Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin

 olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genci Muçayın etimadnaməsini qəbul etmişdir.

Səfir Genci Muçay fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Genci Muçay etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Genci Muçay Albaniya Respublikasının Prezidenti Buyar NişanininBaş nazir Edi Ramanın salamlarını dövlət başçısına çatdırdı. O, əməkdaşlığımızın genişləndirilməsində xalqlarımız arasında mövcud olan yaxın əlaqələrin əhəmiyyətini qeyd etdi. Albaniyalı diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsini məmnunluqla vurğuladı.               

Dövlət başçısı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi. Ölkəmizin Albaniya ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyən Prezident İlham Əliyev regional əhəmiyyətli birgə enerji layihəsinin önəmini qeyd etdi. Dövlət başçısı iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu vurğuladı.

Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Buyar Nişaninin və Baş nazir Edi Ramanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Albaniyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 15 noyabr.- S.1.