini xatırladan bozrəngli çay daşından hazırlanmış alətlər, uzunsov və oval formalı sürtgəclər, çaxmaq daşından hazırlanmış kəsici alətin qırığı, daşdan hazırlanmış balta tapılıb.
Tapılan xeyrə, sərnic, küp, küpə, qazan, çölmək, tava, manqal, dopu, kuzə, parçtipli gil qablar və onların fraqmentlərinin böyük əksəriyyəti dulus çarxında hazırlanıb sabit temperatur rejimində bişirilmişdir. Üzəriləri şüyrələmə, cızma və çərtmə üsulu ilə əsasən həndəsi motivlərlə naxışlanmışdır. Bundan başqa dairəvi yonulmuş keramika, təkər modeli də aşkar olunmuşdur.
Yastıtəpə yaşayış yeri son Tunc-ilk Dəmir dövrünün inkişaf etmiş və son mərhələsinə (e.ə. XII-XI və e.ə. X-IX) aiddir. Ümumiyyətlə, bu il aparılan arxeoloji qazıntılar, Yastıtəpə yaşayış yerinin də son Tunc-ilk Dəmir dövrü sakinlərinin həyat tərzi və təsərrüfat fəaliyyəti barədə tutarlı məlumatların toplanmasına imkan vermişdir.
Şamil NƏCƏFOV,
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun baş
elmi
işçisi, tarix üzrə fəlsəfə doktoru
Azərbaycan.-2013.- 14 noyabr.- S.11.