Azərbaycanın uğurlu yüksəlişi naminə

 

Müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Fəqət, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. Müstəqil Azərbaycan 1993-cü ilin iyun ayında üzləşdiyi bu taleyüklu mərhələni məhz qətiyyətli və müdrik lider Heydər Əliyevin rəhbərliyi altında geridə qoydu, elmi təməl üzərində davamlı inkişaf yolunu müəyyənləşdirdi. Məhz bu mərhələdən davamlı siyasi sabitliyin, qanunçuluğunhüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımların atılması ölkədə yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun çoxşaxəli islahatları uğurla gerçəkləşdirmək imkanı yaratdı.

Ulu öndərin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində mənəvi dəyərlərimiz qorundu, milli adət-ənənələrimiz yaşadıldı, klassiklərimizin yüzillərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün bütün zəruri addımlar atıldı.

Çağdaş tariximizə möhürünü vurmuş Heydər Əliyev dühası müstəqillik illərində azərbaycançılığın ayrı-ayrı komponentlərini vahid sistem halına gətirərək onu milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrildi, həm də ümummilli liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar naminə səfərbər etmək imkanı qazandırdı. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəliklərini, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən təkmil konsepsiyadır. Eyni zamanda, bu ideya xaricdə yaşayan azərbaycanlıların da vahid məqsəd ətrafında səfərbər olunması baxımından vacib əhəmiyyətə malikdir.

Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin və mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Cənab İlham Əliyevin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi prioritetinin əsas cizgilərini təcəssüm etdirir. Cənab İlham Əliyevin bu sahədəki xidmətlərinin yalnız xalqın  milli  dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməsi bu fəaliyyətin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Görülən bu işlər sadəcə qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar keçmişdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği, qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Prezident İlham Əliyev son illərdə həyata keçirdiyi mütərəqqi ruhlu islahatlarla cəmiyyətdə mənəvi və mədəni intibah prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını da təmin etmişdir. Yeni mərhələnin səciyyəvi xüsusiyyətlərindən birimilli mədəniyyəti ümumbəşəri universal dəyərlər səviyyəsinə yüksəltmək, bu zəngin mənəvi xəzinənin qorunmasında nüfuzlu beynəlxalq təşkilatların iştirakını təmin etməkdir. Azərbaycanın mədəniyyət abidələrinin qorunması, milli irsin təbliği məqsədilə UNESCO və digər beynəlxalq təşkilatlarla başlanmış əməkdaşlıq münasibətləri də məhz bunun nəticəsidir. UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin məntiqi nəticəsidir. Mədəniyyət sahəsində idarəçiliyi, bu sahənin hüquqi təminatını və maliyyələşdirilməsini, informasiya texnologiyaları ilə təchizatını, beynəlxalq əməkdaşlığını, əhalinin mədəni həyatda fəal iştirakını və sair məsələləri əhatə edən "Mədəni Siyasətin Strateji İnkişaf Proqramı" adlı sənədin hazırlanması da olduqca vacib əhəmiyyət kəsb edir. Bundan başqa, dövlət başçısının bir sıra sərəncam və fərmanları Azərbaycan ərazisindəki müəyyən tarixi mədəniyyət abidələrinin qorunmasını, onların əsaslı bərpasını və yenidən qurulmasını nəzərdə tutur.

Prezident İlham Əliyev hesab edir ki, cəmiyyət həyatının müxtəlif sahələrinin dinamik inkişaf etdiyi, elmi-texniki yüksəlişin sürətləndiyi bir mərhələdə sovetlər birliyi dövrünün geridə qalmış texnologiyainfrastrukturu əsasında fəaliyyət göstərən, əsaslı yenidənqurmaya ciddi ehtiyac duyan milli teatr və muzeylər, mədəniyyət ocaqları kütləvi tamaşaçı auditoriyası cəlb edə bilməzlər. Əhalinin bir çox hallarda bu mədəniyyət ocaqlarına laqeyd münasibətinin əsasında da məhz bu amillər dayanır. Bu reallığı düzgün dəyərləndirən cənab İlham Əliyev Azərbaycanda, demək olar ki, bütün aparıcı mədəniyyət müəssisələrinin, teatrların, o cümlədən kinoteatrların, muzeylərin əsaslı təmiri və yenidən qurulmasına yönələn sərəncamlar imzalamışdır.

Dövlət başçısı hələ 2006-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə mədəni sferada zəruri infrastruktur layihələrinin həyata keçirilməsi və mövcud problemlərin həlli üçün dövlət büdcəsindən tələb olunan lazımi vəsaitin ayrılacağını bir daha vurğulamışdır.

 Bu gün müstəqil Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı ilə bağlı mühüm proqramların həyata keçirilməsi, bir sıra aparıcı dövlətlərlə əməkdaşlıq prinsiplərinin müəyyənləşdirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə əlaqədar mühüm işlərin görülməsi İlham Əliyevin siyasidiplomatik qabiliyyətinin parlaq təzahürüdür. Demokratik, hüquqi və dünyəvi quruculuq yolunu tutmuş Azərbaycanda cəmiyyətin ədalət, humanizm və insanpərvərlik prinsipləri ilə idarə olunması da keçən dövrdə həyata keçirilən ən böyük uğurlardan sayılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən on il ərzində ölkəmizin və xalqımızın həyatının bütün sahələrində böyük islahatların keçirilməsini vacib saymış və xalqı narahat edən məsələlərin həllinə çalışmışdır. Bu, bir daha sübut edir ki, dövlət başçısı çox düzgün olaraq daxili siyasətdə xalqın dəstəyinə arxalanır və vətəndaşlar arasında inam duyğularını gücləndirir. Respublika başçısı xalqımızın firavan həyat sürməsi və sosial-iqtisadi problemlərin həlli üçün daim səy göstərir. Onun ötən illər ərzində gördüyü işlər beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsinə, insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılmasına və xalqın dövlətə etibarının sarsılmazlığına yönəldilmişdir.

Azərbaycanın son illərdəki dinamik inkişafı fonunda ölkənin qarşısında müəyyənləşdirilmiş məqsəd və vəzifələr zamanla dəyişərək yeniləşir. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxilixarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 10 ildə obyektiv həyat reallıqları yeni hədəflər müəyyənləşdirmişdir. Cənab İlham Əliyevin prezidentliyi illərində respublikamız qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda məqsəd Azərbaycanda yaxın 2020-ci ilədək ümumi daxili məhsulun iki dəfəyədək artımına, 2018-ci ilədək bütün sosial problemlərin həllinə nail olmaq, sistem islahatlarını başa çatdırmaqdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bu məqsədlərin reallaşdırılması baxımından sosial-iqtisadi, siyasihüquqi platforma rolunu oynayır.

Prezident İlham Əliyevin 10 illik prezidentlik dövrünün ən mühüm göstəricilərindən biri də ölkənin neft gəlirlərindən asılılığının əhəmiyyətli dərəcədə azaldılmasıdır. Bununla bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmişdir və hazırda uğurla icra olunur.

Dövlət büdcəsindən elmin inkişafına sərf olunan xərclər 10,2 dəfə artmışdır. Təhsilə yönəldilən xərclər 7,6 dəfə artmış, 408,2 min şagirdlik ümumtəhsil məktəbi, 9780 yerlik məktəbəqədər təhsil müəssisəsi tikilmiş, məktəblərin 87,2 faizi kompyuter və digər İKT avadanlığı ilə təmin olunmuşdur. Dövlət xətti ilə xarici ölkələrdə təhsil alanların sayı 2,6 dəfə çoxalmışdır. Mədəni irsin qorunması istiqamətində görülmüş tədbirlər nəticəsində Azərbaycan muğamı 2003-cü ildə, Qobustan Milli Tarixi Bədii Qoruğu 2007-ci ildə, Aşıq sənəti və Novruz bayramı 2009-cu ildə, Azərbaycan xalça sənəti 2010-cu ildə, Tar ifaçılıq sənəti 2012-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Elm, təhsil və mədəniyyət sahəsində görülmüş işlər xüsusilə diqqəti cəlb edir.

Ötən 10 ildə Azərbaycan Respublikasının iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevrilməsi ilk növbədə ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsi məqsədinə hesablanmışdır. Prezident İlham Əliyevin 15 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" 2015-ci ilədək respublikada yoxsulluğun tamamilə ləğvini nəzərdə tutur.

Ötən 10 ildə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostratejigeoiqtisadi üstünlüklərindən maksimum şəkildə yararlanmağa çalışmışdır. Azərbaycan son iki ildə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının - Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmışdır.

Mən ömrümün 60 ildən artıq bir dövrünü Azərbaycanda təhsil sistemi ilə bağlamışam. Bu dövr ərzində həmişə ölkəmizdə təhsil sisteminin inkişafına və təkmilləşdirilməsinə çalışmışam. Odur ki, ötən illər ərzində möhtərəm Prezidentin Azərbaycanda elm və təhsil sisteminə göstərdiyi qayğı mənim üçün olduqca fərəhlidir. Onun alim və təhsil işçilərinin əməkhaqlarının, tələbələrin təqaüdlərinin artırılması haqqındakı fərmnları, xüsusən, respublikamızda "Bilik günü"nün təsis edilməsi, ümumtəhsil məktəblərinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi haqqındakı sərəncamları Azərbaycan təhsil sisteminin dünya standartlarına uyğunlaşmasında strateji əhəmiyyət kəsb edən proqram sənədlərdir. Çünki müasir informasiya texnologiyası ilə silahlanmış hər bir təhsil müəssisəsi yaxın gələcəkdə  Azərbaycanın dünyanın  intellektual resurslarından səmərəli istifadəsini təmin edən yeni kadrlar nəslini yetişdirəcəkdir.

Ötən illər ərzində ölkəmizdə iqtisadi inkişafla yanaşı, mədəniyyətin inkişafı sahəsində də böyük tərəqqi baş vermiş, mədəni quruculuğun bütün sahələrində dönüş illəri olmuşdur. Mədəniyyətə ayrılan dövlət vəsaitinin üç dəfəyə yaxın artırılması onun inkişafı sahəsində xeyli imkanlar açmışdır. Mədəniyyətimizin bütövlükdə inkişafı ilə yanaşı, onun ayrı-ayrı sahələrinin inkişafına da xüsusi diqqət yetirilməyə başlanmışdır. Ölkəmizdə mədəniyyətin mühüm tərkib hissələrindən biri olan kitabxana işi sahəsində aparılan məqsədyönlü mütərəqqi tədbirlər buna parlaq sübutdur. Müstəqil Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş kitabxana siyasəti müvəffəqiyyətlə davam etdirilməkdədir. Bu siyasətin əsasında kitabxana işinə dövlət qayğısı, dövlət tərəfindən maliyyələşdirilməsi, ardıcıl olaraq maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxanaların ümumaçıq olması, kitabxana işinin informasiyalaşdırılması, dünya standartları səviyyəsinə yüksəldilməsi, kitabxanaçıların sosial vəziyyətinin yaxşılaşdırılması və digər vəzifələr durur.

Müasir şəraitdə dövlət bütün kitabxanaları yeni ədəbiyyatla təmin etmək, kitabxana fondlarını zənginləşdirmək üçün ardıcıl tədbirlər həyata keçirir. Belə tədbirlər içərisində Prezident İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam böyük tarixi əhəmiyyət kəsb edir. Bu sərəncam Prezidentin Azərbaycan mədəniyyətinə, elminə, ədəbiyyatına və təhsilinə böyük qayğısının təzahürüdür. 64 il müddətində Kiril əlifbası ilə çap olunmuş qiymətli əsərlərin, xalqımızın milli sərvəti olan nadir kitabların yenidən nəşr edilib xalqın istifadəsinə verilməsi olduqca böyük milli, mədəni əhəmiyyət kəsb etməklə yanaşı, azərbaycançılığın, milli ideologiyanın inkişafına qiymətli töhfədir.

Bu sərəncamın ardınca Prezident 2004-cü il 27 dekabr tarixli daha mühüm bir sənəd - "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə capı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamını imzaladı. Bu siyahıya 546 adda kitab daxil edilmişdir ki, hər kitabın tirajı 25 min nüsxə nəzərdə tutulmuşdur. Beləliklə, 13 milyon 650 min nüsxə kitab nəşr edilməlidir. Sərəncamda adı çəkilən bu kitablar 2005-2009-cu illərdə çap edilib, pulsuz olaraq respublika kitabxanalarına hədiyyə verilmişdir. Dünyada analoqu olmayan bu tədbir müstəqil Azərbaycan dövlətinin mədəni siyasətinin təzahürüdür.

Dövlətin bu sahədə həyata keçirdiyi işlər müvəffəqiyyətlə davam etdirilir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı", "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə Təminatı Proqramı (2005-2007-ci illər)" kimi mühüm sənədlərdə kitabxana-informasiya sahəsinin inkişafı, modernləşdirilməsi, ayrı-ayrı idarə və müəssisələrin kitabxana şəbəkəsinin inkişafına, əhaliyə kitabxana xidmətinin təşkilinə olduqca mühüm təsir göstərmişdir.

Adlarını göstərdiyimiz sənədlərlə yanaşı, dövlət başçısı İlham Əliyev bilavasitə kitabxana işinə həsr edilən və böyük strateji əhəmiyyət daşıyan mühüm proqram əhəmiyyətinə malik sənədlər - 2007-ci ilin aprelində "Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması" və 2008-ci ilin oktyabrında "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nı imzalamışdır.

Prezident İlham Əliyevin uğurlu diplomatiyasının mühüm xüsusiyyətlərindən biribudur ki, o, milli problemləri reallığın məntiqi ilə düzgün əlaqələndirir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə lazımi səviyyədə çatdıra bilir. Təsadüfi deyil ki, onun son zamanlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində qətiyyətli və birmənalı mövqeyi dünya ictimaiyyəti arasında ölkəmizin imicini qaldırmışdır.

Hazırda Azərbaycan Respublikası özünün hərtərəfli yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Əlbəttə, demokratiya və müstəqillik yollarında inamla addımlayan Azərbaycan xalıqının qarşısında öz həllini gözləyən problemlər də vardır. Möhtərəm Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində xalqımızın və dövlətimizin daha böyük nailiyyətlərə imza atacağına şübhə yoxdur.

Əminik ki, 9 oktyabr 2013-cü ilin prezident seçkilərində xalqımızın əksər hissəsinin dəstəyi ilə layiqli qələbə qazanmış cənab İlham Əliyev Azərbaycan dövlətinin sosial-iqtisadi və mədəni-mənəvi nailiyyətlərinin gələcək inkişaf yolunu öz adı ilə bağlamağı bacaracaqdır. Bu yolda ona möhtəşəm uğurlar arzulayırıq!

 

 

Abuzər XƏLƏFOV,

Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri,

 tarix elmləri doktoru, professor, əməkdar elm xadimi

Azərbaycan.-2013.- 17 noyabr.- S.6.