Prezident İlham Əliyev Kiyevdəki Heydər Əliyev

 Parkında görülən işlərlə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham

 Əliyevin Ukraynaya rəsmi səfəri

 

Noyabrın 18-də Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyevdəki Heydər Əliyev Parkında görülən işlərlə tanış olmuşdur.

Park bu il aprelin 25-də - ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmışdır.

Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkda ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Dövlət başçısı parkı gəzdi.

Parkda Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən kompozisiya elementləri yüksək peşəkarlıqla işlənmişdir. Burada işıqlandırmadan tutmuş nadir "Şeyx Səfi" xalısının surətinədək hər şey fərdi sifariş əsasında Ukrayna, İtaliya, Almaniya və Azərbaycanda hazırlanmışdır. Parkın inşaat kompozisiyası Azərbaycanın qədim rəmzləri olan Bakının Qala divarları, Şirvanşahlar dövlətinin gerbi, "Şeyx Səfi" xalısının maketləri əsasında qurulmuşdur. Parkın landşaft kompozisiyası isə dövlətimizin coğrafi şəraitinin və florasının müxtəlif elementləri ilə tamamlanır.

Yeni salınan parkda aparılan yaşıllaşdırma işləri zamanı əsasən Azərbaycan florasına məxsus nadir ağaclara və bitkilərə üstünlük verilmişdir. Bu da parkın özünəməxsusluğunu artıran amillərdir.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 noyabr.- S.4.