Milli Məclis 2014-cü ilin dövlət büdcəsi zərfinə
daxil olan sənədlərin
müzakirəsini başa vurdu
Dünən Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib.
Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, iki gün davam edən müzakirələrdə 43 deputat çıxış edib. İclasda yenə də müzakirələr davam etdiriləcək və dövlət strukturlarının rəhbərləri deputatları maraqlandıran məsələlərə aydınlıq gətirəcəklər.
2014-cü ilin dövlət büdcəsi ümumi mənada investisiya tutumludur, sosialyönümlüdür
Müzakirələr zamanı çıxış edən deputatlar Sabir Rüstəmxanlı, Fuad Muradov, Eldar Quliyev, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Muxtar Babayev, Sahib Alıyev, İlyas İsmayılov qeyd ediblər ki, 2014-cü ilin dövlət büdcəsi ümumi mənada investisiya tutumludur, sosialyönümlüdür və dayanıqlı sosial-iqtisadi inkişafa zəmin yaradır. 2014-cü ilin büdcə layihəsinin əsas konseptual məzmunu respublikamızın sosial-iqtisadi inkişaf göstəricilərini və ümumi daxili məhsulun artım dinamikasının davamlılığını, ölkəmizin maliyyə sabitliyi və artım tempi ilə irəlilədiyini şərtləndirir. 2014-cü ilin iqtisadi ssenariləri ilə yanaşı, mövcud maliyyə resursları və dövlət büdcəsi bütün sosial və iqtisadi hədəflərə çatmağa imkan verir. Qeyd edilib ki, 2014-cü ilin dövlət büdcəsi iqtisadiyyatın sosial məzmununu və investisiyayönümlülüyünü əhatə etməklə sosial-iqtisadi inkişaf, yüksək rifah, ölkəmizin müdafiə qabiliyyətinin artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi və digər planlar üçün mühüm maliyyə bazası yaradacaq.
Uşaq bağçalarının yenidən qurulması və mənzil təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramlarına ehtiyac var
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə çıxışında qeyd edib ki, büdcə zərfinə daxil olan məsələlərlə bağlı deputat həmkarlarının çıxışları bir daha göstərir ki, dövlət həqiqi mənada neftdən gələn gəlirləri insan kapitalına çevirir. Azərbaycanda dövlət başçısının regionların sosial-iqtisadi inkişafına dair təsdiqlədiyi proqramlar həyata keçirilir və bu da öz müsbət nəticəsini verməkdədir. Sevindirici haldır ki, Azərbaycanın 5 bölgəsi gələn il üçün dövlət büdcəsindən ayrılan dotasiyadan imtina edib. Bölgələrin inkişafı onu göstərir ki, gələcək illərdə bir çox bölgələr dotasiyadan imtina edəcək. Deputatın sözlərinə görə, ölkədə uşaq bağçalarının yenidən qurulması və gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramlarının hazırlanmasına ehtiyac var.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə qeyd edib ki, 2014-cü ilin dövlət büdcəsi həm sosial, həm də iqtisadi yönümlüdür. Komitə sədri hesab edir ki, təhsil və elmə ayrılan vəsait həmin sahələrin inkişafı üçün yetərlidir: "Söhbət o vəsaitin düzgün istifadə edilməsindən gedir. Bu gün təhsil sistemində ciddi islahatlar həyata keçirilir. Bu islahatlar başa çatdıqdan sonra müəllimlərin əməkhaqqının artımından danışmaq olar. Amma hələ ki bundan danışmaq tezdir. "Elm siyasəti haqqında" qanun layihəsi hazırdır və yaxın günlərdə müzakirəyə çıxarılacaq. Qanunvericilik olmadan elm sahəsində islahatlar nəticə verməyəcək. Orada ciddi dəyişiklik aparmaq üçün təkmil qanunvericilik bazası yaradılmalıdır. Bu qanun qəbul edildikdən sonra elm sahəsində ciddi işlər aparılacaq".
Deputat İsa Həbibbəyli Milli Məclisə təqdim olunan büdcə layihəsinin yüksək səviyyədə hazırlandığını qeyd edərək sənədin elmi əsaslar üzərində formalaşdığını bildirdi. Onun fikrincə, layihəni Azərbaycan iqtisadiyyatının indiki inkişaf mərhələsində bütün prosesləri, yönləri əks etdirən elmi bir sənəd kimi də qəbul etmək mümkündür. Elmə ayrılan vəsaitin keçən ilə nisbətən artırıldığını söyləyən deputat vurğulayıb ki, AMEA-da geniş islahatlar aparılır və quruculuq prosesləri gedir. Ona görə də hazırkı mərhələdə ayrılan vəsait kifayət edir. Ancaq gələcəkdə bu məsələyə baxılarkən vəsaitin bir qədər də artırılması daha məqsədəuyğundur.
Azərbaycanda kommunal xidmətlərin tarifləri qalxmayacaq
Müzakirələrdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov bildirib ki, artıq 54 deputatın çıxış və təklifləri dinlənilib və bu səbəbdən də dövlət strukturlarının rəhbərləri qaldırılan təkliflərə münasibət bildirməlidirlər.
Çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycanda iqtisadi inkişafın hazırda əsas hədəfi iqtisadiyyatın şaxələndirilməsini daha da genişləndirməkdir. Hədəflər isə qeyri- neft sektoru ilə bağlıdır. Bu dövrədək iqtisadiyyatımız 3 dəfədən çox artıb və məqsəd qarşıdakı 10 ildə ölkə iqtisadiyyatını 2 dəfə artırmaqdır. Keyfiyyətli insan kapitalının yaradılması qeyri-neft sektorunun inkişafına təsir edən amillərdəndir. Bu sahədə də ciddi işlər aparılır. Qeyri-neft sektorunun inkişafı üçün dövlət tərəfindən genişmiqyaslı infrastruktur şərait yaradılır. Onun sözlərinə görə, özəl sahənin inkişafı üçün biznes mühiti vacibdir. Son 10 ildə Azərbaycanın qeyri-neft sahəsində ixrac potensialı gücləndirilib. 2003-cü ildə 1218 adda məhsul ixrac edilirdisə, cari ildə 2273 adda məhsul ixrac edilib. Son 10 illik dövrdə qeyri-neft sahəsində kənd təsərrütı və emalı məhsullarının ixracı 9,4 dəfə, sənaye məhsullarının ixracı isə 4,8 dəfə artıb. Nazir müavini onu da qeyd edib ki, yeyinti məhsullarının idxalında mühüm ərzaq məhsulları üzrə ciddi azalma müşahidə edilir. Regionlarda bu illər ərzində 443 min yeni iş yerləri açılıb ki, bunların da 336 mini daimi olub. II regional proqram çərçivəsində 25 mindən çox yeni müəssisələr fəaliyyətə başlayıb. Builki proqrama görə isə bu müəssisələrin sayı 50 mindən çox olub. O, həmçinin bildirib ki, Azərbaycanda kommunal xidmətlərin tarifləri qalxmayacaq. Onun sözlərinə görə, bununla bağlı Tarif Şurasına hər hansı bir müraciət daxil olmayıb.
Gələn ildən kişilər 63, qadınlar isə 59 yaş yarımda pensiyaya çıxacaqlar
"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında" qanun layihəsi barədə öncə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Komitə sədri deyib ki, 1 milyon 300 min insanın vəziyyətinin yaxşılaşmasına xidmət edən və həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb. Bu artım iqtisadiyyatda çalışan işçilərin əmək müqaviləsinin bağlanması hesabına baş verib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyev çıxışında bildirib ki, fondun 2014-cü il büdcəsinin layihəsinin tərtibi zamanı real iqtisadiyyatın növbəti ildəki inkişaf meyilləri və əsas makroiqtisadi göstəricilərin proqnozları, qurumun cari il büdcəsinin indiyədək icrasının nəticələri, 2014-cü ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meyilləri və s. nəzərə alınıb. 2014-cü ildə DSMF-nin gəlirləri 2 milyard 928 milyon manat proqnozlaşdırılır. Bu da ötən ilin proqnoz göstəriciləri ilə müqayisədə 11,2 faiz və ya 295,8 milyon manat çoxdur. Onun sözlərinə görə, gəlirlərin 60,8 faizini və ya 1 milyard 784 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcəkdir ki, bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9 faiz artım deməkdir. Fondun gələn il üçün xərcləri 2 milyard 928, 5 milyon manat proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 295, 8 milyon manat çoxdur.
Elman Mehdiyev bildirib ki, ölkədə pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü il tarixindən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım (59,5) olacaq. Pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı isə dəyişməyəcək. E.Mehdiyev deyib ki, pensiyaların baza hissəsinə 2014-cü ildə 1 milyard 518,5 milyon manat vəsait yönəldiləcək ki, bu da cari ildəkindən 160 milyon manat çoxdur. Qeyd edilən məbləğin 1 milyard 474,1 milyon manatı bilavasitə pensiyaların baza hissəsinin, 44,4 milyon manatı isə "Əmək pensiyaları haqqında" qanunun 19-cu maddəsi ilə müəyyənləşdirilmiş əlavələrin ödənişi üçün nəzərdə tutulur. Bu artımlardan sonra pensiyaların orta aylıq məbləği 10,8 faiz artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 186 manata, əlilliyə görə pensiya 132 manata, ailə başçısını itirməyə görə isə 131 manata çatacaqdır. Nəticədə Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaqdır.
Müzakirələr zamanı deputatlar Fazil Mustafa, Qənirə Paşayeva, Elmira Axundova, Qüdrət Həsənquliyev çıxış edərək özəl şirkətlərdə çalışan azərbaycanlı işçilərin durumundan narahat olduqlarını bildiriblər. Onların fikrincə, bununla bağlı ciddi tədbir görülməli və əmək müqavilələrinin bağlanması üçün sərt tələblər irəli sürülməlidir. Deputatlar həmçinin ünvanlı sosial yardım alan ailələrlə bağlı araşdırmaların aparılmasının vacibliyini söyləyiblər. Deputat Ceyhun Osmanlı isə bildirib ki, həkimlər və müəllimlər attestasiyadan keçdiyi kimi əlillik dərəcəsi ilə müavinət alan insanlar da hər il yoxlamadan keçirilməlidir. Deputatlar eyni zamanda vurğulayıblar ki, gənc və çoxuşaqlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün xüsusi proqramlar hazırlanmalıdır.
2014-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı müəyyənləşdi
Sonra iclasda "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirəyə çıxarılıb. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, gələn il üçün yaşayış minimumu 116 manatdan 125 manatadək, o cümlədən əhalinin əməkqabiliyyətli hissəsi üçün 125 manatdan 136 manatadək, uşaq və pensiyaçılar üçün müvafiq olaraq 93 manat və 94 manatdan 103 manatadək artırılması nəzərdə tutulub. Onun sözlərinə görə, "2014-cü il üçün ehtiyac meyarının səviyyəsi haqqında" qanun layihəsi ünvanlı sosial yardımın təyinatı üçün bu meyarın cari ildəki 93 manatdan 100 manatadək artırılmasını nəzərdə tutur: "Gələn il dövlət büdcəsinin sosialyönümlü xərcləri bu ilin proqnoz göstəriciləri ilə müqayisədə 5,9 faiz və ya 298,9 mln. manat artım, həmçinin 2012-ci ilin faktiki göstəriciləri ilə müqayisədə 12,6 faiz və 597,1 mln. manat artım ilə 5,337 mlrd. manat səviyyəsində proqnozlaşdırılır".
"Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında" qanun layihəsi barədə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev məlumat verib. Bildirib ki, 2014-cü il üçün xərclər smetası ilə bağlı parlament və onun aparatının saxlanması üçün 19 milyon 102 min 998 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının 66 faizini əməkhaqqı fondu və onunla bağlı xərclər təşkil edir. Rabitə xidmətlərinin ödənilməsi üçün 240 min manat, ezamiyyə üçün 1 mln. 478 min manat vəsait nəzərdə tutulub. 2014-cü il xərclər smetasında cari təmir üçün 50 min manat, avadanlıq alınması üzrə 100 min manat, digər alış və xidmətlər yarımmaddəsinə 80 min manat vəsaitin ayrılması nəzərdə tutulub.
Müzakirələr zamanı
çıxış edən Milli Məclis
Sədrinin müavini Bahar
Muradova bildirib ki, Milli Məclisin özünün balansında olan
ofislər olmalıdır. Onun fikrincə, hər bir deputat üçün
hər bir regionda ofis tikilə
bilər. Çünki deputatlar bu məsələdə bəzi
problemlərlə üzləşirlər.
2015-ci ildə Milli Məclisə seçiləcək yeni deputatların regionlarda işləməsi üçün
belə şərait yaradılması vacibdir.
Bahar Muradova eyni zamanda qeyd
edib ki, deputatlara xidmət edən sürücülərin
sosial hüquqları pozulur. Çünki heç bir
sosial ödəmələr
həyata keçirilmir
və bu, insanların gələcək
pensiya məsələsi,
sığortası üçün
əngəl yaradır.
Vitse-spiker deputat köməkçilərinin
qarşılaşdıqları problemlərdən də danışıb və Maliyyə Nazirliyinə müraciəti ünvanlayaraq
qarşıdakı illərdə
problemi həll etməyi rica edib.
Müzakirələrdə iştirak edən deputatlar Elmira Axundova, Fazil Mustafa, Qüdrət Həsənquliyev vitse-spikerlə
razılaşdıqlarını söyləyiblər. Qeyd ediblər ki,
yerlərdə ofislərin
olmaması onlara problemlər yaradır.
Deputatlar
seçiciləri ilə
Milli Məclisdə görüşmək məcburyyətində
qalırlar.
Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il
üçün xərclər
smetası haqqında"
qanun layihəsi ilə bağlı Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov məlumat verib. Bildirib ki, Hesablama Palatasının
2014-cü il üçün xərclər
smetası 3 milyon 634
min manat nəzərdə
tutulub. Bu isə cari ilin proqnozundan
ümumilikdə 2,3 faiz çoxdur.
Bununla da Milli Məclisdə gələn ilin dövlət büdcəsi
zərfinə daxil olan məsələlərin
müzakirəsi başa
çatıb. Milli Məclis Sədrinin
birinci müavini Ziyafət Əsgərov bildirib ki, bir
həftədən sonra
maliyyə naziri Samir Şərifov Milli Məclisdə qaldırılan bir çox məsələlərə
münasibət bildirəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 15 noyabr.- S.3.