Azərbaycan Türkiyənin ən böyük xarici sərmayəçilərindən olacaq

 

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun

 Türkiyənin nüfuzlu "Milliyyət" qəzetində məqaləsi dərc olunub

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Cümhuriyyətinə rəsmi səfəri qardaş ölkənin KİV-də də geniş diqqət mərkəzində olmuşdur. Keçirilən görüşlər, aparılan danışıqlar barədə həm televiziya, həm də mətbuat və internet portallarında müzakirələr aparılır, mütəxəssislər və təhlilçilər bu rəsmi səfərin nəticələrini şərh edirlər.

Türkiyənin ən nüfuzlu nəşrlərindən olan "Milliyyət" qəzeti səfərin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur ASLANOVUN "Azərbaycan və Türkiyə əlaqələrinin gələcəyi" sərlövhəli məqaləsini dərc etmişdir.

 

 

BU, TALE ORTAQLIĞIDIR

 

 

 

"Azərbaycan və Türkiyə əlaqələrinin dünyada bənzəri yoxdur. Bu, yalnız strateji müttəfiqlik kimi qəbul edilməməlidir, bundan çox daha üstün dost əlaqəsidir; ortaq dəyərlərə, tarixə, mədəniyyətə, dinə, dilə, coğrafiyaya əsaslanan qardaşlıqdır. Bir tale ortaqlığıdır. Türkiyənin inkişafı Azərbaycanın olduğu qədər, Azərbaycanın inkişafı da Türkiyənin inkişafı deməkdir. Biz azərbaycanlılar bunu məhz belə qəbul edirik" - bu fikirlərlə başlanan məqalədə  bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçkilərin ardından ilk rəsmi ziyarətini məhz Türkiyəyə etməsi ikitərəfli əlaqələrimizdə əldə olunmuş yaxınlıq səviyyəsini açıq göstərir.

Elnur Aslanov məqaləsində vurğulayır ki, ən çətin və böhranlı anlarda bu iki dövlət bir missiyayla hərəkət edərək ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi "bir millət - iki dövlət" olduqlarını dəfələrlə sübut etdilər. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözləri də bu qardaşlığın ən gözəl sübutudur.

 

 

 

QARABAĞ PROBLEMİ

 

 

Bu gün tam əminliklə ifadə edə bilərik ki tarixin bütün imtahanlarından müvəffəqiyyətlə çıxmış Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və ortaqlığı xalqlarımızın iradəsindən qaynaqlanır. Əlaqələrimizin təməli iki ölkə xalqlarının bir-birlərini qardaş bilmələrinə əsaslanır..

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov məqaləsində yazır ki,  Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ probleminin həllində Türkiyə hər vaxt özünə inamla və haqlı tərəfin Azərbaycan olduğunu müdafiə edərək Azərbaycanın yanında olmuş, onu beynəlxalq və regional təşkilatlarda daim dəstəkləmişdir. Bu minvalla, Türkiyənin Ermənistan ilə sərhədlərinin açılması müzakirələrində Qarabağın işğalına son verilməsinin əsas şərt olaraq müəyyənləşməsi Türkiyənin əsaslı və qərarlı siyasətinin göstəricisi olmuşdur. Bu, bizim tərəfdən də təqdirlə qarşılanmışdır.

 

 

 

ƏRAZİ BÜTÖVLÜYÜ

 

 

Prezident İlham Əliyev dəfələrlə və prinsipiallıqla bəyan etmişdir ki,  Azərbaycan dövləti heç bir şərt daxilində və heç bir zaman öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək. Bu istiqamətdəki əminliyimiz ədalətin bərqərar olacağına mütləq inancımıza və buna bağlılığımıza, həmçinin beynəlxalq hüquq normalarına olan etibarımıza əsaslanır. Elnur Aslanov məqaləsində qeyd edir ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğu artıq şübhə doğurmayan gerçəklikdir və ərazi bütövlüyü prinsipi bu münaqişəni həll edə biləcək yeganə və gerçək zəmindir.

 Azərbaycan indiyə qədər olduğu kimi bundan sonra da ədalət bərqərar olunana kimi Ermənistanın təcrid edilməsi siyasətinə davam edəcək, təzyiqlərini daha da artıracaqdır. Qarabağın qanunsuz işğal altında keçirdiyi hər bir gün əslində, həm də Ermənistanın itirdiyiöz xalqının gələcəyindən oğurladığı gündür. Bu işğal uzun müddət davam edə bilməz. Biz qətiyyətimizlə bu hüquqsuz vəziyyətə son verəcəyik.

 

 

İŞĞALÇI ERMƏNİSTAN

 

 

 

Təəssüf ki, işğalçı Ermənistanı hələlik yalnız Azərbaycan və Türkiyə cəzalandırır. Ümid edirik ki, gələcəkdə digər dövlətlər də bu haqlı etiraza qoşulacaqdır. Ermənistana "dayan" deməyin zamanı gəlmişdir.

Ermənistan lobbisinin dünyanı aldatmaq üçün yenə fəaliyyətdə olduğunu xatırladan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov məqaləsində yazır ki, ermənilərin 2015-ci ilin yaddaşlarda Çanaqqala cəbhəsində qəhrəmancasına aparılan mücadilənin deyil, qondarma "erməni soyqırımı"nın 100-cü ildönümü kimi hallandırılmasına çalışdığı indiki dönəmdə bu yalanın qarşısını almaq üçün daha çox mübarizə aparmaq lazımdır. Çanaqqalada 3 min azərbaycanlının türkiyəli məhmətcik qardaşlarıyla çiyin-çiyinə apardıqları qəhrəmancasına mücadilə bizlərin qondarma "soyqırımına" qarşı aparacağımız mübarizəyə ilham olmalıdır.

 

 

 

20 MİLYARD DOLLARA YAXIN AZƏRBAYCAN SƏRMAYƏSİ TÜRKİYƏ İQTİSADİYYATINA YATIRILACAQ

 

 

Azərbaycan və Türkiyə Avropa və Asiyanı bir-birinə bağlayan iki əhəmiyyətli ölkədir. Reallaşdıracağımız tarixi layihələr bizi daha da birləşdirəcək. Trans-Anadolu Boru Xətti (TANAP) layihəsinin imzalanması və planlaşdırılan Trans-Adriatik Boru Xətti (TAP) on illər sonra da gələcək nəsillərə xidmət edəcək, xalqlarımıza və qardaşlığımıza töhfə verəcək ən gözəl hədiyyə olacaq.

 Azərbaycan Türkiyəyə qoyduğu sərmayələrini daha da artırmağa hazırlaşır. 2020-ci ilə qədər bütövlükdə 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyənin iqtisadiyyatına yatırılacaq və beləliklə, Azərbaycan Türkiyə tarixinin ən böyük xarici sərmayəçilərindən biri olacaq.

 

 

 

ƏLAQƏLƏR İNKİŞAF EDƏCƏK

 

 

Göründüyü kimi, inkişaf etdirdiyimiz qardaşlıq əlaqələrimiz daha böyük gələcək vəd edir. Bir müddət əvvəl Azərbaycanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşü isə bu gələcəyin hazırlanmasında bizə istiqamət verir. Əməkdaşlığımızı daha da genişləndirmək üçün bütün platformalardanimkanlardan  istifadə edirik, istifadə etməyə də davam edəcəyik.

Azərbaycan-Türkiyə əlaqələrinə kölgə salmaq istəyənlər həmişə uğursuzluğa düçar olacaqlar. Azərbaycanın Türkiyənin mənafeyini həmişə öz mənafeyi olaraq qoruduğu kimi, heç şübhəmiz yoxdur ki, Türkiyə də Azərbaycanın milli maraqlarını öz maraqları kimi mühafizə edəcək. Yolumuz, hədəflərimiz birdir.

 

 

Azərbaycan.-2013.- 15 noyabr.- S.4.