2014-cü il Azərbaycanın
inkişafında növbəti uğurlu mərhələ
olacaq
Gələn ilin dövlət büdcəsinin layihəsi bunu deməyə əsas verir
Dövlət büdcəsi paketlərinin parlamentlərdə müzakirəsi dünyanın bütün sivil ölkələrində geniş müzakirələrə səbəb olur, təklif və arzularla müşayiət edilir. Azərbaycanın Milli Məclisi də bu ənənələrdən və meyillərdən xali deyildir. Ölkəmizdə dövlət büdcəsi layihəsinin müzakirəsi təcrübəsi göstərir ki, deputatların pozitiv qeydləri, fikir və mülahizələri diqqətsiz qalmır, nəzərə alınır.
Bu həftə Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər geniş müzakirə edildi. Ümumi fikir ondan ibarət oldu ki, gələn il üçün büdcə layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsas makroiqtisadi proqnoz göstəricilər, mövcud sosial-iqtisadi vəziyyət və ortamüddətli inkişafa təsir göstərən daxili və xarici amillər, o cümlədən 2013-cü ilin ötən dövrü iqtisadiyyatın inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilib. Milli Məclisdə əvvəlki illərdə deputatların irəli sürdükləri təkliflərə də diqqət yetirilib.
Bütövlükdə 2014-cü ilin dövlət və icmal büdcə layihələri hazırlanarkən Prezident İlham Əliyevin dövlətimizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq sosial məsələlərin həllinə, əhalinin yaşayış və məşğulluq səviyyəsinin artırılmasına, ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsinə, regionların və sahibkarlığın inkişafına, digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilib, tələb olunan məbləğdə vəsait nəzərdə tutulub. Bununla yanaşı, dövlət büdcəsinin layihəsinin tərtibi zamanı növbəti illər üzrə Azərbaycan Respublikasının ortamüddətli makroiqtisadi proqnoz göstəriciləri əsas götürülüb.
2014-cü il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,4 faizi həcmində olmaqla, mütləq ifadədə 18 milyard 384 milyon manat proqnozlaşdırılır. Bu, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən 6,4 faiz və yaxud 1 milyard 103 milyon manat çox nəzərdə tutulur. Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat artımla proqnozlaşdırılır. Onu da qeyd edək ki, gələn il Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə ayrılacaq vəsaitin həcminin 2 milyard manat azaldılması nəzərdə tutulur. Bu, ölkəmizə qeyri-neft sektorunun inkişafını təsdiq edən çox mühüm faktordur. Bütövlükdə DNF-dən dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert müəyyən edilmişdir.
Təbii ki, dövlət büdcəsinin formalaşmasında Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi də yaxından iştirak edir. 2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur. Bu cari ilin proqnozu ilə müqayisədə 702,0 milyon manat və ya 11 faiz çox olacaq. Dövlət Gömrük Komitəsi üzrə isə dövlət büdcəsinə 1 milyard 510 milyon manat gəlir proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz və yaxud 130 milyon manat çoxdur. 2014-cü ildən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid edilmişdir. Bu mənbədən büdcəyə 400 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.
Gələn il Azərbaycanda dövlət büdcəsinin xərclərinin 20 milyard 63 milyon manat olması planlaşdırılır. Bu, müstəqillik dövründə qeydə alınan ən yüksək göstəricidir. Bu, ötənilki xərclərə nisbətən 1,1 faiz və ya 213 milyon manat çoxdur. 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə bu məbləğ 2 milyard 647 milyon manat və yaxud 15,2 faiz çox deməkdir. Bunun 10 milyard 882 milyon manatı cari xərclərə (2013-cü ilə nisbətən 887 milyon manat və ya 8,9 faiz çox), 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 781 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
Funksional istiqamətlər üzrə bu ilə nisbətən 2014-cü ildə sosial müdafiə və sosial təminat xərcləri 14 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 13,9 faiz, elm xərcləri 12,5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informasiya və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7,1 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitə xərcləri 8,7 faiz, mənzil və kommunal təsərrüfatı xərcləri 14,6 faiz artımla proqnozlaşdırılır. Büdcənin kəsiri isə 1 milyard 679 milyon manat məbləğində (ÜDM-in 2,9 faizi həcmində) müəyyən edilib. Büdcə kəsirinin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı, borclanmadan, özəlləşmədən daxilolmalar və xarici qrantlar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının 2014-cü il icmal büdcəsinin gəlirləri 21 milyard 986 milyon manat olmaqla, cari ilə nisbətən 1 milyard 257 milyon manat və ya 6,1 faiz çox, xərcləri 24 milyard 444 milyon manat məbləğində nəzərdə tutulub. İcmal büdcəyə aid olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri bərabər olmaqla, 2 milyard 929 milyon manat təşkil edəcək. Bu, 2013-cü ilə nisbətən 296,0 milyon manat və ya 11,2 faiz artım deməkdir.
Hazırda Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin Milli Məclisdə geniş müzakirəsi zamanı deputatların qaldırdıqları məsələlər, irəli sürdükləri təkliflər hökumət tərəfindən öyrənilir. Ümumiyyətlə, isə Azərbaycanın 2014-cü il dövlət büdcəsi layihəsi ilə tanışlıq nəticəsində belə bir qənaət formalaşır ki, ölkəmizdə iqtisadi sferada yaranan keyfiyyətcə yeni situasiya bütün sahələrdə inkişafın davamlı olmasına yol açır. Bir neçə il əvvələ qədər arzu kimi görünən məsələlər bu gün reallığa çevrilir. Bu baxımdan gələn ilin dövlət büdcəsinin bütün göstəriciləri ondan xəbər verir ki, 2014-cü il Azərbaycanın inkişafında növbəti uğurlu mərhələ olacaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2013.- 16 noyabr.- S.4.