İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

Dünən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov  ölkəmizdə səfərdə olan  İndoneziya Parlamentinin İndoneziya-Azərbaycan  parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

İndoneziyalı parlamentariləri Azərbaycan parlamentində salamlayan Ziyafət Əsgərov qeyd edib ki, son illər ölkələrimiz arasındakı münasibətlər intensiv şəkildə inkişaf edir. Azərbaycan bu inkişafda çox maraqlıdır. Onun sözlərinə görə, iki ölkənin parlamentlərarası əlaqələri də yüksək səviyyədədir: "Ötən il hər iki ölkə parlamenti sədrlərinin qarşılıqlı səfərləri baş tutdu. Təbii ki, bu səfərlər ölkələrarası münasibətlərə müsbət təsir edir. Bu baxımdan parlamentlərarası işçi qruplarının da rolunu müsbət qiymətləndirmək olar".

Z.Əsgərov Ermənistan-Azəbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı BMT-nin, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr təəssüf ki, hələ də icra olunmur, Ermənistan tərəfi bu qətnamələrə böyük sayğısızlıq göstərir. Xocalı soyqırımı barədə də danışan Z.Əsgərov vurğulayıb ki, dünyanın bir neçə dövləti bu soyqırımı tanıdıqlarına dair qərarlar qəbul ediblər.

Azərbaycanda prezident seçkilərinin şəffaf, demokratik şəraitdə keçirildiyini deyən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ferrari Roemavi  qazanılmış inamlı qələbəyə görə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edib. O, Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib: "Hər iki ölkənin malik olduğu iqitisadi potensial və maliyyə imkanları əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradır. Ümid edirik ki, ələqələrin  genişləndirilməsində parlamentlər də öz dəstəyini əsirgəməyəcəkdir. Azərbaycan və İndoneziya bütün beynəlxalq qurumlarda bir-birini dəstəkləyir. Ümid edirik ki, bundan sonra da  hər iki dövlət bu  mövqedə qalacaq".

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2013.- 19 noyabr.- S.7.