«YAY!» Qalereyasında Mahmud
Rüstəmovun «Əks-səda» adlı fərdi sərgisi
Noyabrın 16-da "YARAT!" Müasir İncəsənət Məkanının "YAY!" Qalereyasında Mahmud Rüstəmovun "Əks-səda" adlı fərdi sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, M.Rüstəmovun Bakının sakit həyətlərindən birində böyük olmayan emalatxanasında yaratdığı heykəltəraşlıq əsərləri sonradan Avropanın muzey və fərdi kolleksiyalarına daxil edilir. Ustad sənətkarın əsəri Sotbis Hərrac Evinin 2013-cü ildə Londonda təşkil etdiyi "Yolayrıcında" (At the Crossroads) sərgisində zəngin kolleksiyaçı tərəfindən satın alınmışdır.
M.Rüstəmov "012 Bakı Public Art Festivalı"nın Qız Qalasının qəfildən yaranması versiyası əsasında şəhərin lap mərkəzində başqa planetdən gələn qızıl adam heykəlini quraşdırmağa risk edən yeganə iştirakçısı olmuşdur.
O, həm də məşhur rəssamlar nəslinin davamçısıdır. "Əks-səda" sərgisində ekspozisiya məkanı iki müxtəlif mənalı sahələrə - tunc və mərmər sahələrinə bölünmüşdür.
Heykəltəraşın yaratdığı əsərlər kəskin şəkildə gözəl olan zərif erotizm və özünütənqidlə doludur. Kövrək mərmər, üzərindən qara rezindən olan müəmmalı çiçəklərin çıxdığı dairəvi, demək olar ki, qadın tək zərif formalar... Lakin kim isə bu təhlükəli çiçəkləri daha çox zərif ağ mərmər vücudu parçalayan vəhşi quşun iti caynaqlarına bənzədə bilər. Tikan və qızılgül bir-birindən ayrılmazdır. Soyuq təmkin şiddətli ehtirasla birgə mümkündür. Təbii mahiyyət genetik mühəndisliyin təntənəsi ilə birgə addımlayır - heykəltəraşın əsərləri bu tərzdədir. Onlara nəzər saldıqda içimizdə belə bir sual meydana gəlir: "Qarşımızda dayanan kimlərdir - bədən və qandan ibarət məxluqlar, yoxsa möhtəşəm biorobotlar?"
İkilik və bipolyarlıqla bağlı həmin hissiyyat tuncdan yaradılan əsərlərə nəzər saldıqda da baş qaldırır...
Ekspozisiyanın mərkəzində - Müqəddəs Georginin əlilə devrilmiş əjdahanın kəlləsi... Qanın laxtalandığı yaradan uzun müddət köhnə baba evinin sönmüş buxarısında uyuyan Vətəndaş Müharibəsi dövründən qalmış süngü çıxır. Bu nədir - sülh nəğməsi, yoxsa müharibə himni? Yöndəmsiz şarabənzər bədəni elə tunc almalarla doldurulmuş həyəcanlandırıcı tunc ördək nəyi simvolizə edir? Bayram süfrəsinin ləzzətli yeməyi qəflətən sənət əsərinə çevrilir. Tən kəsilmiş ətin içərisindən quşun skeleti üzə çıxır - bu, ya məzəli bədii kalambur, ya da insan hərisliyi və acgözlüyünə bir rişxənddir. İndi də sizə elə gəlməyə başlayır ki, ağlınıza gələn sual və şübhələr öz növbəsində yeni, sonsuz sayda sual və şübhələr doğurur.
Sənətşünaslıq
doktoru Leyla Axundzadənin fikrincə, əsərləri ilə
"...real və qeyri-reallığın, heyvani hisslər və
zərif intellektuallığın, ilahi və şeytani
başlanğıcların sintezini" ifadə edən müəllif
elə məhz bunu arzulamışdır. Ola
bilər ki, heykəltəraşın istəyi
ilə mərmər, tunc və bizim şüurumuzun keçirdiyi metamorfozlar təsadüfi
deyil, axı, məlum olduğu
kimi..." ...Mərmər
daşının hər parçasında elə Praksitelin özünün
daş yonan
bıçağına layiq başlar yerləşmişdir. Tökülmüş heykəl artıq bu daşın içində olub"
(Mark Tuli Siseron).
M.Rüstəmov 1967-ci ildə Bakıda dünyaya gəlmişdir. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltəraşlıq fakültəsinin (1986), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (1992) və Ömər Eldarovun rəhbərliyi altında Rəssamlıq Akademiyasının nəzdində yaradıcı emalatxanaların (1998) məzunu olmuşdur.
M.Rüstəmov 2000-ci ildə Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri tərəfindən "İlin heykəltəraşı" mükafatına layiq görülmüşdür.
O, Bakıda keçirilən Beynəlxalq Müasir İncəsənət biennalelərinin, Moskvada "Mart" sərgisinin iştirakçısı olmuşdur. Sənətkarın yaradıcılıq bioqrafiyasına bir neçə fərdi və böyük qardaşı Teymur Rüstəmovla birgə təşkil etdiyi sərgilər daxildir. Əsərləri Azərbaycanda və ölkəmizin sərhədlərindən kənarda fəal nümayiş etdirilir.
Heykəltəraşın "YARAT!" Müasir İncəsənət Məkanı
ilə əməkdaşlığı "012 Bakı Public Art" festivalı və
"Kommunist" layihələrində
iştirakını əhatə edir.
M.Rüstəmov həm Azərbaycan, həm də xarici ölkələrdə monumental
heykəltəraşlıq nümunələrinin müəllifidir.
Dekabrın
10-dək davam edəcək sərgiyə giriş sərbəstdir.
Azərbaycan.-2013.- 19 noyabr.- S.7.