Əmək və əhalinin sosial müdafiəsi naziri
Qax
rayonunda vətəndaşları qəbul etmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AzərTAc xəbər verir ki, noyabrın 15-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində bu rayondan, eləcə də Balakən, Zaqatala, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbul barədə əvvəlcədən kütləvi informasiya vasitələrində məlumat yayılmış, müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılmışdır.
Nazirliyin vəzifəli şəxslərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşlar əsasən ünvanlı sosial yardımın təyin olunması, əlillik dərəcəsinin müəyyən olunması, məşğulluq, mənzil problemi, minik avtomobilləri və əlil arabalarının verilməsi, sağlamlıqlarının bərpasına kömək və digər sosial xidmətlərlə bağlı müraciətlər etmişlər.
Vətəndaşların
müraciətlərində qaldırılan məsələlərin
qısa vaxt ərzində araşdırılaraq obyektiv şəkildə
həll olunması üçün nazirliyin aidiyyəti
strukturları və yerli qurumlarının rəhbərlərinə
müvafiq göstərişlər verilmişdir. Eyni zamanda, vətəndaşların
nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri
aidiyyəti qurumlara çatdırılmaq
üçün qeydiyyata
alınaraq nəzarətə götürülmüşdür.
Azərbaycan.-2013.- 16 noyabr.- S.7.