Böyük ziyalı, vətənpərvər insan

 

Bəzən deyirlər ki, hər bir insan yaşadığı ömür tarixini özü yazır... arzudan, qayədən, niyyətdən keçib reallığa qovuşan əməlləri ilə, onu tanıyanların, xatırlayanların qəlbində buraxdıqları məhrəm izlərlə, duyğularla. Gedişindən, gərdişindən baş açmağın, baş saxlamağın çox çətin olduğu zamanda kimlərəsə örnək ola biləcək bir həyat yaşamaq özübir ayrı fədakarlıq və insan hünəridir.

Elə içində olduğumuz zəmanəni, həyatımızı mənalandıran, şəhd-şirə verən, bizlərin yaşamaq şövqünü alovlandıran da ətrafımızda bu cür insanların olmasıdır. Qeyri-ixtiyari düşünürsən ki, dünyanın ləngərini saxlayan, insan adına xəlq olunmuş dəyərlərin səfini-sahmanını qoruyan, həqiqət tərəzisinin ədalət daşını qəribçiliyə düşməyə qoymayan tanıdığımız bu cür insanlardır.

Onların sırasında respublikanın böyük ziyalılarından, zəhmətkeş hüquqşünas-alimlərindən İsaxan Vəliyevin yeri xüsusilə görünür. Ölkənin hüquq ictimaiyyəti, elm camiəsi onu yaxşı tanıyır.

 

*  *  *

 

Hüquq elmləri doktoru, professor İsaxan Vəliyev 1958-ci il noyabrın 15-də Azərbaycanın qədim diyarlarından, elm-maarif ocaqlarından sayılan Şamaxıda dünyaya göz açmışdır. O vaxtın, elə indinin özünün də ən dəbli ixtisası olan hüquqşünas peşəsinə yiyələnmək arzusu onu Bakıya gətirdi və imtahanları müvəffəqiyyətlə verərək hüquq fakültəsinin tələbəsi adını qazandı. 1981-ci ildə təhsilini başa vurarkən İsaxanın təyinatını əlaçı tələbə kimi prokurorluq sisteminə verdilər və əmək fəaliyyətinə Yasamal rayon prokurorluğunun müstəntiqi kimi başladı.

Heç şübhəsiz, gözəl təhsillə işgüzarlığın, məsuliyyətin, təşəbbüskarlığın və nəhayət, təcrübəli prokurorluq işçilərindən öyrənməklə cilalanmış peşəkarlığın uğurlu vəhdəti öz nəticəsini çox gözlətmədi. 1987-ci ildə İ.Vəliyev Azərbaycan Respublikası Prokurorluğunun Ümumi nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkildi. Bu, çox böyük etimad idi. Eyni zamanda, gəncliyinə rəğmən İsaxanın qazanmış olduğu yüksək professional vərdişlərin və bacarığın etirafı idi. Amma görünür, bu səviyyə  onun yüksəlişində hələ son zirvə deyil, sıradan bir pillə imiş. Belə ki, gənc hüquqşünas kimi onun əldə etdiyi nəticələr artıq ittifaq miqyasında yayılmışdı və o vaxt 30 yaşı ilə təzəcə vidalaşan İsaxan Vəliyev SSRİ Prokurorluğu tərəfindən Bakı şəhər prokuroru təyin edildi. Belə bir təyinat ittifaq respublikalarının paytaxtları arasında yeganə istisna idi. Gənc prokurorun çevik ahəngi, tükənməz enerjisi, hüquq pozuntularına və qanunazidd əməllərə qarşı barışmaz və birmənalı sərt mövqeyi şəhərin hüquq-mühafizə orqanlarının, şəxsi heyətin fəaliyyətində də pozitiv dəyişiklikləri səbəbləndirmişdi. Hər şeydən əvvəl, bu şərəfli olduğu qədər də ağır və məsuliyyətli sahədə işləyənlər, fəaliyyət üçün bir stimulun yarandığını qeyd edirdilər.

Həmin dövrdə İsaxan Vəliyevin Bakı prokuroru kimi praktiki hüquq sahəsindəki müsbət təcrübəsi geniş təbliğ edilir və öyrənilirdi. Gənc prokurorun uğurlarının kökündə, sadəcə, zəhmətkeşliyi, tələbkarlığı, sırf professional üstünlükləri dayanmırdı. Bunlar hər bir vicdanlı prokurorluq əməkdaşı üçün sıradan keyfiyyətlər idi. Amma İ.Vəliyevi yaxşı mənada fərqləndirən onun şəxsi məziyyətləri idi: mənəvi təmizliyi, yüksək ədalət hissi, hüquq pozuntularına qarşı ifrat barışmazlıq duyğusu idi, yüksək intellekti, daim hüquqi biliklərini artırmaq əzmi, dövlətə, qanunçuluğa və dövlətçiliyə hədsiz sədaqət hissi idi.

Heç şübhəsiz, öz narahat günlərini, taleyinin çox mürəkkəb bir tarixini yaşayan, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşən, müharibənin məhrumiyyətlərini ürəyində, çiynində daşıyan bir ölkədə bu cür mübariz, yenilməz xarakterli insanlara ehtiyac az deyildi. Azərbaycanın ölüm-dirim savaşında olduğu bir vaxtda xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyev İsaxan Vəliyevi məhz bu cür keyfiyyətlərinə görə qiymətləndirərək 1993-cü ildə Respublika Baş prokurorunun müavini vəzifəsinə təyin etdi. Həmin dövr ictimai-siyasi məzmununa və mündəricəsinə görə çox mürəkkəb, ziddiyyətli və təhlükəli dövr idi. Ulu öndər təzəcə qayıtmışdı və ölkə həm daxili, həm də xarici təhdidlərlə üzbəsurət qalmışdı. Birillik cəbhə hakimiyyətinin müharibədə yaşatdığı uğursuzluqlar, xarici qüvvələrin fitvası ilə ölkəni şimalda və cənubda didib-parçalamağa hazır olan separatçı əhval-ruhiyyə, daxildəki revanşist qüvvələrin ölkəni vətəndaş müharibəsinin girdabına sürükləməsi... Azərbaycanın boynundan asılmış problemlər zəncirinin yalnız bir neçə həlqəsi idi. Və İsaxan Vəliyev də yeni vəzifəsində ölkə Prezidenti Heydər Əliyevə kömək etməli idi. Onun bu işə necə böyük bir enerji, qətiyyət və ciddiyyətlə qoşulduğunu Baş prokurorun müavininə qarşı düzənlənmiş terror hadisəsi də sübut edir.

"Gecə yarısı qətl" kitabının müəllifi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, sabiq Baş prokurorun birinci müavini İsa Nəcəfov 2001-ci ildə işıq üzü görmüş sənədli povestində həmin dövrün müəmmalı və qanlı hadisələrinin üzərindən sirr pərdəsini götürərək yazır: "1994-cü il iyulun 20-də Naxçıvani və XI Aşırım küçələrinin kəsişdiyi yerdə partlayış qopdu. "Niva" maşınının qabaq oturacağında əyləşmiş naməlum şəxs "Qaz-31" maşınının açıq pəncərəsinə "F-1" tipli iki əl qumbarası tulladı. Maşında respublika Baş prokurorunun müavini İsaxan Vəliyev və onun sürücüsü oturmuşdular... Qumbaraların birinin partlayışı nəticəsində İsaxan Vəliyev, sürücüsüyoldan keçən üç nəfər təsadüfi şəxs, o cümlədən yeniyetmə xəsarət aldı".

O vaxt İsaxan Vəliyevə qarşı törədilmiş bu sui-qəsdin arxasında çox ciddi səbəblər dayanmışdı. Məqsəd ölkəni məhkum olduğu siyasi böhranın, iqtisadi tənəzzülün, sosial xaosun girdabından dartıb çıxaran, onun həqiqi müstəqilliyinə dönməz xarakter verən, müharibəni saxlamağa çalışan, sabitliyi adi yaşam normasına çevirməyə cəhd edən ulu öndər Heydər Əliyevin sədaqətli və  mübariz silahdaşlarını vurub sıradan çıxarmaq, ölkədə xof və dərəbəylik mühiti yaratmaq idi. Ancaq Azərbaycanın sonrakı taleyi göstərdi ki, bütün bu cəhdlər əbəs imiş. Tarix özü hər şeyi yerli-yataqlı sahmanladı.

Baş prokurorun müavini kimi İ.Vəliyev həmişə dövlətçilik və qanunçuluq ideallarını uca tutmuş, öz fəaliyyətinin ali qayəsini dövlətin, xalqın və insanların maraq və mənafelərinin məxrəcinə gətirməyi bacarmışdır. Bu, əqidəsi, amalı və əməli bir ürəkdə vuran vətəndaş-hüquqşünasın seçimi, səfini kainatın heç bir fiziki qüvvəsinin dağıda bilməyəcəyi sarsılmaz mövqeyi idi.

İsaxan müəllimin hüquq elminə dərin maraq və istəyi hələ hüquq-mühafizə orqanlarında çalışdığı dövrdə də onu rahat buraxmamışdır. 1992-ci ildə o, apardığı elmi araşdırmaları tamamlayaraq "Cinayət hüququ" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Sonralar - Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Siyasi fənlər kafedrasında dosent işlədiyi dövrdə, İ.Vəliyev göndəriş əsasında Rusiya Daxili İşlər Nazirliyi Moskva Universitetinin doktoranturasına daxil olmuş və 2005-ci ildə həmin təhsil müəssisəsinin Elmi Şurasında "Dövlət hakimiyyəti sistemində prokurorluğun yeri: Rusiya Federasiyası, Azərbaycan Respublikası və Qazaxıstan qanunvericiliyinin müqayisəli təhsili əsasında" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Hüquq elmləri doktoru diplomu Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınmışdır.

Bu gün hüquq elmləri doktoru, professor  İsaxan Vəliyev həm elmi, həm də pedaqoji fəaliyyətini davam etdirməklə yanaşı, çox ciddi elmi tədqiqatlarla məşğuldur. O, bir neçə monoqrafiyanın, dərs vəsaitlərinin, 100-ə yaxın elmi məqalənin müəllifidir. "Cinayətin obyektiv tərəfi haqqında", "Cinayətin əlamətlərinin aşkar edilməsinin cinayət-prosessual formaları" adlı sanballı monoqrafiyalar Moskvada çap olunmuşRusiya hüquq elmi ictimaiyyətinin rəğbətini qazanmışdır. Elə bu günlərdə alimin "Vergilər və vergitutmanın hüquqi əsasları" adlı sanballı dərs vəsaiti işıq üzü görmüşdür. Belə bir qürurverici faktı qeyd etmək də yerinə düşərdi ki, İ.Vəliyev "Cinayət hüququ" ixtisası üzrə Rusiya Federasiyasının Biblioqrafik toplusuna adı düşmüş ilk azərbaycanlı hüquqşünas-alimdir. Və yenə də o, Rusiyada müdafiəyə çıxarılan doktorluq işlərində rəsmi opponent kimi iştirak edən, seçilən alimlərimizdəndir. İsaxan müəllim Rusiya Ali Attestasiya Komissiyasının siyahısına daxil olmuş 2 jurnalın redaksiya heyətinin üzvüdür və həmin jurnallarda onun yubileyi ilə bağlı yazıları oxuyanda qürur hissi keçirməmək mümkün deyildir.

İsaxan Vəliyev 2007-ci ildən etibarən Milli Elmlər Akademiyasının Fəlsəfə, SosiologiyaHüquq İnstitutunda "Cinayət hüququ və cinayət prosesi" şöbəsinə rəhbərlik edir. Bu vəzifəsində də o, diqqətini ciddi elmi layihələrə yönəltmiş, elmi işlərin keyfiyyət və kəmiyyət göstəricisini əsaslı şəkildə yaxşılaşdırmağa müvəffəq olmuşdur. Onun əməyi AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə qiymətləndirilmişdir.

İsaxan müəllim vətənpərvər ziyalı, elmin qeyrət və təəssübünü çəkən alim kimi gənc hüquqşünas-alimlərin yetişdirilməsinin, elmin gəncləşdirilməsinin,  yüksək ixtisaslı elmi kadrların hazırlanmasının da qayğısına qalır. O, onlarla doktorant və dissertantın elmi rəhbəridir və elmin çətin, keşməkeşli yollarında onlara sidq-ürəklə bələdçilik edir.

Professor İ.Vəliyevin həyat yolu, fəaliyyət bioqrafiyası vətənpərvərlik örnəyidir, təcrübə məktəbidir, dəyərlər nümunəsidir. O, məişətdə də, işdə də eyni cür olmağı, insanlarla münasibətdə səmimiyyət və saflığı qorumağı, alim şərəfini həmişə uca tutmağı bacarıb. Ondan əxz olunası mənəvi keyfiyyətlərin sayı birdimi, beşdimi, ondumu? İnsanalim adına yaxşı, qürurvericivarsa, hamısı qəribə bir harmoniyaqanunauyğunluqla İsaxan müəllimin şəxsiyyətində cəmləşib.

O, çalışdığı yüksək məqamlara rəğmən təmiz adını, mövqeyini və ədalət hissini qoruyub saxlamağı bacarmış, vicdan duyğusunu əxlaqi kateqoriya kimi bütün dəyərlərin fövqünə qaldırmağı bacaran hüquqşünaslardandır.

İsaxan müəllim fəal həyat mövqeyi olan alimlərdəndir. O, mütəmadi olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi dövlət quruculuğu, həyata keçirilən hüquqi islahatlar, ölkədəki hərtərəfli inkişafquruculuq haqqında maraqlı məqalələrlə çıxış edir, mətbuatda aparılan elmi-nəzəri diskussiyalarda fəal iştirak edir.

Bir kimsə haqqında söz deyərkən bu işə bir neçə bucaqdan yanaşmalı olursan: öncə vətəndaş kimi, sonra insan, dost, yoldaşı, daha sonra ailə başçısı, peşə sahibi kimi... bütün bunlardan sonra isə səbəblər öz-özünə yaranır. Bu mənada professor İsaxan Vəliyev bütün bu məziyyətlərin hamısına haqq etmiş kəslərdəndir. Vətəndaş kimi prinsipialmövqeyi bəlli, insan kimi alicənab və təvazökar, dost kimi sadiq və etibarlı, yoldaşı kimi səmimi və mehriban, ailə başçısı kimi ailəcanlı və narahat, hüquqşünas kimi isə istedadlı və peşəkar.

Ən başlıcası isə odur ki, İsaxan Vəliyev haqqında bəhs edərkən - Nədən yazım? Nədən danışım? - kimi cavabı çox müşkül suallar adamı divara qısnamır. Əksinə, nələrisə unuda biləcəyinin, nələrinsə üzərində daha geniş dayana biləcəyinin narahatlığı təqib edir səni...

Elə bu kiçik söz payında olduğu kimi.

 

 

Mirağa CƏFƏRQULİYEV,

hüquq elmləri doktoru, professor

Azərbaycan.-2013.- 15 noyabr.- S.6.