«Ermənistanın Azərbaycana təcavüzü: təhlili

 xronika» kitabının təqdimatı keçirilmişdir

 

Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədovun "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)" adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, "Azərbaycan  Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət  İdarəçilik  Akademiyasının  Böyük  Elmi Şurasının qərarı ilə nəşr olunmuş  kitabın  təqdimat mərasimdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti  açıqlanmış,  bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.

Yeni nəşrin məziyyətlərindən söz açan akademik vurğulamışdır ki, bu kitab erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan təcavüzün təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Məlumat verilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun elmi redaktorluğu ilə nəşr olunan bu sanballı tədqiqat əsərinin rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlı, məsləhətçisi isə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərovdur.

Diqqətə çatdırılmışdır ki, kitabın giriş hissəsində elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də digər tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilmişdir. Bununla yanaşı, erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunmuşdur.

Kitabın əsas hissəsini isə XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, işğalçılıq siyasətinin araşdırılması və baş verən hadisələrin xronoloji ardıcıllıqla təhlili təşkil edir ki, bu da müasir dövrdə problemin daha dərindən öyrənilməsi üçün olduqca zəruridir. Eyni zamanda, kitabda 1987-2011-ci illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, dünya birliyinin bu işğalla bağlı mövqeyi və beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlər də təhlil edilmişdir.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov demişdir: Qarabağ nisgili, Qarabağ problemi hər birimizin fəaliyyətindən qırmızı xətlə keçir və keçməlidir. Peşəsindən, vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlının fəaliyyətinin ayrıca bir istiqaməti, ayrıca bir hədəfini işğal olunmuş torpaqlarımızın azad olunması missiyası təşkil etməlidir. Hər birimiz bir missioner olaraq Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik.

Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl, səriştə, intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir. Müasir dünyada güclünün haqlı olduğu bir siyasət nümayiş olunur. Əslində isə haqlının güclü olduğuna əsaslanan siyasət yürüdülməli, haqlı hər yerdə güclü olmalıdır. Təəssüflər olsun ki, siyasətin müxtəlif standartlarının mövcud olduğu bir dünyada yaşayırıq və burada güclünün haqqı, güclünün hüququ daha çox təlqin olunur və təbliğ edilir, dəstəklənir. Bu anlamda Prezidentin Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalıyıq.

Ə.Həsənov vurğulamışdır ki, son zamanlar ermənilərin dünya gücləri tərəfindən müdafiəsi getdikcə çətinləşir. Çünki işğalla bağlı Azərbaycanın ortaya qoyduğu təkzibolunmaz dəlillər erməniləri və onların havadarlarını çıxılmaz vəziyyətə salır. Əldə olunmuş nailiyyətlərdə ciddi axtarışlar nəticəsində araya-ərsəyə gəlmiş bu kimi  elmi kitabların da böyük rolu vardır.

Bildirilmişdir ki, hadisə və proseslərin xronoloji ardıcıllıqla təhlil edildiyi kitabda ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatların ən yüksək səviyyədə keçirilən zirvə toplantılarındakı çıxışları, nitqləri və bəyanatlarının şərhi verilmişdir. Bu da münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin mövqeyinin dünyaya daha dolğunobyektiv çatdırılması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqların xronoloji təhlili, azərbaycanlıların soyqırımının tanıdılması, erməni millətçilərinin cinayətkar əməlləri, eləcə də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşa edilməsi istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar da təhlil edilmişdir.

Kitabın elmi redaktoru vurğulamışdır ki, nəşrin əlavələr bölməsində Azərbaycanın tarixinin müxtəlif dövrlərinə dair xəritə və sənədlərin yer alması, xüsusilə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri, dağıdılmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı ilə yanaşı, bu işğal və təcavüzün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da öz əksini tapmışdır. Bundan əlavə, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinin mətni, 1918-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılan və yer üzündən silinən azərbaycanlıların yaşadığı məntəqələrin adları da verilmiş, erməni terror təşkilatlarının müxtəlif vaxtlarda həyata keçirdikləri terror aktlarının bir qismi xronoloji ardıcıllıqla göstərilmişdir.

Ensiklopedik səciyyə daşıyan kitabın xarici dillərə tərcümə olunmasının vacibliyinə toxunan Əli Həsənov demişdir ki, bu nəşri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu xüsusi mükafata layiq görmüşdür.

Təqdimat mərasimində Milli Məclisin deputatları Fəttah Heydərov, Mübariz Qurbanlı, Bəxtiyar Əliyev, Elman Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov çıxış edərək tariximizin öyrənilməsi baxımından kitabın böyük əhəmiyyət daşıdığını söyləmiş və müəllifə uğurlar arzulamışlar.

Çıxışlarda vurğulanmışdır ki, müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradan bu monoqrafiya son 25 illik tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi işinə sanballı töhfədir, gələcək tədqiqatlarda onun dolğun və dəqiq informasiya daşıyıcısı kimi mühüm rolu olacaqdır. Geniş oxucu auditoriyasının, politolqların, tarixçilərin, o cümlədən xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislərin marağına səbəb olacaq kitab ermənilərin ərazi iddialarının, münaqişənin tarixinin, dünya birliyi və beynəlxalq təşkilatların mövqeyinin öyrənilməsi baxımından da dəyərli mənbədir.

Sonda kitabın müəllifi Elçin Əhmədov son illər Azərbaycan Prezidentinin torpaqlarımızın azad edilməsi istiqamətində gördüyü çoxsaylı işlərdən, yeritdiyi qətiyyətli siyasətdən söz açmışdır.

Müəllifi olduğu kitabın ərsəyə gəlməsinə dəstək verənlərə minnətdarlığını bildirən E.Əhmədov tariximizin gənc nəslə çatdırılması istiqamətində bundan sonra da əlindən gələni əsirgəməyəcəyini söyləmişdir.

 

Azərbaycan.-2013.- 19 noyabr.- S.6.