İndi Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır

 

Havaların bir az soyuması, gah buludlu, gah yağmurlu keçməsi payızın gəlişindən xəbər verir. Amma istirahətə getmək, turist gəzintisinə çıxmaq və müalicə üçün payızın da öz yeri var. Əgər qədim Bakıdan, İçərişəhərdən, Xəzəryanı istirahət və müalicə mərkəzlərindən kənara çıxmaq istəyirsinizsə, bunun üçün bir-iki saat vaxt lazımdır ki, ölkəmizin şimal bölgəsinə - Qubaya, Qusara, Xaçmaza, adı dillər əzbəri Nabrana, yaxud İsmayıllıya, Şəkiyə, Zaqatala, Balakənə və Qaxa üz tutasınız. Əgər bu da sizi qane etməsə, ölkəmizin cənub bölgəsinə - qədim Naxçıvandan tutmuş, Lənkəranın, Astaranın, Yardımlının, Lerikin biri-birindən əvəzsiz və əsrarəngiz guşələrinə baş çəkin.

Respublikamızın qərb bölgəsinə - Naftalandan Qazaxadək kiçik Qafqaz sıra dağlarının ətəklərində məskunlaşan Nizami yurduna, Göygölə, Maral gölə, Kəpəzə, Qoşqara, Hacıkəndə, Daşkəsənə də gedə bilərsiniz. Şəmkirin, Gədəbəyin, Tovuzun, Qazaxın dağlarına qonaq düşün, payızın sərinliyindən ləzzət alıb ilin bütün fəsillərində başı qarlı dağlarla, qayaların döşündən şır-şır axan bulaqlarla, çaylarla, qədim tarixi abidələrlə həmsöhbət olun, son illər bu bölgələrdə yaradılmış cənnətməkan guşələrə, istirahət yerləri və müalicəxanalara baş çəkin, səhhətinizin qayğısına qalın. Hər gün dəstəbədəstə gəlib-gedən turistlərin, yerli və əcnəbi qonaqların səfərləri sizi narahat etməsin.

Bu, bir neçə il bundan öncə təsəvvür edə bilmədiyimiz bir həqiqətdir. Çünki son 10 ildə turizmin də inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilmişdir. Ölkə rəhbərinin 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" sərəncamı, bundan bir il sonra (2004) qəbul edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"  turizm sektorunun inkişafı yönündə yeni mərhələnin əsasını  təşkil etmiş, turizm potensialına malik bölgələrdə infrastrukturun yenidən qurulmasına mühüm təsir göstərmişdir. Nəticədə 2008-ci ildə ölkəyə gələn xarici turistlərin sayı təxminən 1 milyon 300 min nəfər olmuşdusa, 2012-ci ildə bu rəqəm 3 milyona çatmışdır. Bu istiqamətdə növbəti addım 2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə və 2010 - 2014-cü illərdə turizmin inkişafına dair dövlət proqramlarının qəbulu olmuşdur. Həmin  sənədlərin icrası çərçivəsində ölkəmizdə dünyanın aparıcı hotel markaları altında yeni beşulduzlu mehmanxanalar, istirahət mərkəzləri tikilmiş, müasir turizm infrastrukturları yaradılmışdır. Faktlara nəzər salaq: əgər 2003-cü ildə ölkədə cəmi 100-ə yaxın mehmanxana fəaliyyət göstərirdisə, 2007-ci ildə bu tipli müəssisələrin sayı 320-yə, 2008-ci ildə 370-ə, 2010-cu ildə 500-ə, 2012-ci ildə isə 515-ə çatmışdır. Bu mehmanxanalarda dünya standartları səviyyəsində xidmət göstərilir. Şərq-Qərb üsulunda tikilən, yerli memarlıq elementlərini özündə ehtiva edən bu müəssisələr eyni vaxtda 32 minə yaxın turist qəbul etmək imkanına malikdir.

Turizmin inkişafı bu gün davam edir. Hazırda respublikanın müxtəlif bölgələrində 48 mehmanxana mehmanxana yönlü obyekt tikilir. Turizm sektoruna göstərilən dövlət qayğısı hesabına Azərbaycan nəinki regionda, o cümlədən MDB- turizmin sürətlə inkişaf etdiyi ölkələrdən birinə çevrilmişdir. Təsadüfi deyil ki, ötən il Azərbaycanda turizmin ümumi daxili məhsulda xüsusi çəkisi 2 dəfə artmışdır.

 Dövlətin türizmin inkişafı ilə əlaqədar Azərbaycanın uzunmüddətli inkişafına yönəlmiş siyasəti dünyanın ən məşhur hotel brendlərinin ölkəmizə ayaq açmasına imkan yaratmışdır. Bu imkan yaradılan münbit şərait nəticəsində son 10 il ərzində əsasən Bakıda bir-birinin ardınca "Hilton", "JV Mariott", "Kempinski", "Fairmont", "Excelsior", "Four Seasons", "Sheraton", "Jumeirah", "Fairmont" kimi dünyanın məşhur brendləri altında beşulduzlu hotellər istıfadəyə verilmişdir. Təkcə 2011-ci ildə Bakıda 6 beşulduzlu hotel istifadəyə verilmişdir ki, bu da dünya şəhərləri arasında analoqu olmayan hadisədir. Bu gün Azərbaycan həm məşhur brendlərdən olan hotellərin, həm beşulduzlu hotellərin sayına görə regionda liderdir. Bu fakt da önəmlidir ki, müasir hotellər təkcə Bakıda yox, respublikamızın turizm mərkəzlərinə çevrilən bölgələrində çoxalır. Ötən illər təkcə Qəbələdə 3 beşulduzlu hotel istifadəyə verilib. Qaxda, Qubada digər turizm bölgələrində belə hotellər turistlərin xidmətindədir.

Zəngin tarixi, unikal təbiəti olan Qəbələ çoxsaylı tarix-mədəniyyət abidələrinə, yay-qış aylarında istirahət üçün olduqca əlverişli iqlim şəraitinə malikdir. Digər tərəfdən, Qəbələ məsafə baxımından paytaxt Bakıya yaxınlığı ilə hamını özünə cəlb edir. Turizm bölgələrinə yol yaxınlığından söhbət düşmüşkən deməliyik ki, məşhur dağ kəndi Xınalıqdan tutmuş Lerikəcən, Naxçıvanda Batabat gölünə, Gəmiqayaya, Haça dağa, Duzdağ Fizioterapiya Mərkəzinədək, eləcə Bakıdan birbaşa hətta Göyəzənə, Qarayazı meşələrinədək, bir sözlə, ölkənin ən ucqar guşələrində, ən uca dağlar qoynunda fəaliyyətdə olan turizm yerlərinə, sanatoriya, müalicəxana istirahət mərkəzlərinədək dünya standartlarına uyğun  yollar çəkilib. İnternetlə hansı məqamda lazım gəlsə, dünyanın istənilən şəhərində ailənlə, əzizinlə əlaqə yarada bilərsən.

Yenə qayıdaq Qəbələylə bağlı qeydlərimizə. Dövlətin regionların inkişafına turizm sektorunun iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilməsinə yönəlmiş siyasətinə uyğun olaraq, Qəbələ turizm mərkəzi kimi sürətlə inkişaf edir. Özəl investisiyalar hesabına ötən 10 ildə rayon ərazisində çoxsaylı turizm infrastrukturu yaradılmış, 20-yə yaxın müasir istirahət mərkəzi hotel istifadəyə verilmişdir. Bura ən müasir standartlara uyğun xidmətlər təklif edən 3 beşulduzlu hotel - "Qafqaz Resort", "Qafqaz Riverside" "Qafqaz Sport" daxildir. Ümumiyyətlə, Qəbələ Azərbaycan bölgələrində 3 beşulduzlu hotelin fəaliyyət göstərdiyi yeganə rayondur. Hazırda rayonda daha bir neçə beşulduzlu hotel inşa olunur. Cari ilin fevral ayında təməli qoyulan "Tufan" dağ-xizək yay-qış istirahət kompleksi istifadəyə verildikdən sonra isə bu yerlərdə qışda da istirahətin tayı-bərabəri olmayacaq. Azərbaycanda ikinci yay-qış turizm mərkəzi olacaq kompleks eyni vaxtda 3 mindən çox turisti qəbul edəcək. Söz düşmüşkən qeyd edək ki, təkcə Azərbaycanda deyil, həm MDB məkanında tanınan turizm mərkəzlərindən birinə çevrilən Qəbələyə 2008-ci ildə 14 min 630, 2009-cu ildə ondan 2 dəfə çox - 29 min 855, 2010-cu ildə 30 min 450, 2011-ci ildə 35 min 850 turist gəlmişdir. 2012-ci ildə rayona gələn 45 min 500 nəfərdən çox turistin isə 14 min nəfəri xatici ölkə vətəndaşları olmuşdur. Qəbələ həm müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Təkcə ötən il bu rayon 30-a yaxın yerli beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etmişdir.

Azərbaycanda payız-qış mövsümündə istirahətə gələn turistlər üçün yaradılan şərait yüksəlir. Necə deyərlər, yayın-yazın öz yeri, qarlı qışın öz gözəlliyi var. Bu mənada ölkənin şimal-şərqində, Böyük Qafqaz sıra dağlarının ətəyində, zəngin rəngarəng təbiəti, təmiz havası əlverişli iqlim şəraiti ilə seçilən Qusarda olmaq dünyaya dəyər. Buradakı qış turizm kompleksinin birinci mərhələsi 2012-ci ilin dekabrında istifadəyə verilmişdir. Həmin vaxtdan kanat yoluna xizək eniş yoluna malik kompleks turistləri qəbul etməyə başlamışdır. Tam istifadəyə verildikdən sonra kompleks eyni vaxtda 5 mindən çox turistə xidmət etmək imkanına malik olacaq. Bu sayda qonağa dağ-xizək digər qış idman növləri ilə məşğul olmaq üçün bütün imkanlar yaradılır. Kompleksdə müxtəlif uzunluqlu 21 kanat yolun çəkilməsi nəzərdə tutulur. Layihənin 2 milyard dollara başa gələcəyi gözlənilir. Bu vəsaitin 400 milyon dollarını ərazidə infrastrukturun yaradılması üçün Azərbaycan hökuməti sərf edir. Hökumət həmçinin 350-400 yerlik ilk hotelin tikintisini maliyyələşdirir. Vəsaitin qalan hissəsini isə özəl investorlar yatırırlar. Ümumiyyətlə, sahəsi 2 min hektar olan kompleksin tikintisi 4 mərhələdə həyata keçiriləcək. Layihənin ikinci mərhələsində qaldırıcı mədəni-idman qurğularının kotteclərin tikintisi, bağların salınması nəzərdə tutulub. Üçüncü mərhələ əlavə xizək yollarının salınmasını yaşayış zonasının genişləndirilməsini əhatə edəcək. Burada ilin bütün aylarında qar olması üçün xüsusi aparat su anbarı yaradılır.

Dəniz səviyyəsindən 2 min metr hündürlükdə yaradılan kompleksdə 5 min nəfərdən çox insan işlə təmin olunacaq. Onlar hotellər, ticarət mərkəzləri, restoranlar, əyləncə servis obyektləri, o cümlədən yeraltı yerüstü avtomobil dayanacaqlarında işləyəcəklər. Bu möhtəşəm məkan tam istifadəyə verildikdən sonra "Şahdağ" Qış -Yay Turizm Kompleksi MDB məkanında bənzərsiz turizm kompleksinə çevriləcək.

Dünya turizm məkanına uğurla inteqrasiya olunan, bu sahədə beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan bu günlərdə turizm sahəsində daha bir nailiyyətə imza atıb. Zimbiyanın Livinqston şəhərində keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş Assambleyasında ölkəmizin BMTÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə namizədliyi və 2014-cü ilin aprel ayında ÜTT-nin Avropa Komissiyasının növbəti iclasının Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Bundan əlavə, Azərbaycan Turizm Şirkətləri və Hotellər Assosiasiyasının (AZTA) prezidenti Nahid Bağırov ÜTT-yə qoşulmuş üzv ölkələrin icraiyyə bürosunun Avropa üzrə vitse-prezidenti seçilib. Bütün bunlar Azərbaycanın turizm ölkəsi kimi beynəlxalq aləmdə inkişafından və tanınmasından xəbər verir.

Bir sözlə, son illər Azərbaycan dünyada təkcə iqtisadi göstəricilərinə görə yox, həm də turizmin geniş inkişaf etdirilməsi üçün zəngin potensiala malikbu potensialdan bacarıqla istifadə edən ölkə kimi qəbul edilir. Turizm isə ölkəni tanıtmaq üçün ən əlverişli sektor olmaqla yanaşı, eyni zamanda, külli miqdarda qazanc gətirən sahədir.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2013.- 17 noyabr.- S.6.