Humanitar forum Azərbaycanın intellektual mərkəzə çevrildiyini təsdiq edir

 

Bakı Beynəlxalq Humanitar Forumu - Azərbaycanı dünyada layiqincə tanıdan platforma

 

Azərbaycanın inkişafına, Bakının gözəlliyinə heyran olan xarici qonaqlar ölkəmizin bu cür tədbirlərin keçirilməsi üçün ən ideal məkan olduğunu qeyd etdilər

 

 

Uğurlu ənənəyə çevrilən Bakı Beynəlxalq Humanitar Forumu humanitar əməkdaşlığa dair müxtəlif məsələlərin müzakirə edildiyi nüfuzlu toplantıdır. Ən əsası Bakı Forumu XXI yüzillikdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda elmi-siyasi platformadır.

 

 

 

Humanitar məsələlər, humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirir

 

 

Bu günlərdə Üçüncü forum öz işini uğurla başa vurdu. Dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslərin, sabiq prezidentlərin, tanınmış elm, mədəniyyət xadimlərinin, Nobel mükafatı laureatlarının iştirak etdiyi forum çərçivəsində plenar iclas və müxtəlif mövzular üzrə "dəyirmi masa"lar keçirildi. Forumun açılışında çıxış edən Prezident İlham Əliyev humanitar əməkdaşlığı xalqları, ölkələri birləşdirən amillər olduğunu bildirib: "Bu forum gözəl bir ənənəyə çevrilibdir. Xatırlayıram, keçən il ikinci forumun açılışında çıxış edərkən demişdim ki, ümid edirəm üçüncü, dördüncü, beşinci forum da keçiriləcəkdir və görürəm ki, artıq bu, reallıqdır. Bu, onu göstərir ki, beynəlxalq əməkdaşlıq məsələlərinə çox böyük diqqət göstərilir. Bu məsələlər daim diqqət mərkəzində olmalıdır. Çünki humanitar məsələlər, humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdir".

Forum iştirakçıları həm bu tədbirdən, həm də Azərbaycandan yüksək təəssüratlarla ayrıldılar. Bakı Forumunu ölkələrin, xalqların, yaradıcı ziyalıların mənəvi dəyərlər ətrafında sıx birləşməsi istiqamətində mühüm addım adlandıran xarici qonaqlar, həmçinin Bakının gözəlliyindən, Azərbaycanın inkişafından heyranlıqlarını ifadə edərək, ölkəmizin bu cür tədbirlərin keçirilməsi üçün ən ideal məkan olduğunu qeyd etdilər.

 "Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuna Rusiyadan yüzdən çox nümayəndənin qatılması Azərbaycan ilə Rusiyanın dost ölkələr olduğunu bir daha təsdiq edir". Bu sözləri Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib. O, bildirib ki, Bakıda artıq üçüncü ildir keçirilən Beynəlxalq Forum dünyada humanitariyanın inkişafında mühüm rol oynayır. Bakı Beynəlxalq Forumu yeganə tədbirdir ki, burada alimlər, siyasətçilər və mədəniyyət işçilərinin nümayəndələri bir araya toplaşırlar. Dünyanın müxtəlif ölkəsindən çoxsaylı iştirakçıların Bakıya gəlməsi bir daha təsdiq edir ki, foruma və tədbir çərçivəsində müzakirə olunan məsələlərə ehtiyac duyulur.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri tanınmış ictimai-siyasi xadimlərin, keçmiş prezidentlərin, görkəmli alimlərin qatıldığı Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməyi böyük şərəf adlandırıb. Baş direktor bildirib ki, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və humanitar dialoqda mühüm rol oynayır. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyən Əbdüləziz bin Osman əl-Tüveycri Ermənistanın öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində ölkələrin ərazi bütövlüyü prinsipi dünyada sülh və sabitliyin təmin olunması üçün vacibdir. Bu məsələ tezliklə həllini tapmalıdır. Azərbaycanın işğal olunmuş torpaqlarından zorla çıxarılmış hər bir məcburi köçkün öz doğma yurduna qayıtmalıdır.

 

 

 

Dünyada Bakı Beynəlxalq Humanitar Forumu kimi platforma tapmaq mümkün deyildir

 

 

"Dünyada Bakı Beynəlxalq Humanitar Forumu kimi platforma tapmaq mümkün deyildir". Bunu görkəmli qazax şairi və alimi, Qazaxıstanın UNESCO yanındakı daimi nümayəndəsi, səfir Oljas Süleymenov deyib. O.Süleymenov Bakı Beynəlxalq Humanitar Forumunun nadir sayılan bir xüsusiyyətini qeyd etdib. Bu xüsusiyyət ondan ibarətdir ki, forumda bəşəriyyətin üzləşdiyi aktual iqtisadi, sosial, ekoloji və texnoloji problemlərin humanitar cəhətlərini fərqli mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan, lakin bir məqsədlə - dünyamızı daha yaxşı, daha mükəmməl etmək naminə birləşmiş insanlar müzakirə edirlər. Bu da onu göstərir ki, zəruri hallarda dinc və təhlükəsiz gələcək naminə qüvvə və imkanları birləşdirmək olar. O.Süleymenov diqqətə çatdırmışdır ki, forum Şərq ilə Qərbin dialoqu, Bakı isə bəşəriyyətin gələcəyi barədə diskussiyalar mərkəzinə çevrilir və tədricən dünyanın humanitar paytaxtı statusu qazanacaqdır.

 "Azərbaycan çox böyük sürətlə inkişaf edir. Bu inkişafı öz gözlərimlə görmək mənim ən böyük arzularımdan biri idi. Sevinirəm ki, mən bu arzumu həyata keçirə bildim. Gəldim və ölkənizin necə sürətlə inkişaf etdiyinin şahidi oldum. Güman edirəm ki, mənim Azərbaycana səfərim davamlı olacaqdır". Bu sözləri Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku deyib. Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirən Emil Konstantinesku Şəki şəhəri, bu qədim diyarın nadir tarixi-memarlıq abidələri, xüsusilə Şəki xanlarının sarayı ilə tanışlığın onda çox böyük təəssürat yaratdığını söyləyib. Emil Konstantinesku deyib: "Çox şadam ki, nəinki Azərbaycanın, dünyanın ən qədim məkanlarından birini ziyarət etdim. Bu, təkcə yeni bir mədəniyyət deyil, illərlə, əsrlərlə formalaşaraq bugünümüzə gəlib çatmış bir irs, mədəniyyətdir. Əminəm ki, Azərbaycan xalqı bu mədəniyyəti gələcək nəsillərə ötürəcəkdir. Xan sarayının qarşısındakı bu nəhəng ağaclar çox valehedicidir, dərin rəmzi məna daşıyır. Bu ağaclar sanki sarayın qoruyucularıdır. Ümumiyyətlə, gözəl təbiəti, qədim tarixi və zəngin mədəniyyəti olan Şəki məndə dərin təəssüratlar yaratdı".

Forumun iştirakçısı, İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti xanım Paola Kasaqranda belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin sabiq prezidentlərinin iştirakını Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə olacağını vurğulamışdır. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlığını yüksək qiymətləndirən P.Kasaqranda, ölkəmizin geosiyasi mövqeyinin bütün dövlətlər üçün açıq olduğunu qeyd edərək demişdir: "Hazırda burada bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. Ölkəniz, həmçinin qadınlara səsvermə hüququ verən ilk ölkədir. Azərbaycanda müxtəlif dinlərə məxsus insanların ibadət etməsi üçün sinaqoq, kilsə və məscidlərin mövcudluğu bir daha ölkənizin bütün dinlərə sayğı ilə yanaşdığını nümayiş etdirir. Bütün dünyada tolerantlığı ilə hörmət qazanmış Azərbaycanda dövlət-din münasibətləri müvəffəqiyyətlə tənzimlənir".

Forumun keçirilməsinin çox gözəl təşəbbüs olduğunu söyləyən Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç bu beynəlxalq tədbirdə keçmiş prezidentlərin, Nobel mükafatı laureatlarının, tanınmış ictimai-siyasi xadim və digər nüfuzlu şəxslərin bir araya gələrək həlli vacib məsələləri müzakirə etmələrini yüksək qiymətləndirərək demişdir: "Ən əhəmiyyətlisi isə odur ki, burada, tədbirin adından da göründüyü kimi, humanitar məsələlərə daha çox diqqət yetirilir, xalqlar arasında sülh, dostluq, qarşılıqlı anlaşma kimi zəruri dəyərlərlə bağlı təkliflər səsləndirilir. Humanizm qıtlığı yaşanan müasir dünyamızda isə bu, çox əhəmiyyətlidir. Bu forumun daha geniş əməkdaşlıq yollarının axtarılması baxımından da önəmini xüsusi vurğulamaq istəyirəm".

 "Bakını çox sevirəm. Burada özümü çox rahat və evdəki kimi hiss edirəm". Bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiya Prezidenti yanında Beynəlxalq münasibətlər üzrə şuranın üzvü Maksim Şevçenko demişdir. O əlavə etmişdir ki, Azərbaycanda bütün beynəlxalq tədbirlər kimi, bu forum da çox yüksək səviyyədə təşkil olunmuşdur: "Bakının ev sahibliyi etdiyi bu tədbir ildən-ilə inkişafa nail olunur. Müzakirə olunan məsələlər və hər bir mövzuya yanaşma çox fərqlidir. Forum zamanı bizi maraqlandıran mövzularla bağlı müzakirələr aparılır, ortaq məxrəcə gəlirik və vacib qərarlar çıxarırıq".

 

 

 

Bu mötəbər tədbir Azərbaycanın dünyada daha yaxşı tanınmasına və müsbət imicinin daha da artmasına imkan yaradır

 

 

"Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi çox əhəmiyyətli bir qərardır. Forum çərçivəsində dünyanın çoxsaylı ölkələrindən nüfuzlu siyasətçilər, alimlər, ictimai-siyasi xadimlər, elm adamları bir araya gəlirlər". Rumıniyanın Beynəlxalq Əlaqələr və İqtisadi Əməkdaşlıq İnstitutunun direktoru, professor Anton Karagea belə deyib. O, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çox dəyərli fikirlər söylədiyini bildirib. Əlavə edib ki, biz Azərbaycan Prezidentinin dediyi fikirləri ürəkdən dəstəkləyirik. A.Karagea vurğulayıb ki, forum müxtəlif ideyaların bölüşdürülməsi, təkliflərin irəli sürülməsi baxımından XXI əsrin böyük bir platformasına çevrilib. Belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır.

 "Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda aktual məsələlər müzakirə olunur. Xüsusilə medianın problemləri, sosial məsələlər diqqət mərkəzindədir. Forum yüksək səviyyədə təşkil olunmuşdur, burada iştirakımdan çox məmnunam. Forumun üçüncü dəfə Bakıda keçirilməsi Azərbaycanın artıq dünyanın önəmli ölkələrindən biri olduğunu sübut edir". Bunu Almaniyanın ADAC şirkətinin vitse-prezidenti Maks Stiç demişdir. Qonaq bildirmişdir ki, forumda iştirak həm də Azərbaycan ilə yaxından tanış olmağa gözəl şərait yaratmışdır. "Biz Bakı ilə yanaşı, regionlarda da olacağıq. Bakı müasir və qədim tikililəri ilə diqqəti çəkən gözəl şəhərdir. İçərişəhər xüsusilə məni valeh etmişdir", - deyə Maks Stiç vurğulamışdır.

Forumun yüksək səviyyədə təşkil edildiyini deyən Ankara Universitetinin nümayəndəsi Seda Gökmen bildirmişdir ki, bu mötəbər tədbir Azərbaycanın dünyada daha yaxşı tanınmasına və ölkənin müsbət imicinin daha da artmasına imkan yaradır. O, diqqətə çatdırmışdır ki, forumun çoxsaylı iştirakçıları dünyanı narahat edən məsələlər ətrafında maraqlı və geniş müzakirələr apardılar. Tədbir çərçivəsində keçirilən "dəyirmi masa"lar səmərəli diskussiyalarla yadda qaldı.

 "Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, forum dünya xalqları arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcəkdir". Şərqi Avropa ölkələrində Çin Beynəlxalq Radioyayım Şəbəkəsi Birləşmiş Nümayəndəliyinin rəhbəri Li Zhiyuan söyləmişdir. "Azərbaycanın belə mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi təqdirəlayiqdir. Artıq əminliklə deyə bilərəm ki, Bakı beynəlxalq əməkdaşlığın məkanına çevrilmişdir. Səkkiz yüzdən artıq nümayəndənin iştirak etdiyi bu beynəlxalq tədbir humanitar əməkdaşlığın inkişafında mühüm rol oynayır" - deyə o bildirmişdir.

Bakı Beynəlxalq Humanitar Forumunun qlobal miqyasda mühüm əhəmiyyət kəsb etdiyini deyən Qlobal Tədqiqatlar Mərkəzinin Direktoru, Böyük Britaniyanın Uorvik Universitetinin fəxri professoru Lord Robert Skidelski vurğulamışdır ki, bu tədbir bizə bir sıra mühüm məsələlərin müzakirəsinin və həlli yollarının tapılmasına imkan yaradır. Forum çərçivəsində iqtisadi böhrandan çıxmağın yollarından tutmuş millətlərarası münasibətlərin möhkəmlənməsinədək bütün məsələlərlə bağlı müzakirələr aparılmışdır. Nobel mükafatçılarının və dünya miqyaslı digər alim və mütəxəssislərin bir araya gəldikləri bu forumun getdikcə qlobal əhəmiyyət daşıdığı anlaşılır.

Rusiyanın Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar isə forumu dünya humanitar müstəvisində böyük və mühüm hadisə adlandırmışdır. Tədbirdə Rusiyanın çox böyük nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulayan rusiyalı qonaq bunu ölkəsinin forumda maraqlı olduğunun sübutu kimi dəyərləndirmişdir.

 

 

Dünya birliyi Azərbaycanın milli siyasətini öyrənməlidir

 

 

Ukrayna Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, professor Andrey Kudryaçenko Bakını mədəni dəyərləri bölüşmək üçün mühüm məkan, forumu isə bütün dünya üçün olduqca əhəmiyyətli bir tədbir adlandırmışdır. Artıq ikinci dəfədir bu forumda iştirak etdiyini deyən ukraynalı alim vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çox dəyərli fikirlər söyləmişdir.

"Belə bir forumun işində ilk dəfədir iştirak edirəm və çox razıyam. Hesab edirəm ki, Beynəlxalq Humanitar Forumun belə yüksək səviyyədə keçirilməsi ölkənin dünyadakı imici üçün çox əhəmiyyətlidir. Belə bir forumun keçirilməsini bütünlüklə dəstəkləyirəm". Bunu Moldova Ombudsmanı Aureli Qriqoriu söyləmişdir. Forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulan Aureli Qriqoriu demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin lakonik, eyni zamanda, dəqiq ifadə olunmuş nitqi çox xoşuma gəldi: "Bu nitqdə Minilliyin bütün çağırışları qeyd edilmiş, yollar müəyyən edilmiş, mövcud problemləri həll etmək üçün tövsiyələr verilmiş, habelə Azərbaycanın bütün bunları necə həll etdiyi göstərilmişdir. Dünya birliyi Azərbaycanın düşünülmüş, demokratik, bütün milli azlıqların və dini icmaların hüquqlarını təmin edən milli siyasətini öyrənməlidir. Bu fakt dünya səviyyəsində qeyd olunmaya bilməz".

"Dünyanın çoxsaylı ölkələrindən yaradıcı insanları bir yerə toplayaraq belə bir forumun keçirilməsi və burada iqtisadi, ekoloji, cəmiyyətin bütövlükdə fundamental məsələlərinin müzakirə edilməsi çox gözəl ideyadır". Bunu isə "MUNDO İnternational" jurnalının redaktoru Miquel Anqel Otero Tamayo demişdir. Bildirmişdir ki, dünyanın müxtəlif ölkələrindən adamların iştirak etdikləri bu forumda son dərəcə aktual məsələlər müzakirə edilir. Bu da sülhün, qarşılıqlı anlaşmanın daha tez əldə olunmasına imkan yaradır. Bakıya ikinci dəfə səfər etdiyini deyən Miquel Anqel Otero Tamayo vurğulamışdır ki, Azərbaycan müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkədir. Burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamaları çox təqdir olunası haldır.

"Bakı dünyanın ən gözəl şəhərlərindəndir. Mən onu Avropa şəhərləri ilə müqayisə edərdim". Bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiya Federasiyasının "Vesti" proqramının direktor müavini Eduard Petrov demişdir. Rusiyalı jurnalist forumda dünyanın nüfuzlu insanlarının iştirak etməsini bu tədbirin əhəmiyyətinin sübutu olduğunu demişdir. E.Petrov tədbirdə çox mühüm məsələlərin müzakirə olunduğunu və bunun humanitar problemlərin həllində böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.

 

 

5-10 il əvvəl Bakıya gələnlər indi şəhəri çətinliklə tanıya bilərlər

 

 

"Humanitar forumun beynəlxalq aləmdə əhəmiyyəti əvəzolunmazdır. Bakıda tikinti-quruculuq işləri o qədər sürətlə gedir ki, 5-10 il əvvəl buraya gələnlər indi şəhəri çətinliklə tanıya bilərlər". Bunu isə forumda iştirak edən Fransanın Şabli şəhərinin meri, Ali Şuranın birinci vitse-prezidenti Patrik Gendraud demişdir. O, Bakının arxitekturasını, qədim və müasir tikililərini Fransanın Nitsa şəhərinə bənzədərək onda unudulmaz təəssürat oyatdığını xüsusi vurğulamışdır. Qonaq forumda maraqlı müzakirələrin aparıldığını, yeni insanlarla tanış olduğunu bildirərək demişdir: "Bakının belə bir nüfuzlu humanitar tədbirə üçüncü dəfə ev sahibliyi etməsi, həqiqətən, təqdirəlayiqdir. Forumda iştirak etməyimdən çox məmnunam".

Kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat belə mötəbər tədbirlərin müxtəlif mədəniyyətlər arasında dialoqun genişlənməsinə böyük töhfə verəcəyini vurğulamışdır. Forumun əhəmiyyətindən danışan, Bakıya artıq ikinci dəfə gəldiyini deyən A.Yonat şəhərin gözəlliyindən, xüsusilə gecələrinin möhtəşəmliyindən söz açmışdır. Qonaq Xəzər dənizi, İçərişəhər, Qız qalasının onda unudulmaz təəssürat oyatdığını qeyd etmişdir. Azərbaycan ilə İsrail arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən Ada Yonat ötən müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da genişləndiyini söyləmiş, münasibətlərin inkişafına hər iki ölkənin iş adamları, siyasi və ictimai xadimlərin qarşılıqlı səfərlərinin töhfə verdiyini bildirmişdir.

Fizika üzrə Nobel mükafatı laureatı, Almaniyanın Bərk Cisim Tədqiqatları üzrə Maks Plans İnstitutunun əməkdaşı Klaus Von Klitzinq Bakı Beynəlxalq Humanitar Forumunda bütün dünyada maraq doğuran qlobal məsələlərin müzakirə edildiyini bildirib. Alim forumda müzakirə edilən mövzuların spektrinin xeyli geniş olduğunu diqqətə çatdıraraq demişdir: "Alimlərə də məhz bu lazımdır. Bu yolla biz tədqiqatçılar bir-birimizin fikirləri ilə tanış ola, müzakirələr yolu ilə yeni fikirlər ortaya qoya bilərik".

Montana Universitetinin siyasi elmlər üzrə professoru Tomas Holtsun fikrincə isə belə irimiqyaslı tədbir təsadüfən Bakıda keçirilmir: "Artıq Azərbaycan dünyanın intellektual mərkəzinə çevrilir. Bunun Azərbaycan üçün çox böyük əhəmiyyəti vardır".

Bütün bu deyilənlərdən bir daha aydın olur ki, Bakı Humanitar Forumu tanınmış siyasətçilərin, ziyalıların, elm xadimlərinin böyük önəm verdiyi möhtəşəm  humanitar tədbirdir. Hansı ki burada fərqli düşüncələr, dəyərlər, mədəniyyətlər, siyasi baxışlar bir araya gəlir. Gələcək isə məhz bu siyasi, mədəni və mənəvi fərqliliyin, rəngarəngliyin konsensusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan, Bakı Humanitar Forumu gələcəyə hesablanmış mükəmməl platformadır.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 19 noyabr.- S.8.