Polşada «Tanınan və tanınmayan
Azərbaycan» adlı tədbir keçirilmişdir
Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi, Azərbaycan Mədəniyyət Mərkəzinin Vrotslav şəhəri üzrə əlaqələndiricisi İlahə Kərimova-Kietsenkanın, Huseyn Məsməliyevin və kitabxana rəhbərliyinin təşkilatçılığı ilə "Medioteka" kitabxanasında "Tanınan və tanınmayan Azərbaycan" adlı tədbir keçirilmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Dolnoslonsk əyaləti qubernatorunun müavini xanım Eva Mankovska, Vrotslav Universitetinin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
"Medioteka" kitabxanasının direktoru Anna Yanus iştirakçılara Azərbaycan haqqında qısa məlumat vermişdir.
Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Azərbaycan-Polşa əlaqələri və ölkəmizin tarixi barədə iştirakçılara məlumat vermiş, XIX əsrin sonları, XX əsrin əvvəllərində polyakların ölkəmizin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirmişdir. Azərbaycan xalqının dünya mədəniyyət inciləri xəzinəsinə əvəzolunmaz töhfələr verdiyini vurğulayan H.Həsənov ölkəmizin Şərq və Qərb mədəniyyətlərinin birləşdiyi məkan olduğunu, Şərqdə ilk dəfə məhz Azərbaycanda operanın yarandığını diqqətə çatdırmışdır.
İştirakçılara Azərbaycan muğamı barədə məlumat verən səfir muğamın hər bir azərbaycanlının döyünən ürəyinin səsi, onun nəbzi olduğunu qeyd etmişdir.
H.Həsənov Azərbaycanda müxtəlif milli azlıqların, dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadıqlarını xüsusi vurğulamışdır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışan səfir Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20 faiz torpaqlarının işğal olunduğunu və bir milyondan çox vətəndaşımızın öz doğma yurd-yuvalarından didərgin düşdüyünü vurğulamışdır.
Bildirilmişdir ki, 1987-1989-cu illərdə Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində Ermənistandan yüz minlərlə azərbaycanlı çıxarılmışdır. Ermənistanın çoxmillətli Cənubi Qafqaz regionunda yeganə monoetnik bir ölkə olması xüsusi qeyd edilmişdir.
Səfir "Medioteka" kitabxanasının direktoru Anna Yanusa səfirliyin polyak dilində nəşr etdirdiyi 19 adda kitablar və Azərbaycan-Polşa əlaqələrinin 540 illiyinə və bərpasının 20 illiyinə həsr olunmuş medal təqdim etmişdir.
Daha sonra çıxış edən Dolnoslonsk əyaləti qubernatorunun müavini xanım Eva Mankovska Azərbaycan ilə bağlı tədbirin Vrotslavda keçirilməsinin sevindirici hal olduğunu bildirmişdir.
"Azərbaycanın coğrafi baxımdan Polşadan uzaq ölkə olmasına baxmayaraq, səfir Həsən Həsənovun çıxışından sonra çox yaxın olduğunu anladım" - deyə xanım E.Mankovska vurğulamışdır. O bildirmişdir ki, oxşar tədbirlər Azərbaycanı Polşaya və polyaklara daha da yaxınlaşdırır.
Azərbaycan Mədəniyyət Mərkəzinin Vrotslav şəhərindəki əlaqələndiricisi İlahə Kərimova-Kietsenka iştirakçılara mərkəzin fəaliyyəti barədə məlumat vermişdir.
Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış "Buta" filmi nümayiş etdirilmişdir.
Sonda
qonaqlar üçün Azərbaycan mətbəxinin ləziz
təamlarından ibarət ziyafət təşkil
olunmuşdur.
Azərbaycan.-2013.- 17 noyabr.- S.8.