Ədəbiyyatda millilik
və bəşəriliyin vəhdətinin Çingiz
Aytmatov modeli
"Çingiz Aytmatov və müasir türk
dünyası" beynəlxalq simpoziumunda
Azərbaycan yüksək səviyyədə təmsil olunmuşdur
Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində görkəmli yazıçı və böyük ictimai xadim Çingiz Aytmatovun anadan olmasının 85 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçirilmişdir.
Türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilmiş Sammitinin qərarları əsasında formalaşan Türk Akademiyasının təşkil etdiyi "Çingiz Aytmatov və müasir türk dünyası" mövzusuna həsr olunmuş simpoziumda Azərbaycan Respublikasını Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli təmsil etmişdir.
Beynəlxalq elmi konfransı giriş sözü ilə açan Türk Akademiyasının prezidenti, akademik Şakir İbrayev Çingiz Aytmatovun dünya ədəbiyyatı qarşısındakı xidmətlərindən və əsərlərindəki geniş müasirlik imkanlarından söz açmışdır.
Qazaxıstan parlamentinin deputatı, Qazaxıstan Yazıçılar İttifaqının sədri Nurlan Orazalin ölkə rəhbərliyi adından beynəlxalq elmi konfransın əhəmiyyətini qeyd etmiş, Çingiz Aytmatovun türk dünyası ədəbi-ictimai fikrinin inkişafındakı roluna yüksək qiymət vermişdir. Qırğızıstan EA-nın vitse-prezidenti, akademik Abdıldajan Akmataliyev dünya şöhrətli yazıçının həyatı və yaradıcılığı haqqında məruzə ilə çıxış etmişdir.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin "Ədəbiyyatda millilik və bəşəriliyin vəhdətinin Çingiz Aytmatov modeli" mövzusundakı məruzəsində görkəmli yazıçının sənət qüdrətinin özünəməxsusluqları şərh olunmuşdur. Məruzədə həmçinin "Çingiz Aytmatov və Azərbaycan" mövzusundan ətraflı danışılmışdır. Akademik İ.Həbibbəyli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük söz ustadının yaradıcılığı haqqındakı "dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir" kimi yüksək qiymət simpozium iştirakçılarının diqqətinə çatdırılmışdır. Eyni zamanda, qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı Çingiz Aytmatovu 26 fevral 2008-ci ildə "Dostluq" ordeni ilə təltif etməsi ölkəmizdə qüdrətli sənətkara dövlət səviyyəsində göstərilən yüksək ehtiramın ifadəsidir. Çingiz Aytmatovun Azərbaycandan M.F.Axundov, C.Məmmədquluzadə, S.Vurğun, R.Rza, T.Salahov, T.Nərimanbəyov, B.Vahabzadə, Anar və başqalarının yaradıcılığına dair fikirləri, həmçinin Azərbaycan ədəbi-ictimai fikrinin tanınmış nümayəndələrinin dünya şöhrətli qırğız yazıçısı barəsindəki mülahizələri və araşdırmaları ədəbi-mədəni əlaqələrin əhəmiyyətli səhifələri kimi dəyərləndirilmişdir.
Beynəlxalq simpoziumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan Respublikası və başqa ölkələrin tanınmış alimlərinin məruzələri dinlənilmişdir. Türk dünyasının tanınmış elm adamlarından Muxtar Şaxanov (Astana), Gülay Mirzəoğlu (Türkiyə), Nəsimxan Rəhmanov (Daşkənd), Xatib Minnequlov (Kazan), Vəlixan Kalicanov (Almatı), Aynurə Kıdırmambetova (Bişkek), Serik Kirabayev (Astana), Ramiz Əsgər (Bakı), Mahtumkulu Akmuradov (Aşqabad) və başqaları ümumən dünyada və xüsusən də türk dünyasında Çingiz Aytmatov yaradıcılığının yeri, əhəmiyyəti və təsir dairəsi mövzuları ətrafında fikir və mülahizələrini bildirmişlər.
Bundan başqa, beynəlxalq simpozium çərçivəsində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə Türk Akademiyası arasında qarşılıqlı əlaqələrə dair protokol imzalanmışdır. Çoxcəhətli əlaqələrə imkan yaradan əməkdaşlıq protokolunda Qazaxıstanda Azərbaycan mühacirət ədəbiyyatının və diaspor nümayəndələrinin bədii irsinin öyrənilməsi, ortaq ədəbiyyat dərsliyinin yaradılması məsələləri də öz əksini tapmışdır. Qarşılıqlı əməkdaşlıq protokolunu Azərbaycan tərəfdən AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, Türk Akademiyası tərəfdən isə həmin qurumun rəhbəri, akademik Şakir İbrayev imzalamışlar.
E.CƏFƏROV,
Azərbaycan.-2013.- 15 noyabr.- S.5.