Mətbuata birgə bəyanatlar
Azərbaycan
Respublikasının Prezidenti
İlham
Əliyevin Ukraynaya rəsmi səfəri
Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 18-də Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç mətbuata bəyanatlarla çıxış etmişlər.
Prezident Viktor Yanukoviçin bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Bu gün biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla Azərbaycanın ali nümayəndə heyətini növbəti dəfə qəbul edirik. Bizim görüşlərin keçdiyi ənənəvi qarşılıqlı anlaşma şəraitini qeyd etmək mənə xüsusilə xoşdur. Şübhəsiz, bizim səmimi və konstruktiv dialoqumuz Kiyev ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə kömək edir.
Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının bugünkü növbəti, dördüncü iclasında biz bundan əvvəlki iclasdan sonrakı dövrdə görülmüş işlərə yekun vurduq, praktiki olaraq bütün mühüm istiqamətlər üzrə gələcək ikitərəfli əməkdaşlıq planlarını hərtərəfli müzakirə etdik. Bizim siyasi dialoqun inkişafı və dinamikası barədə Azərbaycan Prezidenti ilə fikirlərimiz və baxışlarımız eynidir. Biz hesab edirik ki, Ukrayna-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının doqquzuncu və onuncu iclasları arasında keçən dövrdə biz ticari-iqtisadi münasibətləri xeyli yaxşılaşdırmışıq. Bu gün biz öz hökumətlərimizə qəti mesaj veririk ki, qazanılmış nailiyyətlərlə əsla kifayətlənmək olmaz. Biz münasibətlərimizi təkmilləşdirməkdə davam etməliyik. Biz bir sıra layihələri birlikdə həyata keçirmək niyyətindəyik. Əlbəttə, münasibətlərimizi, xüsusən ticari-iqtisadi münasibətlərimizi uzunmüddətli planlaşdırmaya keçməliyik. Hesab edirəm ki, məsələyə məhz bu cür yanaşma strateji tərəfdaşlığın maksimum konkret məzmun kəsb etməsinə şərait yaradacaqdır.
Ukrayna enerji daşıyıcılarının nəql edilməsi üçün etibarlı tranzit ölkə, Azərbaycan isə onların etibarlı təchizatçısı kimi çıxış edir. Energetika sahəsində qarşılıqlı fəaliyyət prioritet məsələlərdən biridir və ölkələrimiz karbohidrogenlərin Avropa istiqamətində nəql edilməsi məsələlərində öz səylərini birləşdirmək üçün hər cür imkana malikdirlər. Bu və digər məsələlərdə qarşılıqlı fəaliyyət dövlətlərimizin Qara dəniz-Xəzər regionunda mövqelərinin möhkəmlənməsinə kömək edəcəkdir. Biz həm də genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində iki dövlət qarşısında yaranan imkanları müzakirə edirik.
İlham
Heydər oğlu ilə birlikdə qlobal və regional gündəlikdə
duran aktual məsələlərin əksəriyyəti barədə
Kiyevin və Bakının yanaşmalarının
üst-üstə düşməsini məmnuniyyətlə
qeyd etmişik. Ölkələrimiz beynəlxalq
təşkilatlar - BMT, habelə bu il Ukraynanın sədrlik etdiyi
ATƏT çərçivəsində konstruktiv
qarşılıqlı fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Prezidentinin
bu səfərinin yekunlarına əsasən
xarici siyasət, kənd təsərrüfatı,
mədəni-humanitar sahələrdə ikitərəfli
sazişlər imzalanmışdır. Sözsüz
ki, bugünkü
yüksək səviyyəli ikitərəfli
danışıqlar çərçivəsində qəbul edilmiş qərarlar Ukrayna-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin
dərinləşməsinə səmərəli şərait
yaradacaqdır.
Əlbəttə, bu gün məmnuniyyətlə qeyd edirik ki, Azərbaycan Prezidenti özünün ilk dövlət səfərini Ukraynaya etmişdir. Biz İlham Heydər oğlunu seçkilərdə layiqli qələbəsi və növbəti müddətə Prezident seçilməsi münasibətilə təbrik edirik. Bu, sabitlik əlaməti, Azərbaycan xalqının öz liderinə ən yüksək etimadının əlamətidir. Əlbəttə, Ukrayna-Azərbaycan münasibətlərinin ənənələrinə görə biz bu münasibətləri daim təkmilləşdirməyə, ticari-iqtisadi, humanitar və başqa sahələrdə yeni nailiyyətlər qazanmağa borcluyuq.
Azərbaycan
və Ukrayna xalqlarının ənənəvi münasibətləri
bizim ikitərəfli münasibətlərin inkişafı
üçün bünövrədir.
Azərbaycan.-2013.- 19 noyabr.- S.3.