Yuli Qusmanın «Qorxma,
mən səninləyəm! 1919»
filminin təqdimat mərasimi olmuşdur
Birinci xanım Mehriban
Əliyeva mərasimdə iştirak etmişdir
Noyabrın 15-də Heydər Əliyev Sarayında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalı olan "Qorxma, mən səninləyəm! 1919" bədii filminin təqdimat mərasimi olmuşdur.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.
Görkəmli həmyerlimiz, Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar incəsənət xadimi, filmin ssenari müəllifi və rejissoru Yuli Qusman təqdimat mərasimində çıxış edərək 30 ildən artıq Moskvada yaşamasına baxmayaraq, doğulub boya-başa çatdığı Bakını heç vaxt unutmadığını, filmin çəkilişlərinin həyata keçirildiyi 6 rayonda yerli əhalinin onları qonaqpərvərliklə qarşıladığını demişdir.
"Qorxma, mən səninləyəm" filminin ikinci hissəsinin çəkilməsini çoxdan arzulayan və bu istəyini 30 ildən sonra reallığa çevirdiyini bildirən rejissor yeni ekran əsərinin ərsəyə gəlməsinə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Filmin xalqımızın necə qəhrəman, şən, musiqisevər, xoşbəxt bir xalq olduğunu göstərmək istəyi ilə lentə alındığını diqqətə çatdıran Y.Qusman hələ ilk ekran əsərinin çəkilişi zamanı ümummilli lider Heydər Əliyevin onlara yetirdiyi böyük diqqət və qayğını xüsusilə vurğulamışdır.
Filmin birinci hissəsinin çəkilişindən 32 il ötdüyünü qeyd edən Yuli Qusman bu ekran əsərinin hər iki ölkənin dostluğunu tərənnüm etdiyini bildirmişdir. Görkəmli rejissor Yuli Qusman daha sonra filmdə rol alan tanınmış aktyorları tamaşaçılara təqdim etmişdir.
Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tamaşaçıları salamlayaraq filmin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.
Bu
filmə həm Azərbaycanda, həm də Rusiyada
böyük marağın olduğunu xüsusi vurğulayan
Polad Bülbüloğlu tamaşaçıların ekran əsərinin
təqdimatını səbirsizliklə gözlədiklərini,
filmin daha da məşhurlaşacağına və uğur
qazanacağına ümidvar olduğunu qeyd etmişdir.
Filmin yaradıcı heyəti çəkilişlərə kömək etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirmişlər.
Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin Sərəncamı ilə Yuli Qusmana verilən "Şöhrət" ordenini rejissora təqdim etmişdir.
Ötən əsrin 80-ci illərində çəkilmiş "Qorxma, mən səninləyəm" bədii filminin davamı kimi ekranlaşdırılan yeni kino əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Filmdə,
həmçinin tanınmış rusiyalı aktyorlar Lev Durov,
Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir
Dolinskiy, Yuri Kobaladze, eləcə də azərbaycanlı
aktyorlar Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə
Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli,
Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə
Əhmədova, Rövşən Əsgərov və
başqaları çəkilmişlər.
Filmdəki intriqalar daha dramatik və təhlükəlidir. Söhbət yalnız qız
qaçırılmasından yox, qara qüvvələrin
Azərbaycanda demokratiyaya
qarşı üsyanından
gedir. Yeni ekran əsərində
məşhur bəstəkar-müğənni,
xalq artisti Polad Bülbüloğlunun
canlandırdığı Teymur
obrazı bu dəfə tamaşaçılara
həm deputat, həm də böyük bəstəkar
kimi təqdim edilmişdir.
Filmdə təhlükəli sərgüzəştlərlə
yanaşı, iki gənc qəhrəmanın
məhəbbəti də
öz əksini tapmışdır. "Romeo və Cülyetta"da olduğu kimi, onlar da iki
düşmən tərəfin
övladlarıdır.
Bu ekran əsəri
hər bir tamaşaçıda müstəqil
Azərbaycanın bugünkü
sürətli inkişafı
ilə bağlı dolğun təsəvvür
yaradır.
AzərTAc
Azərbaycan.-2013.- 16 noyabr.- S.4.