Milli müstəqilliyimizə təminat
yaradan lider
17 noyabr şanlı tariximizə dirçəliş
günü kimi daxil olub
Müstəqil dövlət qurmaq uğrunda davamlı mübarizə aparan Azərbaycan xalqı yalnız ötən əsrin sonlarında bu müqəddəs arzusuna qovuşmaq imkanı qazandı. Xalqın qəlbində əsrlər boyu silinməz iz salmış, onu mübarizə ruhunda kökləmiş milli dövlətçilik ideyalarının gerçəkliyə qovuşması isə ilk növbədə, milli lider amili ilə şərtlənmişdir. XX əsr tariximizin fenomen şəxsiyyəti olan Heydər Əliyev müdrik lider kimi xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür.
1980-ci ilin ikinci yarısında keçmiş SSRİ-də hakimiyyət başına gələn M.S.Qorbaçovun Azərbaycan xalqına düşmən münasibəti ağır nəticələrə səbəb oldu. Azərbaycana rəhbər vəzifəyə göndərilən, milli hisslərdən uzaq olan Ə.Vəzirovun hakimiyyəti dövründə Moskva hökumətinin "səyləri" nəticəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi prosesi dərinləşir, antiazərbaycan siyasəti həyata keçirilirdi. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti geniş miqyas aldı. M.S.Qorbaçovun proseslərə biganə münasibətini görən ermənilər planlı şəkildə Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından kütləvi şəkildə deportasiya etdilər. Həmin ilin fevralın əvvəllərində Dağlıq Qarabağda iğtişaşlar törədən ermənilər Azərbaycanın bu əzəli torpağını ayırıb Ermənistana birləşdirmək məsələsini qaldırdılar. Belə bir vaxtda xalq ayağa qalxdı və öz etirazını Azərbaycan və SSRİ rəhbərliyinə bildirsə də, ciddi reaksiya olmadı. Respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, "Azadlıq" meydanına toplaşır, ermənilərin və sovet rəhbərliyinin laqeyd münasibətinə qarşı mitinqlər keçirir, etirazlarını bildirirdilər.
1988-ci il noyabrın 17-də Bakının "Azadlıq" meydanında sovet rəhbərliyinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyəti böyuk mitinqlər keçirməyə başladı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqləri dağıdılsa da, Azərbaycan xalqının mübarizə əzmi qırılmadı.
Azərbaycan xalqı hələ 1988-ci ildən mitinqlərdə respublikanın xilas yolunu yalnız ulu öndər Heydər Əliyevdə görür, onun respublika rəhbərliyinə qayıdışını təkidlə, qətiyyətlə tələb edirdilər. SSRİ-nin dağılmasından sonra Azərbaycan ağır bəlalarla üzləşmiş, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə də Heydər Əliyev həmin çətin məqamda xalqının yanında olmağı məqsədəuyğun saydı və Moskvadan Azərbaycana qayıtdı. Amma Heydər Əliyev Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təzyiq və hədələr gözləyirdi. Bütün təzyiqlərə baxmayaraq, xalqın çətin anında Heydər Əliyev 1990-cı il iyulun 20-də təyyarə ilə Bakıya gəldi. İki gün sonra - iyulun 22-də isə səhər saatlarında ulu öndər hakimiyyətin təhdidləri nəticəsində təyyarə ilə Bakıdan Naxçıvana getməyə məcbur oldu.
Bu qayıdış təkcə qədim Naxçıvan torpağının deyil, ümumilikdə Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcı idi. Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə Dağlıq Qarabağ problemi ətrafında yayılan dalğanın zərbəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan, doğrudan da, "taleyin ümidinə buraxılmış tənha bir ada"nı xatırladırdı.
1990-cı ilin noyabr ayının 17-də XII çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Həmin sessiyada çox mühüm qərarlar qəbul olunmuşdur. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara almışdır. Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olundu. 1990-cı il noyabrın 21-də Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etmişdir.
1990-cı il 14 dekabr tarixində Naxçıvan MR Ali Məclisi deputat Heydər Əliyevin hazırladığı "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində, Şaumyan rayonunda və Xanlar rayonunun Çaykənd kəndində yaranmış vəziyyətə münasibət haqqında" qərar qəbul etmişdir.
1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev yekdilliklə Ali Məclisin Sədri seçildi. Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı və Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü.
Bu dövrdə dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılırdı. Qısa müddətdə Araz çayı üzərində "Ümid" körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Naxçıvan şəhəri yaxınlığında istilik-elektrik stansiyası tikildi, Türkiyədən və İrandan Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik xətləri çəkildi.
1990-1993-cü illərin Naxçıvanının siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə son qoyulmuş, əmin-amanlıq yaradılmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdı. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalqla işləməyi bacarmaq nümunəsidir.
Heydər Əliyevin siyasi hakimiyyətinin Naxçıvan dövründə gördüyü işlər, muxtar respublikanın yaşamasına və xilasına yönəlmiş tədbirlər 1990-1993-cü illərdə xaos və təhlükələr, açıq şəkildə bildirilən kəskin narazılıqlar və qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş müharibəsi həddinə gəlib çatan, parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycanın xilas yolunun başlanğıcı idi.
AXC-Müsavat cütlüyünün ulu öndər Heydər Əliyevi Naxçıvandan acizanə şəkildə Bakıya dəvət etməsi həm də xalqın təkidli tələbi ilə bağlı idi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görürdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək qiyamçılarla danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra - iyunun 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası isə xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlancığına çevrildi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.
Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut edilmiş inkişaf kursunun tətbiqinə nail olmuşdur. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini bu ənənələr çərçivəsində qurur. Ötən 10 ildə Azərbaycan cəmiyyətində qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetləri uğurla təmin etmiş alternativsiz liderdir.
Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.
Elnur HACALIYEV,
Azərbaycan.-2013.- 17 noyabr.- S.1.