Hüseyn Cavidin İstanbulda nəşr edilmiş
kitabının təqdimatı olmuşdur
Noyabrın 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və "Kaspi" qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunmuş "Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013) kitabının təqdimatı olmuşdur.
Tədbir
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun,
"Kaspi" qəzeti - Kaspi Təhsil Mərkəzinin və
Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı
ilə keçirilmişdir.
Giriş sözü ilə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından, ədəbi xidmətlərindən, onun əsərlərinin Türkiyə nəşrindən danışmışdır. Bildirmişdir ki, Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya romantizm ədəbi ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutmuşdur. Ölkəmizdə teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyası mühüm rol oynamışdır. Azərbaycanda fəlsəfi ədəbiyyatın da böyük yaradıcılarından biri olan Hüseyn Cavid Türkiyədə təhsil almış və Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsini gətirmiş ilk ədibdir.
Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrindən danışan İ.Həbibbəyli qeyd etmişdir ki, bu əsərlərin yüksək poliqrafiya ilə böyük həcmdə çap olunması Türkiyə-Azərbaycan əlaqələrində əhəmiyyətli bir hadisədir. Hüseyn Cavidin Türkiyədə çap olunan bu əsərləri bir mədəniyyət hadisəsidir. Bu nəşr Cavidşünaslığın inkişafına təkan verəcək, Azərbaycan-Türkiyə ədəbi əlaqələrini daha da zənginləşdirəcəkdir.
Professor Kamran Əliyev Hüseyn Cavidin nəsillərə örnək olan zəngin və təkrarsız yaradıcılıq irsinin zaman keçdikcə daha çox aktuallıq kəsb etdiyini bildirmişdir. Professor qeyd etmişdir ki, bu nəşr Hüseyn Cavidin yaradıcılığını yenidən araşdırmaq üçün yaranan bir fürsətdir.
Filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" qəzetinin təsisçisi, Hüseyn Cavid əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyeva qeyd etmişdir ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsini gətirən böyük sənətkardır. O, xalqın dilini, mənəviyyatını, milli-mənəvi dəyərlərini birləşdirərək türkçülük məfkurəsini ədəbiləşdirmiş, bütün əsərlərində bu ideyanı irəli sürmüşdür. H.Cavid əmin idi ki, türk dünyasının xilası, onun tarixdə duruşu və millətin bütün təhlükələrdən qurtuluşu türkçülük məfkurəsindədir.
Sona Vəliyeva bildirmişdir ki, ulu öndər Heydər Əliyev Hüseyn Cavidə məqbərə ucaltmışdır və bu da ümummilli liderin böyük sənətkara olan məhəbbətinin və ehtiramının göstəricisidir. Kitabın əhəmiyyətindən danışan Sona Vəliyeva əlavə etmişdir ki, bu nəşr Hüseyn Cavidin tədqiq edilməsində, böyük şairin dünyaya tanıdılmasında mühüm rol oynayacaq, görkəmli dramaturqun irsinin öyrənilməsində yeni bir mərhələ açacaqdır.
Hüseyn Cavid əsərlərinin İstanbul nəşrini hazırlayan filologiya üzrə fəlsəfə doktoru Azər Turan kitabın Hüseyn Cavid irsinin tədqiq edilməsində əhəmiyyətli bir mənbə olacağını bildirmişdir.
Milli
Məclisin deputatı Elmira Axundova, Mətbuat
Şurasının sədri Əflatun Amaşov, Hüseyn
Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, Türkiyənin
ölkəmizdəki səfirliyinin mədəniyyət və
turizm işləri üzrə müşaviri Seyid Əhməd
Arslan və digər çıxış edənlər
Hüseyn Cavidin həyatı və çoxşaxəli
yaradıcılığının müxtəlif məqamlarından
söhbət açmışlar.
AzərTAc
Azərbaycan.-2013.- 16 noyabr.- S.5.