Türkiyə mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi

 səfərini ən mühüm hadisə kimi təqdim edib

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri qardaş ölkə mətbuatının diqqət mərkəzində olmuşdur. Türkiyənin nüfuzlu qəzetləri, informasiya agentlikləri və televiziya kanalları Prezident İlham Əliyevin rəsmi səfərini ölkənin siyasi, iqtisadiictimai həyatında son günlər baş verən ən mühüm hadisə kimi dəyərləndirmişlər.

"Hürriyet" qəzetinin birinci səhifəsində "Yeddi saziş imzalandı" başlıqlı məqalədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının üçüncü toplantısı və imzalanmış sənədlərin əhəmiyyəti haqqında geniş məlumat yer almışdır. Qəzetdə Azərbaycan dövlətinin başçısı və Türkiyə hökuməti rəhbərinin xanımlarının iştirakı ilə Ədalət və İnkişaf Partiyasında nahar yeməyindən də fotoşəkillər verilmişdir.

"Sabah" qəzetinin birinci səhifəsində dərc edilmiş "İlk müjdə" başlıqlı məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin birgə mətbuat konfransında söylədiyi "XXI əsr türk dünyasının əsri olacaqdır. Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb və əminəm ki, biz birgə səylərlə  gələcəkdə də böyük uğurlara imza atacağıq" sözləri önə çıxarılmışdır. Dövlət başçısının Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında 2014-cü ilin əvvəlində TANAP layihəsində təməlqoyma mərasiminin keçiriləcəyi və Bakı-Tbilisi-Qars dəmiryolunun başa çatacağı haqqında söylənən fikirlər də xoş müjdə kimi qiymətləndirilmişdir.

"Haber Türk" qəzetində dərc olunmuş məqalənin başlığı isə Prezident İlham Əliyevin "Türkiyənin razılığı olmadan bölgəmizdə heç bir təşəbbüs həyata keçirilə bilməz" sözlərindən götürülmüşdür. Müəllif qeyd etmişdir ki, Azərbaycanın dövlət başçısı qardaş Türkiyənin geostrateji əhəmiyyətini vurğulamış, əməkdaşlığımızın daha uğurlu gələcəyinə inamını ifadə etmişdir.

Məqalədə Türkiyə Baş nazirinin Naxçıvanın təbii qaz təminatının qardaş ölkədən həyata keçiriləcəyi ilə bağlı fikirləri də önə çıxarılmışdır.

"Vatan" qəzetinin "Tarixi hadisə" başlıqlı məqaləsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ probleminin Türkiyənin də problemi olduğu haqqında sözləri və Azərbaycanın dövlət başçısının qardaş ölkənin inkişafı haqqında fikirləri yer almışdır.

"Milliyet" qəzeti dövlət başçısının rəsmi səfəri haqqında  "TANAP-ın təməli 2014-cü ilin əvvəlində qoyulacaqdır" başlıqlı məqalədə bəhs etmişdir.

Müəllif iki qardaş ölkə arasında ticarət dövriyyəsinin 4,2 milyard dollar olduğu və gələcəkdə bu rəqəmin 15 milyard dollara yüksəlməsi üçün tədbirlər görüləcəyi, habelə TANAP boru xəttinin təməlinin gələn ilin əvvəlində qoyulacağı barədə birgə mətbuat konfransında söylənilən fikirləri vurğulamışdır. Azərbaycan təbii qazının Balkan ölkələrinə nəqli ilə bağlı müzakirələr aparıldığı da diqqətə çatdırılmışdır.

"Zaman" və ingilis dilində çıxan "Todays Zaman" qəzetlərində dərc olunmuş məqalələrdə də Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısının yekunları haqqında geniş məlumat verilmiş, TANAP, Bakı-Tbilisi-Qars, Naxçıvana təbii qaz verilməsi və digər layihələrin iki qardaş ölkə arasında dünyada misli görünməmiş əməkdaşlığın uğurla davam etməsinin sübutu olduğu bildirilmişdir. Azərbaycanda işləyən Türkiyə vətəndaşlarından alınan ödənişlərin minimum məbləğə endirilməsi və vizaların ləğv olunması məsələsinin tezliklə həll olunacağı da toplantıda qəbul olunmuş mühüm qərarlar kimi dəyərləndirilir.

Qardaş ölkənin "Star", "Türkiyə", "Yeni Şafak", "Ortadoğu", "Bugün", "Taraf" və digər nüfuzlu qəzetlərinin birinci səhifələrində də Azərbaycan Prezidentinin rəsmi səfəri geniş şəkildə işıqlandırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri və Baş nazir Rəcəb Tayyib Ərdoğanla keçirilmiş birgə mətbuat konfransı CNBC-E, BloombergHT, NTV, "CnnTürk", "HaberTürk", "Sky", TRTHaber, TGRT, Kanal24 və digər televiziya kanallarında canlı yayımla verilmişdir. Bu yayımlar zamanı Türkiyənin siyasiiqtisadi şərhçilərinin səfərin böyük əhəmiyyəti, Türkiyə-Azərbaycan əlaqələri, həyata keçirilən birgə layihələr haqqında şərhləri də təqdim edilmişdir.

Dövlət başçısının rəsmi səfəri çərçivəsində görüşləri, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı və birgə mətbuat konfransı haqqında xəbər və fotoşəkillər Türkiyənin Anadolu, İhlas, DHA, Cihan xəbər agentlikləri tərəfindən də operativ olaraq yayılmışdır. 

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2013.- 15 noyabr.- S.4.