Səyyar sərgi

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Köçərli adına respublika Uşaq Kitabxanası üç ildir ki, regionlarda "Kitab karvanı" adlı səyyar sərgilər təşkil edir. Bu tədbiri keçirməkdə məqsəd respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən kitabxanalarda uşaq ədəbiyyatına olan meyili yüksəltmək, kiçik yaşlı oxucularda mütaliəyə marağı artırmaqdır.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş növbəti səyyar sərgi "Uşaq kitab karvanı - Şirvan yolunda" adlanır. Noyabrın əvvəlində Şirvan şəhərində bu tədbirə start verilib. Mərasimdə uşaq şairləri, ədibləri iştirak edirlər. Sərgi müddətində son illərdə çapdan çıxmış uşaq ədəbiyyatı nümunələri də balacalara təqdim olunub.

Şirvan şəhər Uşaq Musiqi Məktəbi yetirmələrinin rəqs qrupunun ifaları da sərgiyə gələnlərə xoş ovqat bağışlayıb. Tədbirdə balacalar arasında viktorina keçirilib, qaliblər mükafatlandırılıb. Səyyar sərgi Hacıqabul, Saatlı, Beyləqan və İmişli rayonlarını da əhatə edib. Rayon və kənd kitabxanalarında, onların filiallarında latın qrafikası ilə uşaq ədəbiyyatının azlığı nəzərə alınmaqla belə səyyar tədbirlərin təşkil edilməsi olduqca əhəmiyyətlidir.

 

Azərbaycan.-2013.- 14 noyabr.- S.9.