Şəhidlik zirvəsinə ucalanlar ölmürlər

 

Şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilən müsabiqəyə yekun vuruldu

 

 Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir! Bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir. Çünki zirvə təbiətin coğrafi yüksəkliyi, əlçatmazlığı, ucalığı olduğu kimi, şəhidlik də vətənpərvərliyin ən ali məqamıdır.  Qəhrəmanlıq məqamında doğulur, şimşək kimi çaxır, çox vaxt sonda Səməndər quşu kimi öz alovuna bürünüb yox olur. Özlərindən sonra isə bitib tükənməyən qəhrəmanlıq salnamələri qoyub gedirlər. Gələn nəsillərə örnək olurlar.

Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bircə hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!

Qarabağda, eləcə də Vətənimizin digər guşələrində işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda aparılan mübarizə müharibə mərhələsinə keçəndə igid oğullarımız hünər və qeyrətini silaha çevirib döyüşlərə yollandılar. Onların arasında əməlinin və hünərinin ucalığında dayanan Elgün adlı bir gənc də var idi. 1974-cü ildə Bakı şəhərində anadan olan Elgün Dağbəyi oğlu İsmayılov 3 saylı orta məktəbi, sonra Bakı Politexnik Texnikumunu bitirmişdi. 1992-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuşdu. O, "Azərbaycan" qəzetində işləyirdi. Qəzetdə çalışdığı qısa müddət ərzində hamıya qaynayıb-qarışan, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğalına dözməyən Elgün İsmayılovun nakam ömrü yarıda qırılsa da, adı Vətənin hünər tarixinə düşənlərin cərgəsinə əbədi həkk olundu. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırıldı, həmin ilin oktyabrında "N" saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərildi. Horadiz qəsəbəsinin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə Elgün İsmayılov komandanlıq tərəfindən mükafatlandırıldı. 1994-cü ilin yanvarında hərbi briqada Kəlbəcər bölgəsinə, Murov dağına göndərildi. Döyüşçü dostları Elgünü bacarıqlı və qorxmaz əsgər kimi tanıyırdılar. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak etmişdir. 1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın fəxri fərmanına layiq görülmüşdür. 1994-cü il mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün İsmayılov da olmuşdur. Cəsur əsgər  burada düşmən hücumuna məruz qalaraq qızğın döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.

Elgün İsmayılovun "Azərbaycan" qəzeti redaksiyasındakı xatirə lövhəsindən boylanan baxışları ürəklərdə qürurla yanaşı, bir sızıltı da yaradır. 20 yaşında Vətəninin müdafiəsinə yollanaraq Murovdağ yüksəkliyində düşmənə layiqli cavab verən Elgün işıqlı dünyanı tərk edərək ürəklərə, könüllərə əbədi köç edib.

İş yoldaşları Elgünün xatirəsini həmişə əziz tuturlar. Hər il Elgünün doğum günündə redaksiya kollektivinin onun xatirəsinə həsr etdiyi tədbir İkinci Şəhidlər xiyabanındakı müqəddəs məzarını ziyarətlə başlayır. Bu il yenə də Elgün ona doğma olan kollektivi tərəfindən ehtiramla yad edildi. Şəhidin məzarı uzərinə tər çiçək dəstələri düzüldüruhuna dualar oxundu. Sonra anım mərasimi redaksiyada davam etdirildi. Həmin gün həm də "Azərbaycan" qəzetində ənənəvi vətənpərvərlik mövzusuna həsr olunmuş yaradıcılıq müsabiqəsinə də yekun vuruldu və qaliblər mükafatlandırıldı.

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirdi ki, Vətən uğrunda canından keçən hər bir insan şəhiddir və əlçatmaz zirvə sahibidir. Tarixi torpağımız, dədə-baba yurdumuz olan Dağlıq Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib onun uğrunda ölüm-dirim savaşına atılaraq şəhidlik zirvəsinə yüksələnlər heç zaman unudulmurlar. Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Elgün İsmayılovun anadan olduğu gün isə onu tanıyanların hər biri üçün qürur doğuran tarixdir. Elgünün çox qısa, lakin şərəfli həyat və döyüş yolundan söz açıb, Azərbaycan dövlətinin müstəqillik tarixinin şərəfli və keşməkeşli olduğundan danışan Bəxtiyar Sadıqov onu da xüsusi vurğuladı ki, 2003-cü ildən başlayaraq hər il redaksiyada şəhid Elgün İsmayılovun xatirəsinə həsr edilmiş yaradıcılıq müsabiqəsi keçirilir. Artıq bu ənənə 9 ildir davam etdirilir və yaradıcılıq müsabiqəsi bir neçə aspektdən dəyərləndirilir. Eyni zamanda, müsabiqə həm də qəzet əməkdaşlarını vətənpərvərlik ruhunda, torpağa məhəbbət mövzusunda yazmağa ruhlandırır. "Azərbaycan" qəzetinin səhifələrində belə yazıların mütəmadi işıq üzü görməsini kollektiv vacib sayır. Vətənpərvərlik kimi ali insani hisslərin aşılanmasında belə yazılar mühüm əhəmiyyət daşıyır. Baş redaktorun fikrincə, bu kimi müsabiqələrin keçirilməsinin əhəmiyyəti həm də ondadır ki, yaradıcılığa geniş meydan verilir. "Azərbaycan" qəzetində çalışan peşəkarların bu mövzuda publisist baxışları maraqlı olduğu qədər də vacibdir.

Sonra Bəxtiyar Sadıqov müsabiqənin qaliblərini elan etdi.  Builki müsabiqənin yekunlarına görə, redaksiyanın 3 əməkdaşı - Bəxtiyar Balakişiyev, Bahadur İmanquliyevAkif Əliyev fəxri diplompul mükafatları ilə təltif olundular.

Qaliblər layiq görüldükləri mükafata görə təşəkkürlərini və bundan sonra da vətənpərvərlik mövzusunda yaradıcılıqlarını davam etdirəcəklərini bildirdilər.

Baş redaktor Bəxtiyar Sadıqov qalibləri təbrik edərək onların bundan sonra da vətənpərvərlik ruhunda daha yaxşı məqalələr hazırlayacağına inandığını bildirdi, bütün yaradıcı əməkdaşlara bu məsuliyyətli müsabiqədə iştirak etməyi tövsiyə etdi. Bildirdi ki, bu müsabiqənin keçirilməsi jurnalistlərin yaradıcılıqları üçün bir impulsdur.

 

Azərbaycan.-2013.- 17 noyabr.- S.4.