Ərkivanda abadlıq və quruculuq işləri geniş
vüsət alıb
Heydər
Əliyev Fondunun milli-mənəvi dəyərlərin
qorunması
ilə
bağlı təşəbbüsləri burada uğurla
reallaşır
Artıq neçə illərdir ki, müstəqil Azərbaycan dövləti inkişaf templərinə görə dünyada öncül mövqeyə malikdir. Bu sürətli inkişaf xalqın ümummilli lideri Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti və bu kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi sayəsində mümkün olub. Ölkəmiz regional və dünya əhəmiyyətli iri iqtisadi layihələri uğurla gerçəkləşdirir, hüquqi cəmiyyət yolunda möhtəşəm nailiyyətlərə imza atır. Bütün bunlar təsdiq edir ki, Azərbaycan bütün sahələrdə bir-birinin ardınca əldə etdiyi mühüm nailiyyətlərlə öz böyük gələcəyinin etibarlı təməlini qoyan bir ölkədir.
Ölkəmizdə son illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri regionların, hər bir rayonun, şəhər və kəndlərin inkişaf yoluna çıxarılmasıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları Azərbaycanın bütün şəhər və kəndlərinə yeni həyat verib. Bu inkişaf respublikamızın cənub zonası və bu zonanın öncül rayonlarından olan Masallının da nümunəsində əyani müşahidə edilməkdədir. Beynəlxalq əhəmiyyətli avtomobil yolu üzərində yerləşən Masallı rayonu ölkə başçısı cənab İlham Əliyevin dəstəyi, qayğı və diqqəti sayəsində sürətlə inkişaf edir, abadlaşır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası son dövrlərdə rayona yeni nəfəs verib. Bunun nəticəsində ölkənin bütün bölgələri kimi Masallı da dinamik sosial-iqtisadi inkişaf yoluna qədəm qoyub. Dövlət proqramları masallılıların həyatında əsaslı dönüş yaradıb.
Prezident İlham Əliyev bu il sentyabrın 4-də ölkəmizin cənub rayonlarına səfəri çərçivəsində Masallı rayonunda da oldu. Həmin gün cənab Prezidentin iştirakı ilə Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Mərkəzinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binalarının, Masallı Regional Boks Mərkəzinin və Regional Taekvando Mərkəzinin açılışı göstərdi ki, rayon dinamik inkişaf yolundadır. Cənab Prezidentin iştirak etdiyi bu açılış mərasimləri həm də onu təsdiq etdi ki, Masallıda çoxsaylı istehsal və xidmət obyektlərinin istifadəyə verilməsi ilə yanaşı, müasir ictimai, sosial və mədəniyyət infrastrukturunun formalaşdırılması da diqqət mərkəzindədir.
Əlbəttə, ölkəmizdə qazanılan sosial-iqtisadi uğurlarda əlverişli sahibkarlıq və biznes mühitinin böyük rolu var. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Dövlət başçısı İlham Əliyev iş adamlarını biznes layihələrin həyata keçirilməsinə, investisiya yatırılmasına, habelə müəyyən sosial aksiyaların gerçəkləşməsində fəal iştiraka çağırır, biznesin inkişafı üçün daim bütün zəruri addımları atır. Bu sahədə son illərin reallıqları ondan ibarətdir ki, Azərbaycanın iş adamları da dövlətin diqqətini və qayğısını yaxından görür və üzərlərinə düşən vəzifələri yaxşı dərk edərək ölkənin iqtisadi inkişafı, tərəqqisi naminə əllərindən gələni edirlər. Azərbaycan sahibkarı dövlətə münasibətdə özünün sosial və hüquqi məsuliyyətini bilir, onlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışır. Bütövlükdə bu gün hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Prezident İlham Əliyev sentyabrın əvvəllərində respublikanın cənub zonasına səfəri zamanı bir daha sahibkarları ölkənin iqtisadi-sosial həyatında yaxından iştiraka çağırdı. Bu çağırışa qoşulan Masallıdan olan iş adamları ölkəmizin inkişafına, həyata keçirilən iqtisadi və sosial siyasətə öz fəaliyyətləri ilə layiqli töhfələr verməyə çalışırlar. Bunun nəticəsidir ki, Masallı inkişaf yolundadır və bu, rayonda istehsal olunan ümumdaxili məhsulun artımında da özünü göstərir.
Bununla yanaşı, əvvəldə qeyd etdiyimiz kimi, sosial layihələrin də reallaşdırılması, xeyriyyə tədbirlərinin həyata keçirilməsi də Masallıdan olan sahibkarların diqqət mərkəzindədir. Masallının Ərkivan qəsəbəsində inşa edilən və bu günlərdə istifadəyə verilən "Mərasim evi"ni buna misal göstərmək olar. Eyni vaxtda 600 nəfəri qəbul etmək imkanı olan bu binada hər şey yüksək standartlara uyğun qurulub. Açılışdan öncə binanın qarşısında qurbanlar kəsilib və imkansızlara paylanılıb. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Mirəziz Seyidzadə, cənub bölgəsinin qazisi Hacı Mirqiyas ağa, Ərkivanın din xadimləri Hacı Mirkərim, Hacı Əlihəsən, Hacı Həmid, rayon ziyalılarından Mirqabil Hüseynov, Məmmədağa Sadıqov, Ərkivan bələdiyyəsinin sədri İsrail Tağıyev, rayon icra hakimiyyəti başçısının nümayəndəsi Kamal Mazanov, idmançılar adından Rövşən Süleymanov çıxış edərək bu cür xeyirxah əməllərə görə bu işi ərsəyə gətirənlərə təşəkkür ediblər.
Sonda bu sosial layihəni həyata keçirən iş adamı Gülağa Tənha çıxış edərək tədbirə qatıldıqları üçün iştirakçılara təşəkkür etmiş, gələcəkdə görəcəyi işlərdən danışmışdır. O demişdir: "Xeyriyyəçilik termini insanların şüurunda adətən şəfqət, başqasının halına yanma, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək kimi keyfiyyətlər və hərəkətlər barədə assosiasiya yaradır. Lakin fikrimcə, müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Xeyriyyəçilikdən danışarkən qeyd etməliyik ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyəti hər birimiz üçün nümunədir. Mehriban xanım Əliyeva özünün həyat məramını, ömrünün mənasını insanlara, qayğı və diqqətə daha çox ehtiyacı olanlara yardım etməkdə, onları sevindirməkdə görür. Bu fəaliyyəti ilə o, həyatının mənasını insanlara təmənnasız köməkdə, xeyirxah və nəcib əməllərdə axtaran, bəşəriyyətin nicatı üçün çalışan insanlarla bir sırada dayanır. Özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda, bu xoşməramlı fəaliyyətin kökündə təmənnasızlıq, səmimilik dayanmışdır. Əslində, bu gün Azərbaycan vətəndaşlarının bu fəaliyyəti rəğbət və məmnunluq hissilə izləməsini də Mehriban xanım Əliyevanın yüksək humanizmində, işgüzarlığında və qayğıkeşliyində axtarmaq lazımdır".
Millətin işıqlı gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondunun qısa müddətdə bir çox insanların ümid yerinə çevrildiyini qeyd edən G.Tənha bildirmişdir ki, ümummilli liderin ölməz ideyalarının layiqli daşıyıcısına çevrilmiş fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir: "Fond insanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin əxlaqi-mənəvi dəyərlərin möhkəmlənməsinə çalışır. Bu xeyirxah missiya köməksizə əl tutmaq, çarəsizdə ümid yaratmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır. Mehriban xanım Əliyevanın özünün də vurğuladığı kimi, fondun çoxşaxəli fəaliyyətinin bir başlıca qayəsi var - insanlara təmənnasız yaxşılıq etmək".
Çıxışlar bitdikdən sonra iştirakçılara ehsan
verilmişdir. Qeyd edək ki, mərasim evi ikimərtəbəlidir. Birinci mərtəbə
qadınlar, ikinci mərtəbə kişilər
üçün nəzərdə
tutulub. Hər iki mərtəbə
qışda qızdırılması,
yayda isə soyudulması üçün
kondisioner və qaz sistemi ilə
təchiz olunub. Binanın inşasında yüksək
keyfiyyətli tikinti materiallarından istifadə
olunmuşdur. Mərasim evinə
gedən 500 metrə yaxın yola asfalt döşənib, hər iki tərəfə
hasar çəkilib, işıqlandırma sistemi
quraşdırılıb. Binanın arxitekturasına uyğun olaraq, "Şah Səfi" ocağında
da bütünlüklə
yenidənqurma işləri
görülüb. Burada ən
xırda detallar da nəzərə alınıb. Qurban kəsmək
üçün yer, yuyucu otaq, yardımçı
işlər üçün
bina inşa olunub. Əlavə olaraq, məscidin
yolu üzərində
yerləşən evlərin
həyətlərinə qədər
bərbad vəziyyətdə
olan yola asfalt çəkilmiş və həmin həyətlərin hasarları
yenidən tikilmişdir.
Həmçinin kənd qəbiristanlığının
bərbad vəziyyətdə
olan hasarı da yenidən inşa olunmuşdur.
Bir sözlə, bütün məscid və ətraf yollar, həyətlər yenidən
qurularaq kənd əhalisinin istifadəsinə
verilmişdir.
Ərkivanlı ağsaqqal Nurəli Nəzərovla həmsöhbət
oluruq. Bu müdrik insan son illərdə
Azərbaycanda xeyriyyəçilik
hallarının böyük
miqyasda genişlənməsinə
çox sevinir və deyir: "Hər birimiz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın vətəndaşlara
diqqət və qayğı nümunələri
ilə zəngin olan çoxşaxəli fəaliyyətinə nəzərən
savab və xeyirxah əməllərin
nə qədər vacib olduğunu dərk edirik. Heydər Əliyev Fondunun prezidentinin çox böyük xeyriyyəçilik
fəaliyyəti, bu istiqamətdə şəxsi
təşəbbüskarlığı həmkəndlimiz Gülağa
Tənha üçün
də nümunədir.
Onu xeyriyyəçilik fəaliyyətinə
çağıran məhz
Heydər Əliyev Fondunun həyata keçirdiyi möhtəşəm
layihələr, Mehriban
xanım Əliyevanın
çoxşaxəli xeyriyyəçilik
fəaliyyətidir. İş adamı
əsl vətəndaşlıq
mövqeyindən çıxış
edir, ali məramları özünün
həyat amalına çevirir, həm də fəal xeyriyyəçiliklə, sosial
layihələrin həyata
keçirilməsi ilə
məşğul olur".
Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi istiqaməti, təbliği, gələcək nəsillərə çatdırılması yolunda üzərinə götürdüyü şərəfli missiyanı uğurla həyata keçirir. İctimai təşkilat olan Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli qurumdur. Hələ illər öncə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fond tərəfindən aparılan monitorinqlərin nəticəsi olaraq respublikanın bütün regionlarında yerləşən uşaq tərbiyə müəssisələrində problemlərin həllinə yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet təşkil edib. Bu müəssisələrin böyük əksəriyyətinin təmirə, yenidən qurulmasına, texniki təchizata böyük ehtiyacı olduğu müəyyən edildi. Fond tərəfindən başlanılan işlərə qoşulan Gülağa Tənha da Azərbaycanda olan təhsil müəssisələrinə, uşaq evləri və internat məktəblərinə kömək etmək istiqamətində dəstəyini əsirgəməyib. Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində keçirilən layihələrdə iştirak edib, Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki zəif eşidən və sonradan kar olmuş uşaqlar üçün Respublika Xüsusi İnternat Məktəbinin tikintisini şəxsi vəsaiti hesabına həyata keçirib.
Ümumiyyətlə, xeyriyyəçilik insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Mənəviyyatın ali qanunlarına görə isə xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır. Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik təşəbbüslərindən ilham alan insanların da fəaliyyətinin təməlində məhz insanlara sevgi və təmənnasız xeyirxahlıq göstərmək kimi ali insani prinsiplər dayanır.
Valeh RƏHİMLİ,
Azərbaycan.-2013.- 15 noyabr.- S.5.