Bakıda MDB-yə üzv dövlətlərin VI Bakı Beynəlxalq bank konfransı keçirilir

 

Noyabrın 15-də MDB-nin Maliyyə-Bank Şurası Azərbaycan Beynəlxalq Bankının, MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MDB-yə üzv dövlətlərin VI Bakı Beynəlxalq bank konfransı işinə başlamışdır.

Konfrans "MDB-nin maliyyə bazarları Birlik məkanında iqtisadi inteqrasiyanın əsasıdır" mövzusuna həsr olunmuşdur. 

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Bakı konfransının MDB məkanında maliyyə-bank təşkilatları arasında əməkdaşlığa, eləcə də iqtisadi əlaqələrin möhkəmlənməsinə təkan verəcəyini demişdir. Qeyd etmişdir ki, MDB məkanında iqtisadi əməkdaşlıq üçün böyük potensial mövcuddur.

Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Cahangir Hacıyev çıxış edərək konfransın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Bakı konfransı Birlik dövlətlərinin və uzaq xarici ölkələrin ən iri maliyyə, bankinvestisiya təsisatlarının rəhbərlərini bir yerə toplayır.  Bugünkü konfransda aktual məsələlərin müzakirə olunacağını diqqətə çatdıran C.Hacıyev tədbirin əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini demişdir. Bildirilmişdir ki, maliyyə və iqtisadi böhran şəraitində inteqrasiya və müxtəlif layihələrin həyata keçirilməsi, problemlərin geniş müzakirəsi vacib məsələlərdəndir.

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov çıxış edərək böhranla bağlı tənzimləyici orqanların rolundan danışmışdır. Məlumat vermişdir ki, AMB-nin gördüyü lazımi tədbirlər nəticəsində milli bank sektorunda ciddi gərginlik baş verməmiş və hazırda sektorda davamlı artım müşahidə olunmaqdadır. Belə ki, böhranpost-böhran dövründə bank aktivlərinin orta illik artım tempi 16 faiz olmuş, məcmu kredit portfeli 20 faiz artmışdır. Azərbaycan bank sektorunda böhran dövründə depozitlərin artımı baş vermişdir. Hazırda dünyada tənzimləyici orqanlar tərəfindən maliyyə-bank sektoru ilə işin qurulması prinsiplərinin dəyişməsi zəruridir və AMB artıq banklarla işini qabaqlayıcı tədbirlər əsasında qurur.

Goldman Sachs İnternational Advisers şirkətinin sədri Robert Zelik qeyd etmişdir ki, Azərbaycan sürətlə inkişaf edən ölkələrdəndir. Hazırda bütün ölkələr qlobal çağırışlarla üz-üzədir. Hazırkı dövrdə ötən əsrin 80-90-cı illərindəki böhran gözlənilmir, bu da həm bank, həm də maliyyə sistemlərinin daha müasir texnologiyalardan istifadə etməsi ilə izah olunur.

MDB-nin Maliyyə-Bank Şurasının Əlaqələndirmə Şurasının  sədri Anatoli Kazakov vurğulamışdır ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Son 10 ildə ölkə iqtisadiyyatına böyük miqdarda  sərmayə yatırılmışdır. Cənubi Qafqazda ÜDM-in 82 faizinin Azərbaycanın payına düşdüyünü deyən A.Kazakov qeyd etmişdir ki, Azərbaycan hazırda Cənubi Qafqazın əsas maliyyə mərkəzidir. Bakıda keçirilən MDB ölkələrində iqtisadiyyatın daha sürətlə inkişaf etdirilməsi, onun şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı platformadır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı çıxışında Azərbaycanın maliyyə sisteminin qlobal böhran zamanı sabit inkişaf tempi göstərdiyini diqqətə çatdırmışdır. Onun sözlərinə görə, maliyyə resursları kiçik biznes sahibləri üçün də əlçatan olmalıdır. Azərbaycanda bu amilə böyük diqqət yetirilir. 

Konfransda dünya maliyyə sisteminin qloballaşması şəraitində MDB-yə üzv dövlətlərin bank sistemlərinin fəaliyyəti məsələləri, pərakəndə bank xidmətləri bazarının inkişaf xüsusiyyətləri, regional, xüsusən də, Xəzəryanı regionların inkişaf perspektivləri, MDB məkanında iqtisadi proqramlar, habelə digər aktual məsələlər müzakirə olunmuşdur.

Konfrans işini plenar iclaslarla davam etdirmişdir.

Plenar iclaslarda MDB iqtisadiyyatlarının inkişaf sürətinin azalması şəraitində maliyyə təsisatlarının artım ehtiyatları, Birlik ölkələrinin maliyyə sektorunun investisiya cazibədarlığının artırılması amilləri, maliyyə təsisatlarının səmərəliliyinin yüksəldilməsində insan kapitalının rolu s. məsələlərlə bağlı məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Konfransda MDB ölkələrinin maliyyə bank qurumları, beynəlxalq maliyyə təşkilatları, eləcə Azərbaycanın bank sığorta təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Tədbir noyabrın 16-da başa çatacaqdır.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 16 noyabr.- S.5.