Azərbaycan-İndoneziya əlaqələri
inkişaf edir
Noyabrın 18-də ölkəmizdə səfərdə olan İndoneziya Parlamentinin İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycan Milli Məclisində olublar. Onlar əvvəlcə Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə görüşüblər.
İşçi qrupunun rəhbəri Bəxtiyar Əliyev əvvəlcə ölkəmiz haqda qonaqlara məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyev 1994-cü ildə "Əsrin müqaviləsi" kimi tarixə düşmüş neft müqaviləsini bağlamaqla ölkəmizə investisiya axınını təmin etmiş və bu, iqtisadiyyatın inkişafını sürətləndirmişdir. Bu gün Azərbaycana milyardlarla dollar sərmayə qoyulur.
İki ölkə arasında mövcud münasibətlərdən danışan B.Əliyev qeyd edib ki, Azərbaycan İndoneziya ilə bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. O, İndoneziyanın hər zaman beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini diqqətə çatdırıb və buna görə İndoneziya hökumətinə öz minnətdarlığını bildirib.
B.Əliyev indoneziyalı deputatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı sürür.
Görüşdə İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ferrari Roemavi ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. İki ölkə arasında əlaqələrin 1992-ci il sentyabrın 24-də qurulduğunu xatırladan Ferrari Roemavi 21 il ərzindəki inkişafın qənaətbəxş olduğunu bildirib. Bu münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının və qarşılıqlı səfərlərin böyük rol oynadığı diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Dünən İndoneziya Parlamentinin İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.
Görüşdə Azərbaycan-İndoneziya münasibətlərindən danışan komitə sədri Səməd Seyidov qeyd edib ki, iki dost və qardaş ölkə arasındakı münasibətlər son zamanlar uğurla inkişaf edir. Qarşılıqlı səfərlər və görüşlər bu əlaqələrin daha da genişləndirilməsində xüsusi rol oynayır.
Səməd Seyidov onu da bildirib ki, bu gün iki ölkə arasındakı əlaqələr nəinki dostluq xarakteri daşıyır, hətta strateji səviyyəyə yüksəlmişdir.
Ölkələrimiz arasındakı siyasi əlaqələrdən danışan İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ferrari Roemavi Azərbaycan və İndoneziyanın beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəklədiyini söyləyib. O, iki ölkə arasında qarşılıqlı ticarət və investisiyalar sahəsindəki münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli potensialın olduğunu diqqətə çatdırıb.
Sonda qarşılıqlı maraqlardan doğan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Noyabrın 18-də İndoneziya Parlamentinin İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Milli Məclisdə İqtisadi siyasət komitəsinin üzvləri ilə görüşüblər.
Görüşdə Azərbaycan-İndoneziya əlaqələrindən danışan komitə sədri Ziyad Səmədzadə qeyd edib ki, iki ölkənin bütün səhələrdə əlaqələrin qurulmasına üstünlük verməsi sevindirici haldır. Onun sözlərinə görə, bu gün iki ölkə arasındakı münasibətlər çox böyük sürətlə inkişaf etməkdədir.
Azərbaycanda gedən sürətli iqtisadi inkişaf barəsində qonaqlara məlumat verən komitə sədri vurğulayıb ki, 2020-ci ildə adambaşına düşən məhsulun miqdarına görə ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasında olacaqdır. Bunun üçün Azərbaycan Prezidenti tərəfindən xüsusi strateji xətt müəyyən edilmişdir. Həmin strategiyaya əsasən ilbəil Azərbaycan iqtisadiyyatının neftdən asılılığı azalır. Uğurların əsas xəttini cəmiyyətin sabitliyi, iqtisadiyyatda dinamika, beynəlxalq aləmlə milli maraqlara cavab verən əməkdaşlıq təşkil edir.
Azərbaycanda gedən sürətli inkişafın şahidi olduqlarını deyən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ferrari Roemavi isə bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanla bütün sahələrdə əlaqələrin genişləndirilməsində maraqlıdır. Hər iki ölkənin malik olduğu maliyyə resursları əsasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli potensialın olduğu diqqətə çatdırılmışdır.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2013.- 19 noyabr.- S.7.