Yaşayan Yunus
İmrə
Yunus İmrəni anlamaq üçün əvvəlcə onun yaşadığı tarixi şəraiti doğru təhlil etmək gərəkdir. Aramsız səlib yürüşlərinə məruz qalan və bu müharibələrdən əziyyət çəksə də, ayaqda durmağı bacaran, ölüm-dirim mübarizəsi aparan Anadolu Səlcuk dövləti yeni bir fəlakətlə - moğol işgalı ilə qarşı-qarşıya qalmışdı. Moğol işğalı yıxmaq, məhv etmək anlayışı ifadə edirdi. 1243-cü ildə Kösədağ döyüşündən sonra çəyirtkə sürüsü kimi Anadolu torpaqlarına doğru irəliləyən moğollar bu yurdu güclü qasırga kimi təməlindən sarsıtdı. Hər biri elm, mədəniyyət, sənət mərkəzinə çevrilmiş şəhərləri viran qoydular, ölkənin var-yoxunu taladılar.
Bu fəlakətin nəticələri çox ağır oldu. Dövlət zəiflədi, iğtişaşlar başladı, parçalanmalar oldu. Bu da üsyanların alovlanmasına gətirib çıxardı. İnsan insanlıqdan çıxdı, güclünün zəifi əzdiyi bir dönəm başladı. Xalq moğol ordusunun ehtiyaclarını qarşılamaq üçün ağır vergilərə cəlb edildi. Aclıq, qıtlıq ölkəni bürüdü. Bu olaylardan ən ağır təsiri isə inanclar gördü. Çıxılmaz vəziyyətdə qalan xalq nə edəcəyini bilmirdi. Bu durumdan yetərincə yararlanaraq qaranlıq məqsədlər güdən və inancları məhv etməyə çalışan cürbəcür cərəyanlar Anadolu insanının düşüncəsinə təsir edə biləcək münbit zəmin tapmışdı. Maddi yaralar birtəhər sarıla, sağala bilirdi, lakin xalqın inancını, imanını, sahib olduğu dini-mənəvi dəyərləri məhv etmək kimi çirkin niyyət daha dəhşətli idi.
Belə bir mürəkkəb tarixi dövrdə yaşayan Yunus İmrə kimi könül ərlərininin vəzifəsi maddi və mənəvi dayaqları sarsılmış xalqa inam, iman və həyat gücü vermək, onu yenidən inanclarına, dəyərlərinə bağlamaq idi. Əhməd Yəsəvi ocağında yetişən bilgi irfanları, sufilər səlib və moğol yürüşlərinin vurduğu yaralara məlhəm olmalı, loğman kimi bu yaraları sarımalı, Anadolunun dörd bir yanında açdıqları təkyələrdə insanlara ümid qapısı açmalı idilər.
Biz burada Yunus İmrəni yetişdirən mühiti anlamaq üçün Mövlanadan və ondan əvvəl İbn Ərəbidən bəhs edəcəyik. Çünki Yunus İmrənin də müdafiəçisi olduğu tövhid, birlik fikrinin əsl memarı İbn Ərəbi idi. 1204-cü ildə Konyaya gələn bu tarixi şəxsiyyət xeyli vaxt burada qalmış, sonradan Malatyaya köçərək bir müddət vəhdəti-vücud anlayışının Anadoluda yayılmasına və mənimsənilməsinə çalışmışdır. Fikirlərini şeir ve musiqi vasitəsilə anladaraq insanların düşüncələrinə təsir göstərən dühalardan biri də Mövlana idi. Yunus İmrə bu iki böyük şəxsiyyətin yaratdığı zəmində eyni düşüncə və inanc adamı olaraq ürəklərə, qəlblərə yeni nəfəs verən mürid idi. Bu sevgi yeddi əsrdir ki, insanların ürəyini fəth etməkdədir, zaman keçdikcə sanki yenidən doğulur və yaşayır.
Zaman-zaman müxtəlif təriqətlər ona sahib çıxmaq istəmişdi. Niyyətləri Yunusun şöhrətinin və xalq arasında təsir gücünün yüksək olmasından öz məqsədləri üçün yararlanmaq idi. Ona görə də hər təriqət Yunusun ona mənsub olduğunu iddia edir, şöhrətindən və xalq sevgisindən sui-istifadə etməyə çalışırdı. Lakin o, böyük aşiq-sufi, vəhdəti-vücud davamçılarından idi, həyatı boyu heç bir təriqətə mənsub olmamışdı. Onun mənəvi tutarı təriqətlərin sərhədinə də sığmazdı. Sıxıntılarla dolu bir dövrdə yaşamış Yunusa görə, insan ilk növbədə nəfsinə sahib olmalı, onu tərbiyələndirməlidir. Özü heç vaxt nəfsini, şəxsi maraqlarını düşünməmiş, mənsub olduğu cəmiyyətin dərdlərini, qayğılarını özünə dərd etmiş, çarəsini axtarmışdır.
Yunusun inanclarından uzaqlaşan, halallığını, imanını itirən toplumun nə hala gəldiyini anladan bir çox şeirləri var. O eyni zamanda bir cəmiyyət mühəndisidir. Yaradıcılığında xalqın yaşadıqlarını o qədər dəqiq təhlil edib ki, indinin özündə də həmin dövrü öyrənmək üçün onun şeirlərindən yetərincə istifadə edirlər. O, inancını dərindən anladaraq, inanaraq ifadə edərdi. İnanca bu qədər dərin və kamil baxışı onu dinə zahirdən baxan dindarlardan fərqləndirən böyük özəlliyi idi:
Bir kəz könül yıxdın isə,
Bu, qıldığın namaz deyil.
Yetmiş iki millət dəxi
Əlin-üzün yumaz deyil.
Yunus bu kimi şeirləri ilə müsəlmanlığa çatmağın yol xəritəsini çəkirdi. Onun düşüncə dünyası təkcə inanmaqdan, ibadət etməkdən ibarət deyildi. Şeirlərində islamın insanların həyatında gerçəkləşməsi üçün lazım olan qaydalarla, əxlaqi dəyərlərlə bağlı təsbitləri vardı. Yalan danışmamaq, səbrli olmaq, insanlarla xoş rəftar etmək, könül qırmamaq, yardımsevər olmaq aşılayırdı müasirlərinə:
Gəlin tanış olalım,
İş kolayın tutalım.
Sevəlim, seviləlim,
Dünya kimsəyə qalmaz.
Yuxarıda qeyd etdiyimiz kimi, Yunusa görə, ən böyük tərbiyə nəfsin tərbiyə edilməsidir. İnsanın məqsədə çatmasında əsas əngəl nəfsidir ki, əlacı yalnız mənəvi tərbiyə ilə, nəfsinə sahib olmaqla mümkündür. Mənəvi tərbiyənin sonunda gerçəkləşən məqsəd insanın könül gözünün açılmasıdır. Nəfsinə sahib olan insan könül gözünü hər cür pisliklərdən, keçici həvəslərdən, kin-küdurətdən təmizləyən insandır. Yəni kamilliyə gedən yol əvvəlcə insanın nəfsindən keçir. Yunusa görə, insan hədisi-şərifdəki ifadələrə uyğun olaraq əlindən və dilindən əmin olan kimsədir. Bu cür insanlar gözəlliyin, doğruluğun və kamilliyin timsalıdır.
Yunus İmrənin şeirlərində
sevgi, məhəbbət ən uca zirvədə durur.
Düşüncəsinə görə sevmək və sevilmək
Allahın vəsfidir. Sevginin səbəbi
gözəllikdir. Gerçək gözəllik isə uca Yaradana məxsusdur.
"Allah gözəldir, gözəli və
gözəlliyi sevər" hədisini təsəvvüf
baxımından təhlil edən sufilərə görə, Allah öz gözəlliyini
nümayiş etdirmək, göstərmək
üçün kainatı yaratmışdır.
Yəni aləmin yaradılma səbəbi sevgidir.
"Ol!" əmrində eşq
var. Bu sevginin
miqyası isə sərhədlərə sığmır. Çünki bu sevgi müqəddəs prinsip
olaraq ərsəyə gətirilmişdir.
Bu sevgi Allahdan zühur etmiş və kainatın yaradılması ilə nəticələnmişdir. Dolayısı ilə bütün məxluqlar varlıqlarında bu ilahi sevginin
cövhərini daşıyırlar. Deməli, iman da, inam
da ancaq və ancaq sevgi
ilə kamala çata
bilir.
Yaradanı sevmək, ona qovuşmaq yalnız yaradılanları sevməklə
mümkündür. İnsan oğlu
bu sevgi işığı ilə
qaranlıqları aydınlığa
çevirərək sevgi
dolu bir dünya qura bilər. İnsan ilahi "mən"lə
bərabər, şeytani
və heyvani hisslərə də sahib bir varlıqdır. Tanrı onu mələklər mərtəbəsinə yüksəldərkən
şeytan onun heyvani hisslərindən bəhrələnərək aşağı
səviyyəyə salır. Sevgi insanı pisliklərdən
arındırıb kamillik
dərəcəsinə çatdırarkən
bu müqəddəs hissdən yoxsul olanlar insanlıqdan uzaqlaşırlar. Nəticədə
insanın əvvəlcə
özünə, sonra
isə ətrafına
və bütün varlıqlara qarşı zülmünün
təməli qoyulmuş
olur. Sevən insan inanclı
insandır. Yaradanı ilə
səmimi münasibət
qura biləndir, onu sevəndir. Bu səmimi münasibət
ona bir tərəfdən
dünyaya gəlməsinin,
var olmasının mənasını öyrədir,
digər tərəfdən
isə bir məxluq kimi üzərinə düşən
məsuliyyəti anladır.
Bu cür insan
cahanı bərbad edən deyil, abad edəndir. Şəxsiyyəti və
xarakteri Yaradanın qayəsinə uyğun təşəkkül tapar,
mənfiliklərdən, çirkinliklərdən
uzaq olar, ətrafındakı
insanlarla insan kimi davranar, bütün canlılara eyni sevgi gözü
ilə baxar, ən kiçik varlıqda belə ilahi gözəlliyi görər və bu gözəlliyi yaşayar.
Sevgisiz insan isə hamıdan əvvəl özü ilə savaşar. İçində daşıdığı kin-küdurətdən
ətrafını da zəhrimara çevirər.
Haqqı
və doğrunu unudar, hirsi seçər,
bütün gözəlliklərə
qarşı çıxar,
onları görməz.
Ədaləti deyil, zülmü
seçər. Gülün gözəl
ətrindən zövq
almaq əvəzinə,
tikanı ilə kiminsə canını yandırmağı düşünər.
Çünki ürəyi susuz
və bərəkətsiz
tarlaya çevrilmişdir.
Onun ruhunda sevgi çiçəkləri
açmaz, sevgidən
göz yaşı tökməz, içi hikmətdən yoxsuldur.
Sakit, xoşbəxt və rahat həyat bu cür insanların
dünyasından çox
uzaqdır.
Bax Yunus İmrəni əsrlərdir yaşadan və bütün zamanların fövqündə
saxlayan fərqliliyi yaradılanı
və Yaradanı ilahi bir anlamla
sevməsi idi, düşüncəsində daim
sevgi duyğusu yaşatması idi. Hərçənd şairin özü
sevgisizliyin hökm sürdüyü qaranlıq
bir çağda yaşayıb yaratmışdır.
Xristian və moğol işğalları ilə
xalqın hər cür zülm, işgəncə və müsibətlə üz-üzə
qaldığı bir zamanda. Yunus müasirləri - Həzrəti Mövlana, Hacı Bayram, Vəli kimi sevgi qəhrəmanları
ilə birlikdə insanları sevgiyə çağırırdı. Bu aqil insanlar
yaxşı bilirdilər
ki, xalqın ürəyində açılmış
yaraları yalnız sevgi, şəfqətlə
sağaltmaq mümkündür.
Odur ki, bu müridlərin
hər biri fikirləri, düşüncələri,
sevgi ətirli şeirləri ilə könül həkiminə
çevrilmişdi. Yaşadıqları
zamanı eşqlə,
sevgi ilə tanıtdılar - Yaradana və yaradılana sevgi ilə...
İnsan insanlığın mənasını
qəlbində, ürəyində
daşıyır. O, maddi,
bioloji varlığı
ilə deyil, könlü, içində
daşıdığı sevgi
ilə insandır.
Buna görə də
Yunus İmrənin şeirlərində könülə,
insanın iç dünyasına çox önəm verilir. Çünki könül
haqqın əks olunduğu aynadır:
Könül mü yey, Kəbə
mi yey?
Ayıt mənə, ağlı ərən.
Könül yeydürür, zira
kim
Könüldədir dost durağı.
Kəbə maddi bir yapıdır,
tikilidir. Əsl Kəbə isə
könüldür. Odur ki, könül sındırmaq
son dərəcə böyük
bir səhvdir, Kəbəni uçurmaqdır.
Əgər bir insan könül qırmışsa,
ibadətlərinin heç
bir dəyəri yoxdur, çünki ibadətlər, dualar Allaha yaxın olmağı şərtləndirən
davranışlardır.
Dünyaya gələn insanın
vəzifəsi könül
sındırmaq deyil, könül qurmaqdır, könül tikməkdir ki, bu da
sevgi ilə, eşqlə, şəfqətlə
mümkündür:
Gəlmədim dava üçün,
Mənim işim sevgi üçün.
Dostun evi könüllərdir,
Könüllər yapmaya gəldim.
İnsan oğlu əsasən dünyanın görünən
üzünə baxır. Bu üz daha cəlbedici,
"şəkərdən şirin"dir. İnsan zahiri gözəlliyə o
qədər aludə olur ki, dünyanın
o biri üzünü
görmür, hətta
əbədi qalacağını,
heç ölməyəcəyini
zənn edir. Hər şeyin yalnız bu dünyada olduğunu düşünür,
axirətə inanmır.
İnsanın özünə və
ətrafına etdiyi zülmün səbəbləri
də buradan qaynaqlanır. Yunus İmrə
dünya ilə bağlı mövzuya müraciət etməklə
insanları xəbərdar
edirdi. O, dünyanı
gerçəkdən uzaq,
fani olduğunu diqqətə çatdırırdı:
Yürü, yürü, yalan
dünya,
Yalan dünya
deyilmisən?
Yunusun dünyanı
bu şəkildə görüb dəyərləndirməsi
dinə-imana bağlılığı
ilə, Qurani-şərifin
ayələrini doğru
bilməsi, dünyanın
faniliyini dərk etməsi ilə əlaqədardır. "Dünya həyatı
bir əyləncə və oyundan başqa bir şey deyil. Axirət yurdu isə, şübhəsiz, gerçək
həyatın özüdür.
Elə isə insan dünyanın bu üzünü görərək ona aldanmamalı və tələsinə düşməməlidir"
- deyən sufi
üçün önəmli
olan insan könlünü məhəbbətə
açmaqdır.
Yunus İmrənin
yaradıcılığı bu gün də
türkdilli xalqların
elmi dairələrində,
ədəbi mühitində
geniş öyrənilir,
tədqiq olunur. Onun şeirləri
türk dilinin incisidir. Kəlamları sənətsevərlərin könüllərini titrədir.
Yunus şəxsiyyəti Allahın
insanlığa böyük
bir lütfüdür.
Seyid Əhməd ARSLAN,
Türkiyənin Azərbaycandakı
səfirliyinin
mədəniyyət
və tanıtma müşaviri
Azərbaycan.-2013.- 16 noyabr.- S.8.