Polşa ilə Azərbaycan hökumətləri arasında beynəlxalq

 avtomobil əlaqələrinə dair əməkdaşlıq sazişi imzalandı

 

Noyabrın 14-də ölkəmizdə səfərdə olan Polşanın nəqliyyat naziri Slavomir Novakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Nəqliyyat Nazirliyində görüş keçirilmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızın yol-nəqliyyat kompleksində aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışmışdır. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu vurğulayan nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini nəzərə çatdırmışdır.

Ölkəmizdə həyata keçirilən beynəlxalq layihələr barədə  məlumat verən Z.Məmmədov Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun 2015-ci ildə fəaliyyətə başlayacağını, Qazaxıstanın da bu layihəyə qoşulacağını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, gələcəkdə yükdaşımalarının artacağını nəzərə alan Azərbaycan özünün dəmir yollarını yenidən qurur, o cümlədən müasir Beynəlxalq Bakı Dəniz Ticarət Limanının tikintisini reallaşdırır. Eyni zamanda ölkə daxilində avtomobil yollarına da xüsusi diqqət ayrılır və əsas hədəf 2018-ci ilədək Azərbaycanın bütün magistral yollarının tam müasirləşdirilməsidir.

Z.Məmmədov vurğulamışdır ki, Azərbaycan keyfiyyətli və müasir standartlara cavab verən səviyyədə layihələr reallaşdıran şirkətlərin hər biri ilə əməkdaşlığa hazırdır.

Azərbaycanda iki il əvvəl olduğunu deyən Polşanın nəqliyyat naziri Slavomir Novak qeyd etmişdir ki, ötən qısa müddət Bakıdakı inkişafı görməyə kifayətdir. Azərbaycanda böyük infrastruktur yeniliyinin baş verdiyini bildirən qonaq demişdir ki, Azərbaycan bu sahədə digər ölkələrə örnəkdir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayan polşalı nazir münasibətlərin daha da möhkəmləndirilməsində hər iki ölkənin maraqlı olduğunu bildirmişdir.

Tərəflər qarşılıqlı fikir mübadiləsindən sonra Polşa ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi barədə razılığa gəlmişlər.

Sonda Polşa Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında beynəlxalq avtomobil əlaqələrinə dair əməkdaşlıq sazişi imzalanmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 15 noyabr.- S.4.