İki xalqın sevimlisi

 

Özbəkistan Mədəniyyət və İdman İşləri Nazirliyi ölkəmizin Daşkənddəki səfirliyi ilə birgə Əlişir Nəvai adına OperaBalet Teatrının rejissoru, iki ölkənin xalq artisti, professor Firudin Səfərovun 80 illik yubileyi münasibətilə mərasim keçirib.

"Türküstan" sarayında baş tutan tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, media, ictimaiyyət və diaspor nümayəndələri iştirak ediblər. Yubiley gecəsində xalq artistinin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. Tanınmış opera rejissorunun fəaliyyətindən söz açan natiqlər F.Səfərovun quruluş verdiyi əsərlərdən danışıblar. Opera sənəti qarşısındakı xidmətlərinə görə azərbaycanlı rejissora - Firudin Səfərova Özbəkistan Prezidentinin fərmanı ilə "Əmək şöhrəti" ordeni verilib. O cümlədən yubilyara Özbəkistanın milli geyimi və digər hədiyyələr də təqdim olunub. Mərasimdə Firudin Səfərovun səhnələşdirdiyi bir sıra əsərlər - Üzeyir Hacıbəylinin "Koroğlu", "Leyli və Məcnun", dünya klassik operalarından parçalar göstərilib. Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı və Azərbaycan xalq çalğı alətləri ansamblı tamaşaçılara mahnı və rəqslər təqdim ediblər.

Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev iştirak ediblər.

 

Azərbaycan.-2013.- 17 noyabr.- S.8.