Yuli Qusman: «Bizim film Azərbaycan xalqına məhəbbət etirafıdır»

 

Xəbər verdiyimiz kimi, noyabrın 15-də Heydər Əliyev sarayında məşhur həmyerlimiz, tanınmış rejissor-ssenarist Yuli Qusmanın "Qorxma, mən səninləyəm! 1919" filminin təqdimat mərasimi olmuşdur. Yuli Qusman AzərTAc-ın müxbirinə məxsusi müsahibəsində "Şöhrət" ordeni ilə təltif olunduğunuz elan ediləndə hansı hissləri keçirdiniz" sualının cavabında demişdir:

- Bilirsiniz, mən və ailəm Azərbaycana o qədər bağlıyıq ki, filmin premyerasının məhz Vətənimdə baş tutduğuna hədsiz sevindim. Çox şadam ki, mənim əməyim məhz burada, Azərbaycanda yüksək qiymətləndirildi. Mənə elə gəlir ki, bu film Azərbaycan xalqına, necə deyərlər, məhəbbət etirafıdır. Çünki başqa heç bir məqsəd ola bilməz. Bu böyük aktyorlar özlərini çox xoşbəxt hiss edirdilər. Çünki onlar - ən kiçik rolları ifa edən artistlərdən tutmuş SSRİ xalq artistlərinədək bütün iştirakçılar 2 il Azərbaycanda olmuşlar. Azərbaycan artistləri, "Bakılı oğlanlar" - TahirCabir İmanovlar, Bəhram Bağırzadə çox gözəl oynamışlar.

Mən deməliyəm ki, dağlıq yollardan keçəndə onları, sadəcə, tanımadıq. Ola bilməz. Mən Bakıya tez-tez gəlirəm, onun necə dəyişdiyini görmüşəm. Amma Qəbələyə, Balakənə, Zaqatalaya, Qaxa gedən yollarda da böyük işlər görülmüşdür. Biz yalnız Gürcüstanla sərhəddə normal vəhşi təbiətin bir parçasını gördük. İndi hər yerdə tikinti gedir, orada da Bakıdakı kimi, müasir mehmanxanalar vardır. Bu, adamı heyrətləndirir, axı ölkə balacadır. Düzdür, onun nefti var. Amma belə sıçrayış, sadəcə, ağlasığmazdır. Bu, Heydər Əlirza oğlunun sayəsində mümkün olmuşdur, indi isə biz İlham Heydər oğlunun yaratdıqlarına məftun oluruq. Bu, bir ənənədir. Mən, əlbəttə, çox razıyam, sevinirəm ki, Vətən mənim xidmətlərimi belə yüksək qiymətləndirmişdir. Ümidvaram ki, bu film İlham Heydər oğlunun xoşuna gələcək, çünki "Qorxma, mən səninləyəm" onun sevimli filmidir. Hər halda biz onu məyus etməyəcəyik.

 

Azərbaycan.-2013.- 17 noyabr.- S.5.