Ədliyyənin keçdiyi şərəfli yol

 

95 il öncə Şərqdə ilk demokratik respublika quruldu. Bu, doğma Azərbaycanın şimalını əhatə edən Azərbaycan Xalq Cümhuriyyəti idi. "İstiqlal Bəyannaməsi"nin müddəalarında Azərbaycanın hüquqi dövlət olması öz əksini tapmışdı. Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, onu məhv etdilər, görkəmli simalarını didərgin saldılar, həbsxanalara atdılar, ancaq müstəqil Azərbaycan dövlətçiliyinin təməlini tarixdən silə bilmədilər.

Sevindirici haldır ki, müstəqil dövlətimiz hazırda etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində respublikamız günü-gündən inkişaf etməkdədir, artıq dünyada dövlətimiz yüksək nüfuz sahibidir.

Dövlətimizin funksiyalarını yerinə yetirən hər bir strukturunun ildönümü yaxınlaşanda bir daha tariximizə nəzər salır və fərəhlənirik. Bununla yanaşı məsuliyyətimizi də dərk edirik. Çünki bu inkişafda təmənnasız olaraq ədliyyə işçilərinin də payının olduğunu düşünürük.

Ölkə təqvimində 22 noyabr tarixi ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur. Həmin bayramı bizə ümummilli lider Heydər Əliyev 11 noyabr 2000-ci il tarixli sərancamı ilə bəxş etmişdir.

Yarandığı ilk gündən çox çətin və şərəfli yol keçmiş Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi müstəqil dövlətimizdə də hökumətin tərkibində əsas strukturlardan biridir. Ədliyyə Nazirliyi mühüm struktur olmasaydı, 95 il öncə Fətəli xan Xoyskinin rəhbərliyi ilə yaradılmış Nazirlər Sovetinin tərkibində 9 nəfərdən ibarət Azərbaycan Milli Hökuməti təşkil olunanda hökumətin tərkibində bu nazirlik yaradılmaz və ona böyük önəm verilməzdi. Həmin hökumətin tərkibində Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov müstəqil Azərbaycan dövlətinin ilk ədliyyə naziri olmazdı. Doğrudur əvvəlcə Ədliyyə Nazirliyi ancaq nazirdən ibarət olsa da az sonra onun fəaliyyət dairəsi xeyli genişlənmiş və ştat vahidlərinin sayı artırılmışdı. 1918-ci il oktyabrın 9-da Fövqəladə Təhqiqat Komissiyasının Ədliyyə Nazirliyinin sərəncamına verilməsi o dövr üçün mühüm hadisə idi. Təqribən bir ay sonra Ədliyyə Nazirliyi məhkəmə sahəsində işlərin bərpa olunması ilə əlaqədar Məhkəmə Palatasının yaradılması təşəbbüsü ilə çıxış etdi. X.Xasməmmədovun məruzəsi əsasında Milli Hökumətin noyabr 1918-ci il qərarı ilə "Azərbaycan Respublikasının Məhkəmə Palatası və onun Əsasnaməsi" təsdiq edildi. Bütün bunları sadalamaqda məqsədimiz Azərbaycan Xalq Cümhiriyyətinin yarandığı ilk gündən Ədliyyə Nazirliyinin nə qədər əhəmiyyət kəsb etdiyinə diqqəti bir daha yönəltməkdir. Həmin dövrdə Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin bütün məhkəmə və hüquq idarələri sisteminə və onların fəaliyyətinə nəzarət edən yeganə hökumət orqanı idi.

AXC-nin 2-ci hökumətinin tərkibində Baş nazir Fətəli xan Xoyski həm də ədliyyə naziri vəzifəsini icra edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 26 dekabr 1918-ci il tarixli iclasında hökumətin qəbul etdiyi deklarasiyada qeyd edilirdi ki, ədliyyə hökumətin diqqət mərkəzində olan mühüm sahələrdən biridir. Məhkəmələr ədliyyənin daxilində olduğundan hətta qeyd olunurdu ki, məhkəmə orqanlarsız dövlət mövcud ola bilməz. O dövrdə parlamentə təqdim olunmuş qanun layihələrindən 32-si məhz Ədliyyə Nazirliyi tərəfindən hazırlanmışdı.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi ilə əlaqədar digər sahələrdə olduğu kimi ədliyyə sahəsində görüləcək işlər axıra çatdırılmadı. Kommunistlərin hakimiyyəti illərində ədliyyənin təsir dairəsi xeyli zəiflədi. Dövlət müstəqilliyimizin bərpasının ilk illərində də bu istiqamətdə gərəkən addımlar atılmadı. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasıının bütün sahələrində olduğu kimi Ədliyyə Nazirliyinin də fəaliyyətinə yeni nəfəs verildi.

Təkcə onu demək kifayətdir ki, demokratik dəyərlərə və prinsiplərə uyğun ilk Konstitusiyamız Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bununla da Azərbaycanda demokratik quruluşunhüquqi dövlətin təməli yenidən qoyuldu. Bu da insan hüquq və azadlıqlarının qorunması sahəsində yeni qanunların qəbul edilməsinə, hüquqi islahatların genişlənməsinə böyük təkan verirdi. Qısa zamanda ölkədə beynəlxalq standartlara uyğun qanunlar qəbul olundu. Dövrün tələblərinə uyğun "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında" qanunlar, Azərbaycan Respublikasının Ailə, Mülki, Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual məcəllələri, həmçinin digər məcəllələr və qanunlar qəbul edildi, Azərbaycanda çoxpilləli məhkəmə sistemi yaradıldı. O cümlədən Azərbaycan xalqının hüquqi təminatını yaxşılaşdırmaq üçün islahatlar davam etdirilərək nazirlik və komitələrin tərkibində yeni istintaq idarələrinin və şöbələrinin yaradılmasına başlanıldı. "Azərbaycan Respublikası CPM-nin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanunu və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası CPM-nin tətbiq edilməsi barədə 25 avqust 2000-ci il tarixli fərmanla Azərbaycan Respublikası CM-nin 196, 289, 303, 305 və 306-cı maddələrində nəzərdə tutulmuş cinayətlərin ibtidai araşdırılmasının aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olundu. Bu fərmana uyğun olaraq ədliyyə nazirinin 15 noyabr 2000-ci il tarixli əmri ilə nazirliyin mərkəzi aparatında İstintaq idarəsi yaradıldı. Bu idarə hazırda fəaliyyətini uğurla davam etdirməkdə, xalqın pozulmuş hüquqlarının bərpasında önəmli rol oynamaqdadır. Azərbaycan Respublikası CM-nin 317-1.1 və 317-2-ci maddələrinin istintaqı da Ədliyyə Nazirliyinin istintaq idarəsində aparılır.

Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə sahəsində həyata keçirə bilmədiyi islahatlar bu gün müstəqil dövlətimizdə uğurla yerinə yetirilir. Yalnız 2006-cı ildə ədliyyə sahəsində üç mühüm sənəd qəbul olundu. Bunlar Ədliyyə Nazirliyinin yeni Əsasnaməsi, Ədliyyə orqanlarında qulluq keçmək haqqında qanun və "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixdə Prezident tərəfindən imzalanmış fərmandır.

Bu gün Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətdə olduğu illərlə müqayisədə daha əhatəlidir. Buna sübut kimi Ədliyyə Nazirliyinin ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etməsini və bu siyasəti həyata keçirməsini, ədliyyə sahəsinin inkişafını təmin etməsini, hüquq mühafizə fəaliyyətini həyata keçirməsini, qanunvericilik aktlarının layihələrini hazırlamasını, layihələr üzrə rəy verməsini, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparmasını, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının fəaliyyətini, notariat fəaliyyətini təşkil etməsini, hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirməsini və hüquqi şəxslərin dövlət reyestrini və Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparmasını, qanunvericiliyə uyğun olaraq, müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirməsini, məhkəmə qərarlarının icrasını təmin etməsini, penitensiar müəssisələrin fəaliyyətini təşkil etməsini və nəzarəti həyata keçirməsini, bələdiyyələrin işinin təşkilinə kömək etməklə onlara metodoloji yardım göstərməsini, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməsini, qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparmasını, hüquq sahələrinə dair elmi tədqiqat işlərini aparmasını, məhkəmə ekspertizalarının keçirilməsini təşkil etməsini, hakimlərin, ədliyyə işçilərinin, müxtəlif sahələrdə çalışan mütəxəssislərin hüquq peşəsi üzrə ixtisasının artırılmasını təmin etməsini, hüquqi maarifləndirmə işini həyata keçirməsini, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməsini, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərməsini söyləmək olar.

Öz işini Azərbaycanın dinamik inkişafı ilə uyğunlaşdıran ədliyyə orqanları dövlətimizin və xalqımızın maraqlarının keşiyindədirlər. Ancaq ədliyyə sahəsində bu inkişaf son deyildir. Qarşıda bizi daha böyük uğurlar və tərəqqi gözləyir.

 

 

Elman YƏHYA,

Ədliyyə Nazirliyi İstintaq idarəsinin böyük müstəntiqi

Azərbaycan.-2013.- 15 noyabr.- S.5.