Ustad cərrah, böyük alim

 

Mirəsədulla Mirqasımov-130

 

Cörkəmli alim, elm təşkilatçısı, ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, tibb elmləri doktoru, akademik Mirəsədulla Mirqasımovun adı Azərbaycan xalqının qürur və məhəbbətlə çəkdiyi adlar sırasında xüsusi yer tutur. Bu, bir tərəfdən böyük alimin dünyada ən humanist peşə sahibi olmasından, yaşadığı ömür boyu yüzlərlə insana sağlamlıq, həyat bəxş etməsindən irəli gəlirsə, digər səbəb onun şəxsiyyətinin bütövlüyündən, ziyalı, alim, vətəndaş adını ləyaqətlə daşımasından qaynaqlanır. Məhz buna görə də Mirəsədulla Mirqasımov unudulmur, xatirələrdə yaşayır, xeyirxah əməlləri yaddaşlara həkk olunur. Belə şəxsiyyətlər hər zaman hamı tərəfindən sevilir, onlara böyük ehtiram göstərilir. Dünyasını dəyişdiyi vaxtdan 55 il keçsə də, bu insanı tanıyanlar onun cəsarətindən, mərdliyindən, mübarizliyindən, həkimlik məharətindən, səmimiyyətindən, xeyirxahlığından doyunca, özü də rəğbətlə danışırlar.

Ölkə Prezidenti İlham Əliyev bu il fevral ayının 6-da akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sənəddə vurğulanır ki, 2013-cü ilin noyabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Mirəsədulla Mirələsgər oğlu Mirqasımovun anadan olmasının 130 illiyi tamam olur. Mirəsədulla Mirqasımov Azərbaycanda müasir tibb elmininali tibb təhsilinin əsasını yaradanlardan biri olaraq özünün məktəbini formalaşdırıb, respublika Elmlər Akademiyasının prezidenti kimi elmin təşkili işinə dəyərli töhfələr verib.

Bu Sərəncamla dövlət başçısı ölkəmizdə elmin inkişafında və onun nailiyyətlərinin tanıdılmasında, eləcə də yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmətləri olan akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasına Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlayıb həyata keçirmələri barədə qərar verib. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mirəsədulla Mirqasımov həqiqətən də Azərbaycan xalqının sayılıb-seçilən, xatırlanmağa, xatirəsinin əbədiləşdirilməsinə layiq olan şəxsiyyətlərindəndir. O, 1883-cü il noyabrın 17-də Bakıda ruhani seminariyasının müəllimi ailəsində anadan olmuşdur. Çoxuna bəlli olduğu kimi, M.Mirqasımov ağır seyid nəslinin övladı, Mirmövsüm ağanın yaxın qohumu idi. Atası Mirələsgər ağa mədrəsədə ərəb, fars dillərindən və ilahiyyatdan dərs deyib. Övladlarının ilki olan Mirəsədullanın gələcəyi ilə bağlı böyük ümidləri olub. Təbii ki, onun dini savad almasını istəyib. Hətta qəlbində oğlunun şeyxülislam mərtəbəsinədək yüksəlməsini arzulayıb. Onu mədrəsəyə də bu arzu ilə göndərib. Mirəsədulla hələ uşaq ikən ağlı, zəkası ilə atasını və müəllimlərini heyran qoyub. İti hafizəsi sayəsində üləmalarının verdiyi tapşırıqları tez mənimsəyib. Onun çox güclü dil öyrənmək qabiliyyəti olub. Ərəb və fars dillərinə yiyələnməklə yanaşı, sonralar dünyəvi elmlərə də maraq göstərib. Bu isə onu rus dilini öyrənməyə sövq edib. Əslində, Mirələsgər ağanın özü də məhdud savad almağın tərəfdarı olmayıb. O, həm də Şərq mədəniyyətinin, poeziyasının, riyaziyyatın, astronomiyanın bilicilərindən idi. Lakin məlum səbəbdən oğlunun rus gimnaziyasında oxumasına təbii ki, heç zaman razılıq verməzdi. Bunları yaxşı başa düşən 13 yaşlı Mirəsədulla atasından gizli gimnaziyaya gedir. Tezliklə rus dilində danışmağı, yazmağı da öyrənir. Orada dərs deyən alman müəlliminin köməyi ilə gimnaziyaya daxil olur. Bu qərarının ailəsi, qohumları tərəfindən kəskin etirazla qarşılanacağını, atasının bəlkə ən sərt tədbirlərə əl atacağını nəzərə alsa da, fikrindən dönməyir. Görkəmli kinorejissor Oqtay Mirqasımov atası haqqında müsahibələrinin birində bu hadisə ilə bağlı deyir: "Gələcəyinə ümidlə baxdığı, böyük din xadimi görəcəyinə inandığı oğlunun bu hərəkəti babam üçün böyük zərbə olur. Rus gimnaziyasında oxumaqla onun prinsiplərinə qarşı çıxan oğlunu cəzalandırır. Onu bir müddət evdən uzaqlaşdırır. Atam mərhumiyyətlər çəksə də, fikrindən daşınmayır. Şagirdlərə ərəb və fars dillərindən dərs deyib pul qazanır. Həm özünü dolandırır, həm də təhsilini davam etdirir... Oğlunun gimnaziyada oxuduğunu öyrənəndə Allahını danacağını düşünən babam sonralar görür ki, təlaşlanmaqda haqlı deyilmiş. Onu bağışlayır. 1924-cü ildə bu dünyadan oğlunun tutduğu yoldan, həyat seçimindən razı köçür". Bir faktı da qeyd edək ki, M.Mirqasımov ictimai fəaliyyətə hələ gimnaziyanın yuxarı siniflərində oxuyarkən başlayır, qəzet və jurnallara məqalələr yazır. Həmin məqalələrdə o, əsasən Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələlərindən ürək ağrısı ilə bəhs edir.

Beləliklə, ilk təhsilini mədrəsədə və ruhani seminariyasında aldıqdan sonra o, Bakı Rus Gimnaziyasını bitirir, üstəlik də din xadimi rütbəsinə yiyələnir. Lakin gənc Mirəsədulla bunlarla kifayətlənmir, dünyəvi təhsil almaq, həkim olmaq məqsədilə 1908-ci ildə Odessada Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olur. Tələbəlik illərində ərəb, farsrus dilləri sahəsindəki bilgilərini daha da dərinləşdirir, tərcümə ilə məşğul olur. Təhsil almaqla yanaşı, sanitar və əczaçı kimi işlərdə çalışır, Uzaq Şərq mədənlərində feldşer işləyir. Həkimlik diplomu aldıqdan sonra isə Odessanın müxtəlif klinika və xəstəxanalarında ordinator kimi cərrahiyyə əməliyyatları aparır, xəstələri müayinə edir. O, seçdiyi ixtisasın sirlərinə daha dərindən bələd olur, lakin öz üzərində müntəzəm işləməyi unutmur.

1916-cı ildə Mirəsədulla Bakıya qayıdır. 12-ci hərbi lazaretdə cərrah-ordinator, 1918-ci ildə şəhər xəstəxanasında cərrahiyyə şöbəsinin baş ordinatoru işləyir. Qısa bir vaxtda xəstələr və həmkarları arasında rəğbət qazanır, tibb aləmində sənətinin bilicisi kimi məşhurlaşır. Gənc həkimin tezliklə belə zəngin təcrübə toplaması və geniş dünyagörüşə yiyələnməsi, elmi tədqiqatlar aparması onun Bakı Dövlət Universitetinin tibb fakültəsinə dəvət olunması ilə nəticələnir. O, burada əvvəlcə Ümumi cərrahlıq kafedrasının assistenti təyin edilir, sonralar isə hospital Cərrahiyyə kafedrasında privat-dosent, iki il sonra professor olur. M.Mirqasımov bu illərdə pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, müntəzəm şəkildə ciddi elmi axtarışlar da aparır. 1926-cı ildə assistent olduğu zaman tədqiqatlarını davam etdirmək üçün bir müddət Avropaya (Almaniyaya) ezamiyyətə göndərilir.

1927-ci ildə Mirəsədulla Mirqasımov tədqiqatlarını birləşdirərək "Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar" mövzusunda ilk dəfə doktorluq dissertasiyası müdafiə edir. Bununla da ilk azərbaycanlı alim-cərrah adına yiyələnir, tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoyur. 1929-cu ildə isə professor adını alır.

1930-cu ildə Azərbaycan Tibb Universiteti yaradıldıqdan sonra görkəmli alimin fəaliyyəti kliniki cərrahiyyə, travmatologiya və urologiyanın tədrisi ilə bağlı olur. O, ümumi cərrahiyyənin aktual nəzəri və təcrübi problemləri üzərində çalışır və 1931-ci ildə hospital Cərrahiyyə kafedrasının müdiri təyin edilir. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olması Mirqasımova burada mütəşəkkil və yaradıcı həkimlər kollektivi təşkil etməyə imkan verir. Nəticədə onun başçılıq etdiyi kafedra ali məktəbin qabaqcıl, nümunəvi elm və tədris mərkəzlərindən birinə çevrilir. Onun fəaliyyətində həkimlik, alimlik və müəllimlik amilləri sıx bir vəhdət təşkil edirdi. Elə bütün bunlara görə akademik Mirqasımov hələ sağ ikən tibb elminin klassikinə çevrilir.

1931-1934-cü illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilir. Azərbaycan dilində cərrahlıq sahəsində ilk dərsliyi 1933-cü ildə hazırlayır. 1945-ci ildə yaradılan Azərbaycan Elmlər Akademiyasının 15 ilk həqiqi üzvündən biri olur. Gərgin rejiminə baxmayaraq, ictimai işlərdə fəallıq göstərir. Üç çağırış - 1937, 1946 və 1950-ci illərdə SSRİ Ali Sovetinin deputatı olur. 1955-ci ildə Cərrahların Beynəlxalq Assosiasiyasının həqiqi üzvü seçilir.

İkinci Dünya müharibəsi illərində Mirqasımovun parlaq həkimlik istedadı özünü daha qabarıq şəkildə büruzə verir. Həmin dövrdə o, keçmiş SSRİ-nin müxtəlif yerlərindən Azərbaycana köçürülmüş hospitallarda məsləhətçi kimi fəaliyyət göstərir. Əsasən öd kisəsi və bağırsaqlarda, qaraciyərdə, dalaqdaöd yollarında, sidik orqanlarında saysız-hesabsız çətin cərrahiyyə əməliyyatları aparır, yaralıların həyata qaytarılması və yenidən ordu sıralarında xidmətə yollanması üçün əlindən gələni əsirgəmir. Bir sözlə, gecəni gündüzə qataraq ləyaqətlə çalışır, vəzifə borcunu vicdanla yerinə yetirir. Təsadüfi deyil ki, bu illərdə görkəmli alimin "Cərrahiyyə", "Qısaca ümumi cərrahiyyə kursu" adlı dərsliyi, "Azərbaycanda sidikdaşı xəstəliyinin öyrənilməsi materialları", "Ölkənin müdafiəsində cərrahiyyənin rolu" kitabları çapdan çıxır. Azərbaycanda hospital xidməti məhz M.Mirqasımovun böyük təcrübəsi nəticəsində inkişaf edib möhkəmlənir.

Alimin oğlu, görkəmli kinorejissor Oqtay Mirqasımov o illəri xatırlayaraq yazır: "1941-1945-ci illərdə - müharibə illərində ailə üzvləri bəzən günlərlə atamın üzünə həsrət qalırdı. O, gecə-gündüz hospitallardan çıxmırdı. Cəbhədə yaralanan: "Məni həyata qaytarın", - deyə yalvaran neçə-neçə gənc döyüşçünü öz cərrah bıçağı ilə ölümün pəncəsindən xilas edirdi. Həmin illərdə o, təkcə həkim deyildi, eyni zamanda, cəbhəyə oğul yola salan ata idi. Böyük qardaşım Mirmustafaya çağırış vərəqi gələndə anam çox yalvarıb: "Bağırova de, Mirmustafanı cəbhəyə aparmasınlar". Atam birinci katibə ağız açmayıb. Qardaşım müharibəyə gedib, Berlinədək döyüşüb".

1945-ci ildə ölkənin təbii ehtiyatlarının, qədim tarixinin, ədəbiyyat və incəsənətinin dərindən öyrənilməsi və iqtisadi inkişafı sürətləndirmək məqsədilə keçmiş SSRİ EA-nın nəzdində Azərbaycan Elmlər Akademiyası təsis olunur. Görkəmli alim, respublikada cərrahiyyə və urologiyanın elmi əsaslarını qoyan, Azərbaycan səhiyyəsinin keşiyində dəyanətlə dayanan, ümumiyyətlə, Azərbaycanın elmi ictimaiyyəti tərəfindən sevilən və qəbul edilən M.Mirqasımov yekdilliklə bu elm ocağının prezidenti seçilir. Beləliklə, Mirəsədulla Mirqasımov Azərbaycan tarixinə respublika Elmlər Akademiyasının ilk prezidenti kimidaxil olur.

1945-1947-ci illərdə böyük alimin təşkilatçılıq təcrübəsi sayəsində respublikada elm və texnikanın müxtəlif sahələri üzrə fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi istiqamətində işlər görülür, eləcə də gələcək üçün bir çox tədbirlər nəzərdə tutulur. Texnika, neft, kimya, təbiətşünaslıq, ictimai elmlər, ədəbiyyat və incəsənət sahəsində aktual məsələlərin yaxın illərdə həlli üçün məqsədyönlü tədbirlər planlaşdırılır. M.Mirqasımovun geniş diapazonlu alim, böyük həyat təcrübəsinə və ensiklopedik biliyə malik insan olması bütün bu məsələlərin yüksək səviyyədə həllinə öz böyük təsirini göstərir.

Bütün bunlarla bahəm yorulmaz alim çalışdığı sahədə tədqiqatlarını və axtarışlarını davam etdirirdi. Akademik elmi-cərrahi fəaliyyəti dövründə irinliçürümüş yaraların yoluxma səbəblərini də araşdırmışdı. O, müharibə illərində sanitar və həkim-cərrahiyyə yardımının mühüm istiqamətlərinə - qanaxma, donmayanma hallarına qarşı ilk yardım məsələlərinə xüsusi diqqət yetirmişdir.

M.Mirqasımov zəngin təcrübəsinə əsaslanaraq göstərmişdir ki, müharibənin dağıdıcı vasitələri və psixi gərginliyin həddən artıq olması travmatik şokla xəstələnənlərin sayını xeyli artırmışdır. Böyük cərrah şokun meydana gəlməsində psixoloji-əsəb faktorlarının əsas rol oynamasını bildirməklə yanaşı, onun digər orqan və sistemlərin fəaliyyətinə də dağıdıcı təsir göstərdiyini təsdiqləyirdi.

O, uzaqgörən bir alim idi, nəticə və qənaətləri sanki neçə il irəliyə hesablanmışdı. Məsələn, təklif etdiyi üsul - qanköçürmə, novakain blokadası vasitəsilə ağrısızlaşdırma və s. bu günşokun müalicə prinsiplərinə müəyyən dərəcədə uyğun gəlir. Urologiyanın aktual problemləri üzərində işləyən akademik hansı vəzifədə çalışmasından asılı olmayaraq, cərrah bıçağını əlindən yerə qoymurdu. Başqa sözlə, bir həkim-cərrah kimi həmişə insanlara kömək etməyə hazır idi. Odur ki, onun böyrək və digər orqanlar üzərində apardığı cərrahiyyə əməliyyatları saya-hesaba gəlmirdi.

Akademik Mirqasımov elə bir şəxsiyyət, elə bir insan idi ki, onun həyati anlamında ictimai-siyasi quruluş nisbi bir amil idi. O öz daxili dünyasında dərk etmişdi ki, yaşadığı dövrün qasırğaları ötüb keçəcək. Bu səbəbdən də onun üçün yüksək vəzifə, şan-şöhrət önəmli deyildi. Akademik o zaman çoxlarının can atdığı Kommunist Partiyasına üzv də olmamışdı. O, əsl insan idi, vəzifəsi, işi, daşıdığı mənəvi yük tamamilə bambaşqa idi. O, həkim idi, loğman idi, alim idi. İnsanlığa, Vətəninə xidmətin bu yolunu seçmişdi. Tutduğu vəzifədən azad ediləndə belə özünü sındırmamışdı. Onun üçün Vətən, xalq, insanlar vardı. Bir də qəlbinin dərinliyində Hippokrat andına sədaqəti vardı.

Oğlu Oqtay müəllimin yenə də həmin günlərlə bağlı söylədiklərinə qayıdaq: "O zaman yüksək vəzifələrə çatmaq arzusunda olanlar Kommunist Partiyasının üzvü olmağa can atırdılar. Çünki bunsuz məqsədlərinə çatmaları çətin idi. Atam isə öz nüfuzu, savadı sayəsində vəzifələrə yüksəlir, ancaq Kommunist Partiyasına üzv olmurdu. Dostları, yaxınları onu qorumaq üçün məsləhət görürdülər ki, ərizə yazıb partiyaya keçsin. O isə bunu etmirdi. Bir gün Mircəfər Bağırov filarmoniyada keçirilən iclasda Azərbaycan Elmlər Akademiyasının təşkilatçısı və ilk prezidenti Mirəsədulla Mirqasımova deyir:

- Bitərəfliyiniz yetər, yoldaş Mirqasımov, Kommunist Partiyasına üzv olmalısınız.

- Bu, mümkün deyil, yoldaş Bağırov.

- Busözdür?

- Mən bir dəfə and içmişəm, o da Hippokrat andı. Həm mən Allaha inanıram.

Salondakılar birinci katiblə alimin arasında gedən bu söhbətdən təşvişə düşüblər. Atam müdrik insan idi. Bu söhbətin onun üçün necə nəticələr verə biləcəyini söz yox ki götür-qoy etmişdi. Mircəfər Bağırova o qədər adamın yanında kəskin şəkildə "yox" dediyinə görə azadlığına, bəlkə həyatına "əlvida" deyə bilərdi. Sadəcə, öz prinsiplərindən, qürurundan əl çəkmək, güzəştə getmək ona yad idi. Bunu Bağırov da yaxşı bilirdi.

O, birinci katibin reaksiyasını çox gözləməli olmayıb. İclasdan çıxıb piyada işə gəlməsi on dəqiqə çəkib. İçəri girəndə görüb ki, katibəsi, köməkçisi yerindədir. Kabineti isə möhürlənib. Kommunist Partiyasının üzvü olmaqdan imtina edən Mirəsədulla Mirqasımov akademiyanın prezidenti vəzifəsindən azad olunub".

Onun bir həyat meyarı da dəqiqlik idi. Bütün məsələlərə dəqiqliklə ədalətlə yanaşırdı. Söz versə, mütləq onu yerinə yetirməli idi. Vədə versə, bir dəqiqə tez, bir dəqiqə gec, deyilən yerdə olmalı idi. Qayğıları, işləri qədər çox olsa da, dilindən "vaxtım yoxdur" sözlərini eşidən olmamışdı. Deyirdi, vaxt nədir ki? Onu yuxuya, istirahətə ayırdığın zamandan da almaq mümkündür. Təki insanın xeyirxah işlər görmək üçün istəyi, daxili gücü olsun.

Özü yalnız doğru hesab etdiyi işləri görərdi. Kimsənin haqqını tapdalamaz, başqalarının da bu cür hərəkətlər etməsinə yol verməzdi. Kimsənin qəlbinə toxunmaq istəməz, kobud söz işlətməz, vəzifəcə üstünlüyünü nümayiş etdirməzdi. Hamıya "siz" deyə müraciət edərdi. Onun üçün əsas olan düzlük, saflıq, ədalət zəhmətsevərlik idi. Varlığında alicənablıq, qəlbində mərhəmət hissləri çox güclü olsa da, qətiyyətli insan idi. Yeri gələndə sərt olmağı da bacarır, qəti hərəkətlər edə bilirdi.

Akademik M.Mirqasımovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycanın əməkdar elm xadimi adına layiq görülmüş, yaşadığı dövrün yüksək mükafatları olan "Lenin" ordeni, iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Qırmızı Ulduz" ordeni bir sıra medallarla təltif edilmişdir.

Böyük alim 1958-ci il iyulun 20-də doğulduğu Bakı şəhərində də dünyasını dəyişmişdir. Ondan tibb elminə böyük irs qalmışdır. Bu, onun saysız-hesabsız nəşr edilmiş əsərləridir, orada əks olunmuşindipraktikada geniş istifadə olunan tibbi nəticələrdir. M.Mirqasımov eyni zamanda cərrahlıq sahəsində Azərbaycan dilində ilk dərsliyin müəllifidir. Görkəmli alimin bir sıra araşdırmaları qarın yatalağı peritonitlərinin - qarın pərdəsinin iltihabı diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Bununla əlaqədar onun 1957-ci ildə rus dilində çapdan çıxan "Qarın yatalağı cərrahiyyəsi" kitabı dəyərli dərs vəsaiti kimi bu günöz əhəmiyyətini itirməmişdir. Ümumiyyətlə, onun çoxşaxəli elmi nailiyyətləri ölkəmizdə və xaricdə nəşr olunan 90-dan artıq elmi işi əhatə etmişdir.

Mirəsədulla Mirqasımov xalqın unutmadığı şəxsiyyətlərdəndir. Bakıdakı respublika əhəmiyyətli böyük xəstəxana uzun illərdir akademikin adını daşıyır. Ölkə paytaxtındakı küçələrdən birionun adınadır. Akademikin 100 illiyinə həsr olunmuş yubiley medalı da təsis edilmişdir. M.Mirqasımovu əbədiləşdirən, onun əməllərini, adını qəlblərdən silinməyə qoymayan ən böyük amil isə öz parlaq şəxsiyyəti, ziyalılığı, elmdə açdığı yollardır. Bu yollarla addımlayan neçə-neçə gənc həkim sənətinin ən dərin incəliklərinə və ən uca zirvəsinə çatıb. Onlardan professor, akademik olanları da az deyil. Bu yolla gedənlərin, ustad cərrahın, müdrik loğmanın irsindən bəhrələnənlərin sayı getdikcə artır.

 

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2013.- 17 noyabr.- S.7.