Bakıda «Sərhədsiz incəsənət» mövzusunda sərgi açılmışdır

 

Noyabrın 15-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında türk adamı Nahit Kabakçının xatirəsinə həsr olunmuş Beynəlxalq simpoziumun yekunu ilə bağlı "Sərhədsiz incəsənət" sərgisi açılmışdır.

Açılış mərasimində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov, akademiyanın prorektoru, professor, xalq rəssamı Səlhab Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Memar Sinan Gözəl Sənətlər Universitetinin rektoru Yalçın Karayağız, Nahid Kabakçının qardaşı Ahmet Kabakçı və başqaları tədbirin əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, artıq üçüncü ildir keçirilən beynəlxalq simpozium Təhsil Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universiteti, Qazi Universiteti, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşdırılmışdır.

Yüksek Öğretim Kurumu, Qazi Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında imzalanmış "Mövlana mübadilə" proqramına əsasən keçirilən beynəlxalq simpoziumda Qazi Universitetindən 5, Memar Sinan Gözəl Sənətlər Universitetindən 4, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından 10 tələbə iştirak etmişdir.

Çıxış edənlər adamı N.Kabakçının Azərbaycanın sənət adamlarına göstərdiyi əvəzsiz xidmətlərindən, onun təşəbbüsü və maddi dəstəyi ilə reallaşan mədəniyyət layihələrindən söz açmışlar.

Vurğulanmışdır ki, belə tədbirlər gənc rəssamların, heykəltəraşların təcrübə mübadiləsi, müasir yaradıcılıq üslubunu mənimsəmələri baxımından böyük əhəmiyyət kəsb edir.

Sonra simpoziumun iştirakçılarına sertifikatlar verilmişdir.

Beş gün davam edəcək sərgidə heykəltəraşlıq, rəngkarlıq qrafika ixtisasları üzrə tələbələrin 35 işi nümayiş etdirilir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 16 noyabr.- S.11.