Ömrüm əmanətdir, izim zəmanət

 

Yaşasaydı, Sosialist Əməyi Qəhrəmanı

 Qızqayıt Həsənovanın 90 yaşı olardı

 

 

O vaxtlar, o vaxtlar deyəndə ki, sovet dövründə Sosialist Əməyi Qəhrəmanı adı əməyin zirvəsi, ən böyük fəxri titulu sayılırdı. Belə qəhrəmanları arayıb ərsəyə gətirəndə təkcə həmin adamın özünü yox, nəsil-nəcabətini, el dilində desək, yeddi arxa dönənini ələyib-ələkdən keçirir, şəffaf bioqrafiyaya üstünlük verirdilər. Qızqayıt Həsənova da ən çox ona sevinib ki, onu böyüdən, ərsəyə gətirən adamları heç vaxt, heç vədə inamlarında, güvənclərində yanıltmayıb.

Ömrü boyu zəhmətilə sübut edib ki, qazandığı bütün uğurlar onun halal haqqı, əməyinin nəticəsidir. Az vaxt deyil,  düz 40 ildən çox eyni təsərrüfata rəhbərlik etmək, elin-obanın hörmətini, nüfuzunu qazanmaqömrünün sonuna qədər bu kənddən-kəsəkdən ayrılmamaq onun qismətinə düşüb. Nə yaxşı ki, yaşının ahıl çağında Qızqayıt Həsənova şərəfli həyat yolunun bəzi məqamlarını öz dəst-xətti ilə yazıya köçürüb. Bu gün nəvələri o yazıları oxuyur, ondan çox şey öyrənirlər. Yaşasaydı, bu il 90 yaşı tamam olardı. Amma ötən il nurani yaşında el-oba ilə vidalaşdı. Sonuncu məqamda deyib ki,  heç nədən nigarançılığım yoxdur, nə övladlarımdan, nə də qismətimdən gileyliyəm. Amma bu kəndin əzəli əmanətini - səmimiyyəti, xoş ünsiyyəti, halallığı ömrü boyu qoruyun, nəsil-nəsil yaşadın. Hələ bu yerlərə üz tutan qonaq geriyə gileyli dönməyib. Adamlar yaxşı bilir ki, kolxoz həm də mənim evim olub. Yaxşı nə yaratmışıqsa, faydasını, bəhrəsini kənd camaatı görüb. Ona görə də el-obadan arxayınam. Arxayınam ki, mənə ittifaqın ən fəxri adlarını qazandıran bu təsərrüfat formaca dəyişsə də, ənənələr itməyəcək. Doğrudan da Biləsuvarın Xırmandalı kəndində Qızqayıt Həsənovanın adı bu günuca tutulur, əməlləri layiqincə yaşadılır. Hələ bir vaxtlar kolxoz E.Telmanın adını daşıyanda kənd adamları təşəbbüs irəli sürmüşdülər ki, bu təsərrüfata Qızqayıt Həsənovanın adının verilməsi onun halal haqqıdır. 1984-cü ildə bu təşəbbüsü hamılıqla bəyəndilər. Kolxoz muzeylik olana qədər Qızqayıt xanımın adını daşıdı. Kənd camaatı Xırmandalı kəndinin mərkəzi küçəsinə də Qızqayıt Həsənovanın adını verdilər. Bütün bunlar sənədlərə yazılanlardır. Ən böyük etimadinam isə hər kəsin qəlbindəki sevgidən, istəkdən başlayır...

Xırmandalı kənd məktəbinin müəllimi Firidun Hüseynov deyir ki, Qızqayıt xanım kəsərli və təpərli insan idi. Ən yüksək tribunalarda sözünün çəkisi, özünün nüfuzu vardı. Bu kənd üçün nələr etmədi?.. Yeni məktəb binası, kənd xəstəxanası, məişət evi, abad yollar... Hansını sayıb-sadalayım? Deyərdi ki, aldığımız fəxri adlar da, keçici Qırmızı bayraqlar da - hamısı sizin mükafatınızdır. Etimad göstərib ən yüksək tribunalarda mənə öz adınızdan danışmaq hüququ verdiyinizə görə ömrüm boyu sizə borcluyam.

Qızqayıt xanımın xeyir-duası ilə o qədər qız-gəlin xoşbəxt olub ki... Deyirlər, imkanı olmayanlara öz balası kimi toy edərdi, belə minnətsiz himayədən qürur duyardı.

Qızqayıt xanımın xatirələrindən: "Ən xoşbəxt günlərimdən biri ümummilli liderimiz Heydər Əliyevlə olan görüşümdür. Onda hiss etdim ki, bizim güclü dayağımız, təpərli arxamız var. Adamların dolanışığı, güzəranı ilə maraqlandı, təsərrüfatımızın ittifaq səviyyəsində fərqlənməsini yüksək dəyərləndirdi. Belə görüşlər bizim məsuliyyətimizi birə-beş artırırdı. Ömrümün axırına qədər hiss etdim ki, Heydər Əliyev dühasının hər bir azərbaycanlının taleyində bir zərrəsi var. Bu dühanın işığından, qayğı və himayəsindən ömrüm boyu mənə də gen-bol pay düşüb".

Doğrusu, Qızqayıt xanımın müdriklik çağında yazdığı xatirələri oxuyanda diqqətimizi cəlb edən bəzi deyimləri unutmadıq. Yazır ki, mərdlik olmasa, müdriklik faydasızdır. Və nə yaxşı ki, Qızqayıt Həsənova özü mərdliklə müdrikliyi qoşa yaşadı. Elə yaşadı ki, onun taleyinə unudulmağın zərrə qədər də izi düşmədi. Yenə kənd camaatı onun 90 illik yubileyini təntənə ilə qeyd etmək üçün bir araya gəlib. Ona görə ki, bu kəndin yolunda-izində, bağında-bağçasında Qızqayıt xanımın silinməz izləri var. Hələ sağlığında onun əməyinə nəğmələr, mahnılar qoşulub. Biz bu güno səsin, o avazın sorağı ilə ötən günlərə qayıdırıq:

 

 

 

Ay qızların can sirdaşı, Qızqayıt

Oğlanların qız qardaşı, Qızqayıt!

 

 

O vaxtlar "sosializm yarışı" deyilən bir ənənə vardı. Hər il Orta Asiya pambıqçıları Azərbaycanın müxtəlif təsərrüfatlarında olur, yarışın nəticələrini yoxlayırdılar. Mərkəzi Komitədən Özbəkistan pambıqçılarından ibarət nümayəndə heyətini Biləsuvara yola salmışdılar. Onlar Qızqayıt Həsənovanın rəhbərlik etdiyi təsərrüfatda olanda bu sözləri deyiblər: "Biz bura yoxlamaya deyil, Qızqayıt xanımın təcrübəsindən öyrənməyə gəlmişik". Əlbəttə, onun üsulu, zəngin təcrübəsi ittifaq pambıqçıları arasında geniş yayılmışdı. Onu həm əmək adamı kimi, həm səmimi dost kimi çox sevirdilər. Qızqayıt xanımın xatirə dəftərindən daha bir qeyd: "O vaxtlar Heydər Əliyevin təşəbbüsü ilə yeni bir ənənə başlamışdı. Gənclər təhsil almaq üçün ittifaqın nüfuzlu ali məktəblərinə göndərilirdi. Onda biz də təsərrüfat daxilində gənclərin seçimini etdik. Onların təhsilini davam etdirməsi üçün köməyimizi əsirgəmədik. Sonralar biz bu kadrların potensial gücündən qədərincə faydalandıq".

Qızqayıt xanım xatirələrində yazır ki, ömrüm boyu o günləri unuda bilmərəm. O günləri ki, Heydər Əliyev təsərrüfatımızda olurdu, pambıqçılarla işgüzar söhbətlər aparırdı. Özü də belə görüşlər bir dəfə, beş dəfə yox, bəzən hər il təkrar olunurdu. Açığını deyim ki, elə pambıqçılar da Heydər Əliyevlə görüşmək üçün darıxırdılar. Ona görə ki, o, bir rəhbər kimi şərəfli əməyə dəyər verməyi bacarırdı. Hər kəs hiss edirdi ki, çəkdiyi zəhmət qiymətsiz qalmayacaq.

Qızqayıt Həsənovanı əməyin zirvəsinə yüksələn qəhrəmanlarla müqayisə etmək olar. Amma gərək bir fərqi də unutmayaq. Unutmayaq ki, keçmiş ittifaqda yeddi dəfə "Lenin" ordeninə layiq görülən cəmi iki nəfər olub: biri Marşal Jukov, o birisi Qızqayıt Həsənova! Bu faktın özü sadə azərbaycanlı qadının yalnız halal zəhmətinə, əməyinə güvənməklə nə qədər ucaldığından, yüksəldiyindən soraq verir.

Qızqayıt xanım öz gündəliyində təəssüf hissi ilə yazdığı bir iradını da gizlətmir. Yazır ki, mən Sovet İttifaqının ən yüksək əmək mükafatına layiq görülsəm də, 1990-cı ilin Yanvar faciəsindən sonra çox şeylərdən üz döndərdim. İttifaq deyilən bir məmləkətə inamım, etibarım heçə endi. Xalqımızın ən dəyərli oğullarının qanını tökənlər gözümdə yalnız cəllad cildində göründülər. Onda da ümidinam yeri kimi bu xalqa Heydər Əliyev həyan oldu, bizi çox bəlalardan xilas etdi. Bir daha inandıq ki, o illərdə Azərbaycana Heydər Əliyev rəhbərlik etsəydi, naşı qərarların güdazına getməzdik. O, xalqımızın itirilmiş inamını, ümidini özünə qaytardı. Biz Heydər Əliyevi kəskin, prinsipial, təmkinli lider kimi tanıyırdıq.

Qızqayıt Həsənova öz xatirələrində yazır ki, Heydər Əliyev Moskvada olanda da Azərbaycanı, elmimizi, təhsilimizi, iqtisadiyyatımızı... unutmadı. Biz onun rəhbər himayəsini, vətəndaş təəssübkeşliyini daim hiss edirdik. Hiss edirdik ki, Azərbaycan təkcə MDB məkanında yox, Şərqi Avropa miqyasında qədərincə tanınır, öncül mövqelərdən birinə çıxır. 1993-cü ildən Azərbaycan yenidən Heydər Əliyev siyasi kursunu - tərəqqi və dirçəliş modelini seçməklə davamlı inkişafa doğru irəliləməkdədir.

Qızqayıt xanım öz qeydlərində çox şeyləri olduğu kimi xatırlayır. Artıq o illər arxada qalıb. Yaddaş yazısı, yaşanan ömür kimi... Qızqayıt xanım dönə-dönə o illərə qayıdır, heç nəyi unutmur. Əslində yaxşı əməllərinə, gördüyü dəyərli işlərə görə el-oba da onun adını, ləyaqətini uca tutur. Hər gün kənd camaatı onun adını daşıyan mərkəzi küçədən ötəndə Qızqayıt xanımın işıqlı xatirəsini yada salır, elə bil ən doğma adamları ilə yenidən həmsöhbət olurlar.

Həmkəndlisi Firidun müəllim deyir ki, ahıl çağında adamları başına yığıb məsləhətləşmək istədi. Dedi ki, daha yaşlaşmışam, bəlkə bu təsərrüfatı cavanlardan birinə təhvil verək. Onda heç kəs Qızqayıt xanımın bu təklifini   qəbul etmədi. "Hələ sizin məsləhətlərinizə, tövsiyələrinizə çox ehtiyacımız var", - dedilər. Sən demə, doğma adamlardan ayrılmaq çətin olurmuş. Özüçox çətin! Ömrünün sonuna qədər kənd camaatının belə qədirbilənliyini unutmadı Qızqayıt xanım. Deyirlər ki, üç övladı - Mübariz, Roza, Məleykə ilə halallaşanda son sözü bu olub ki, ömrüm boyu el içində qazandığım hörmət, nüfuz sizə ən böyük əmanətimdir, ondan muğayat olun!

 

 

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2013.- 16 noyabr.- S.8.