Görkəmli ədəbiyyatşünas alim

 

Dünyaya gələnin bir gün də bu dünyadan köçəcəyi yaranışdan üzü bəri bütün insanlığa məlumdur. Ancaq bu məlum həqiqətlə indiyədək heç kəs barışa bilmir. Görkəmli ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi (indiki klassik Azərbaycan ədəbiyyatı) kafedrasının müdiri Firidun Cəlal oğlu Hüseynovun vaxtsız vəfatı (1986-cı il avqustun 31-i) respublikanın elmi-pedaqoji, ədəbi ictimaiyyəti, onun dostları, tanışları, tələbələri, oxucuları, bir sözlə, bu ziyalı, xeyirxah insanı tanıyanların hamısı üçün ağır itki oldu.

Firidun müəllim ibrətli bir həyat yolu keçmişdir. Anadan olduğu (1933-cü il) Nurs kəndində ibtidai məktəbi, Şahbuz rayon mərkəzində orta məktəbi bitirdikdən sonra ona təhsilini Gəncə Kənd Təsərrüfatı İnstitutunda davam etdirməyi məsləhət görmüşdülər və bu məqsədlə onun sənədlərini həmin ali məktəbə aparmışdılar. Lakin orta məktəbdən müəllimliyə həvəs və məhəbbət onun yolunu elə oradaca dəyişmiş və o, H.B.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Ancaq burada təhsilini davam etdirməmiş və kəndə qayıdaraq kolxozda işləmiş və bir ildən sonra 1952-ci ildə C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1954-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Bu təhsil onun ilk arzularına daha uyğun idi. Firidun orta məktəbdə bütün fənlərin hamısını sevir və yaxşı öyrənirdi. Lakin ədəbiyyata, ana dilinə marağı daha çox üstünlük təşkil edirdi. Klassik və müasir Azərbaycan ədəbiyyatının sirlərini öyrənir, dilin incəliklərinə bələd olmağı özünün müqəddəs məqsədi  hesab edirdi. Bu arzu və düşüncələr onu Bakı Dövlət Universitetinin filologiya fakültəsinə gətirdi. 5 illik tələbəlik dövründə (1954-1959) hamının sevimlisi oldu. Dərin biliyi, təfəkkürü, ədəb-ərkanı, dostluğu-yoldaşlığı ilə böyük hörmət qazandı. Ədəbiyyat müəllimləri onu gələcəyin ədəbiyyatşünası, dil müəllimləri isə gələcəyin dilşünası kimi görmək istəyirdilər. Firidun Hüseynov hər iki elm sahəsini eyni dərəcədə bilirdi. Universiteti bitirib bir il ADPU-da işlədikdən sonra yenə Bakı Dövlət Universitetinə qayıtdı və burada aspirantlıqdan professorluğadək ağır, lakin şərəfli bir yol keçdi, fakültə dekanı, kafedra müdiri kimi olduqca çətin və məsul işlərin öhdəsindən ləyaqətlə gəldi.

Beləliklə, universiteti  sevən, universitetdə sevilən, böyük hörmət-izzət qazanan Firidun Hüseynov bütün həyatını və taleyini həmişəlik bu möhtəşəm elm ocağına bağladı.

O, 1964-cü ildə "Əli Nəzminin yaradıcılığı" mövzusunda dissertasiya yazıb, filologiya elmləri namizədi alimlik dərəcəsi aldı, 1973-cü ildə isə "C.Məmmədquluzadə nəsrində əsas problemlər" mövzusunda  doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi.

F.Hüseynov ötən əsrin 60-cı illərinin əvvəllərindən başlayaraq respublikamızın müxtəlif mətbuat orqanlarında müntəzəm surətdə klassik və müasir ədəbiyyatımızın, xüsusən XX əsr Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətləri və mühüm yaradıcılıq problemləri ilə əlaqədar dərinməzmunlu, ciddi tədqiqat məhsulu olan maraqlı məqalələrlə çıxış edirdi. "Sənət və əməl dostları", "N.Nərimanovun bədii nəsri haqqında", "Tənqidçi və ədəbi proses", "C.Məmmədquluzadə nəsrinin tədqiqi tarixindən", "Möcüz gülüşü" və başqa bu kimi, ümumən 150-yə yaxın məqaləsi Firidun Hüseynovun gərgin pedaqoji işlə yanaşı, elmi-ədəbi fəaliyyətini də müvəffəqiyyətlə davam etdirdiyini aydın göstərirdi.

Firidun Hüseynov universitetin ictimai həyatında da yaxından iştirak edirdi. O, doktorluq dərəcəsi verən elmi şuranın sədri olmuş, dəfələrlə fakültə partiya bürosunun katibi seçilmişdir. 1980-ci ildən universitet partiya komitəsinin üzvü, 1985-ci ildən isə partiya komitəsi bürosunun üzvü idi. Füzuli poeziya günlərinin dahi şairin adına layiq səviyyədə keçirilməsində Firidun müəllimin təşkilat komitəsinin sədri kimi çəkdiyi böyük zəhmət professor-müəllim heyətinin və tələbələrin, yüzlərlə füzulisevərlərin yaxşı yadındadır.

Həyatının 26 ilini Azərbaycan ədəbiyyatının tədqiqinə həsr edən Firidun Hüseynov gözəl müəllim, görkəmli pedaqoq, istedadlı natiq idi. Onun mühazirələri öz elmi səviyyəsi, aydın, səlis üslubu, zəngin faktik materialı ilə həmişə tələbələrin böyük rəğbətini qazanır, onları milli mədəniyyəti sevməyə, qayğı göstərməyə, ədəbiyyatımızın nailiyyətlərini qorumağa və yaymağa həvəsləndirirdi. F.Hüseynov dərs dediyi XX əsr Azərbaycan ədəbiyyatının nəinki kamil bilicisi, mahir tədqiqçisi idi, eyni zamanda, bu ədəbiyyatın sağlam ənənələrini böyük şövq ilə təbliğ və tədris edən müəllim idi. O, 20 ildən artıq pedaqoji fəaliyyətində özünün ustad müəllimləri - professor Ə.Sultanlı, M.H.Təhmasib, H.Mirzəzadə, M.Hüseynzadə və başqalarının müəllimlik ənənələrini ləyaqətlə davam etdirirdi. Onun professor Mir Cəlal ilə birlikdə yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi öz elmi-pedaqoji və metodiki səviyyəsi, sadə, aydın üslubu ilə oxucuların dərin rəğbətini qazanmışdır.  Bu dərslik neçə illərdir ki, respublikanın ali məktəb tələbələrinin, ədəbiyyat müəllimlərinin stolüstü kitabı kimi istifadə olunur. Respublikamızın filologiya elmi səviyyəsində sanballı dərslik olan "XX əsr Azərbaycan ədəbiyyatı" F.Hüseynovun xalqımızın mədəniyyətinin klassik irsinə olan böyük məhəbbətini göstərməklə yanaşı, onun güclü müəllim-vətəndaşlığını da təsdiq edən gözəl əsərdir. F.Hüseynov səmərəli pedaqoji fəaliyyətində çoxəsrlik ədəbiyyatımızın müxtəlif sahələrinin pedaqoji-metodiki şərhini vermiş, tədrisin inkişafına, gənc nəslin milli və bəşəri ruhda tərbiyə olunmasına qayğı göstərmişdi.

F.Hüseynovun yazı tərzi ilə şifahi danışıq üslubu arasında məntiqi bir əlaqə və bağlılıq var idi. Elə şirin söhbət edərdi ki, vaxtın necə ötdüyünü əsla hiss etməzdin. İlahi, bu adam nə qədər atalar sözü, zərbi-məsəl, lətifə bilərdi... Sinəsi söz xəzinəsi idi, danışarkən dilimizin gözəlliyindən, şirinliyindən elə yerli-yerində istifadə edərdi ki, insan onun zəngin söz ehtiyatına, ədəbi dilimizin, xalq dilinin incəliklərini dərindən bilməsinə heyran olardı. Mən onun söhbətlərinə qulaq asanda həmişə bu hissləri keçirmişəm. Firidunda Mirzə Cəlil yumoru, Sabir gülüşü var idi. O, bəhs etdiyi bir mövzunu tələbələrə daha aydın və kamil çatdırmaq üçün bədii-ədəbi materiallardan başqa, şifahi xalq ədəbiyyatından, böyük klassiklərdən  maraqlı nümunələr gətirib, əzbərdən söylədiyi şeirlərlə mühazirələrinin təsir gücünü artırırdı. Ona görə də tələbələr Firidun müəllimi çox sevir, onu həmişə dinləmək istəyirdilər. F.Hüseynovun üslubu güclü yumora, kəskin satiraya, həzin, sirayətedici lirikaya malik idi. Səsində adilik, mənliyində ucalıq, görkəmində müdriklik var idi. Müəllim kimi obyektiv, prinsipial, qayğıkeş olan F.Hüseynov tələbələrini sevir, onlara qayğı göstərirdi.

Firidun həm də çox diqqətli yoldaş, qayğıkeş dost idi. Çətin gündə adamdan öz köməyini əsirgəməz, ona kömək etməkdən sevinərdi. Ən ağır, ən gərgin vaxtlarında belə, Firidunla görüşəndə adam bir təsəlli tapar, yüngülləşərdi. O, dost yolunda hər şeyə hazır idi. Bu söylədiklərim Firidun Hüseynovun insani keyfiyyətləridir.

F.Hüseynov gözəl tədqiqatçı idi. Onun "Ə.Nəzmi", "Adi əhvalatlarda böyük həqiqətlər", "Satirik gülüşün qüdrəti", "Molla Nəsrəddin və mollanəsrəddinçilər" adlı sanballı monoqrafiyaları yeni faktları, dərin axtarışları ilə fərqlənir. Müasir ədəbiyyatşünaslıqda ilk dəfə olaraq Ə.Nəzmi F.Hüseynov tərəfindən sistemli şəkildə tədqiq olunmuşdur. O, Molla Nəsrəddin ədəbi məktəbinin istedadlı nümayəndəsi olan Ə.Nəzminin ədəbi irsini çoxsaylı mətbuat orqanlarından, müxtəlif arxivlərdən toplamış və bu irsin kamil, elmi şərhini vermişdi. F.Hüseynovun "Adi əhvalatlarda böyük həqiqətlər" monoqrafiyası ədəbi-ictimai aləmə gözəl töhfədir. Adından da göründüyü kimi, bu monoqrafiya böyük demokrat  Cəlil Məmmədquluzadənin bədii nəsr haqqında yazılan görkəmli sənətkarın irsinin sonrakı tədqiqatı üçün yeni cığır açan bir əsərdir. Zəhmətə qatlaşmaq, yeni faktlardan çıxış edib təzə söz demək, prinsipiallıq, obyektivlik  F.Hüseynov tədqiqatının əsas cəhətləri idi. Həmişə deyərdi ki, tədqiqatçı gərək mümkün qədər sadalamalardan qaçsın, hədəfə götürdüyü hər bir problemi və yaxud sənətkarı ədəbi prosesin əhatəsində şərh etsin, təhlillərində ümumiləşdirmələr aparsın. Bununla da müasir ədəbiyyata kömək göstərsin, tədqiqatçılığın klassik ənənəvi prinsiplərini göstərməklə yanaşı, bu sahədə novatorluq üçün yollar arasın. Onun "Satirik gülüşün qüdrəti" kitabında gedən "Aydınlığa doğru" (iki böyük məqalə), "Ədəbi bağlar", "Yaddan çıxmır", "El dərdinə yanan şair", "Möcüz gülüşü" məqalələri bu prinsiplə yazılmışdır. Görkəmli yazıçı və tənqidçi Elçin haqlı olaraq yazır ki, "F.Hüseynovun bu yeni kitabı çətin və şərəfli bir mövzunu layiqincə işıqlandırmağa çalışan, ciddi əməyin, axtarışların bəhrəsidir".

"Molla Nəsrəddin və mollanəsrəddinçilər" monoqrafiyası müəllifin ölümündən bir neçə gün sonra çapdan çıxdı. Burada "Molla Nəsrəddin" ədəbi məktəbi bütünlüklə əhatə edilmiş, bu məktəbin nümayəndələri haqqında dərin, elmi məlumat verilmiş, onların yaradıcılığı ətraflı təhlil edilmişdir. Onun "Molla Nəsrəddin və mollanəsrəddinçilər" monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığının böyük nailiyyətlərindəndir

F.Hüseynov onlarca kitabların-monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin rəyçisi, elmi redaktoru olmuşdur. Redaktə etdiyi əsərlərə böyük məsuliyyət hissi ilə yanaşar, onların üzərində ciddi işlər, hər sözünə, hər cümləsinə diqqət yetirər, müəlliflə məsləhətləşər, ixtisar və əlavələr edərdi. Redaktoru olduğu bir sıra əsərlərdən onun dəst-xətti aydınca görünməkdədir.

Firidun Hüseynovun bir alim, müəllim fəaliyyətindən danışarkən onun təşkilatçılıq bacarığını xüsusi qeyd etmək lazımdır. O, filologiya fakültəsinin dekanı vəzifəsində işlədiyi 3 il müddətində var qüvvəsini tədrisin inkişafına, gənc nəslin milli-mənəvi ruhda tərbiyə olunmasına, filologiya elminin tərəqqisinə sərf etdi. İxtisaslaşmış elmi şuraya rəhbərlik etdiyi 5 ilin ərzində onlarla istedadlı elmi kadrlar hazırlamasına, gənclərin inkişafına, elm aləminə gəlməsinə şərait yaratdı və qayğı göstərdi.

Özü neçə-neçə elmi tədqiqatçının elmi rəhbəri olmuş, neçə-neçə namizədlik və doktorluq dissertasiyası müdafiələrində rəsmi opponent kimi çıxış etmişdir. Yetişdirdiyi gənclər ali məktəblərdə, elmi-tədqiqat institutlarında müvəffəqiyyətlə çalışırlar.

F.Hüseynov uzun müddət, həyatının sonuna qədər Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edirdi. On nəfər professoru olan bu kafedra filologiya fakültəsində öz elmi və pedaqoji səviyyəsi ilə fərqlənirdi. O, kafedra müdirliyində özündən əvvəlki müəllimlərin, kafedra müdirlərinin gözəl ənənələrinə sadiq qaldı. Professor F.Qasımzadənin, C.Xəndan Hacıyevin, Mir Cəlal Paşayevin kafedra müdiri ənənələrini nəinki qorudu, həm də onları yaradıcı şəkildə yeni dövrün tələblərinə uyğun davam və inkişaf etdirdi. Azərbaycan ədəbiyyatı kafedrası əzəmətinə, elmi və tədris sanbalına dəyərli əlavələr etdi. İstər tədris, istərsə elm sahəsində gözəl nailiyyətlər qazandı. Ondan artıq xüsusi kurs və ixtisas kursları yaratdı və onların proqramını hazırladı. Demək olar ki, bütün ədəbi dövrlərin dərslik və dərs vəsaitlərini çap etdirdi. Kafedra üzvlərinin hər il 50-60 çap vərəqi həcmində monoqrafiyasının çap olunmasına kömək etdi. F.Hüseynovun bilavasitə rəhbərliyi altında kamil "Azərbaycan ədəbiyyatı tarixi" proqramı çap olundu.

Hər il kafedra üzrə nəşr olunan ədəbi məcmuələrin təşkilatçılarından və əsas redaktorlarından olan F.Hüseynov elmin tədrislə, tədrisin ictimai həyatla əlaqələndirilməsi sahəsində xüsusi fəallıq göstərirdi. F.Hüseynov fakültə tədris elmi şuralarının, Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının üzvü idi. Fəaliyyəti boyu o, onlarca doktorluq dissertasiyalarına opponentlik, namizədlik dissertasiyalarına rəhbərlik etmişdir. Nəinki təkcə fakültə və universitet divarları arasında, eyni zamanda, respublikamızda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə, ədəbi-bədii müsamirələrdə Firidun Hüseynov öz təşkilatçılıq fəaliyyəti və səmərəli işi ilə seçilirdi.

F.Hüseynov gözəl dost, səmimi yoldaş, son dərəcə qayğıkeş insan idi. Ağıllı, müdrik zarafatları, hazırcavablığı, məntiqi danışığı ilə hamını özünə cəlb edirdi. O, sadə, mülayim və təmiz ürəyə malik idi, çox hörmətcil idi, durub-oturub öz müəllimləri Mir Cəlal, C.Xəndan, Ə.Sultanlı, F.Qasımzadə, H.Araslı, H.Mirzəzadə və M.Hüseynzadədən əziz xatirələr danışırdı. Mir Cəlal müəllimin yetişdirmələri içərisində Firidun Hüseynova xüsusi rəğbəti var idi. Bu istedadlı, hələ cavan ikən müdriklik zirvəsinə çatmış tələbəsi ilə daim fəxr edir, onun elmdə, ictimai işlərdə, universitetin qaynar həyatında qazandığı nailiyyətlərə ürəkdən sevinirdi. Son dərəcə savadlı, işgüzar, ağir təbiətli bir insan kimi Firidun müəllimin bu etimada, hörmətə tam haqqı vardı. Bu xüsusiyətlərinə görə o, həm də bütün müəllimlərin sevimlisi idi.

F.Hüseynov gözəl ailə başçısı, yaxşı ata idi. Övladlarını özü kimi yetişdirmək, yaxşı oxumağa, elmin, Vətənin, torpağın qədrini bilməyə alışdırmaq onun gözəl arzularından idi.

F.Hüseynov həqiqi mənada şəxsiyyət idi. İctimai mənafeyi, dövlət xalq mənafeyini şəxsi mənafedən üstün tutmaq nümunəsi idi.

Firidun müəllim elmi-pedaqoji fəaliyyətinin çiçəkləndiyi bir vaxtda, ömrünün müdrik çağında bizləri tərk edib əbədiyyət aləminə qovuşdu. Onun vaxtsız ölümü bizim hamımızı yandırıb yaxdı, ürəyimizi göynətdi. Lakin o özündən sonra gözəl övladlar, zəngin elmi irs, saysız-hesabsız yetirmələr qoyub getdi. Elə bunlar da Firidun  müəllimin bir insan, bir alim, bir müəllim kimi xatirələrdə həmişəlik yaşaması üçün kifayətdir.

Ədəbiyyatımızın ağsaçlı, fəqət, heç zaman qocalmayacaq, həmişəcavan yaradıcılarından olan Firidun müəllimin unudulmaz və əziz xatirəsi onun qohum və qardaşlarının, dost və tanışlarının, çoxsaylı tələbələrinin, həmçinin respublikanın qədirbilən ədəbi ictimaiyyətinin yaddaşında həmişəlik yaşayacaqdır.

İndi Firidun müəllimin 80 yaşı tamam oldu. O, 80 ilin 53 ilini yaşadı. Bu 53 ili şərəflə yaşadı. Böyük ədəbi məktəbin əbədiyaşar üzvü kimi əbədiyyətə qovuşdu. Bizə təravətini itirməyən zəngin mənəvi xəzinəsi qaldı.

 

 

Vasim MƏMMƏDƏLİYEV,

AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi

Azərbaycan.-2013.- 15 noyabr.- S.6.