Ədliyyə orqanları ölkəmizin
inkişafı naminə daim əzmlə
çalışırlar
Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir. Ümummilli lider Heydər Əliyev müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.
1918-ci ildə yaradılan Ədliyyə Nazirliyinə sovetlər dövründə ciddi münasibət göstərilməmiş, bu qurum məhdud səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmiş, dəfələrlə ləğv edilmişdir. Nazirliyin səmərəli dövlət strukturu kimi təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycan rəhbərliyinə ilk gəlişi ilə ədliyyə sistemində də intibah dövrü başlanmış, Ədliyyə Nazirliyi 1970-ci ildə bərpa olunmuş, onun fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edilmiş, milli kadr hazırlığına xüsusi diqqət yetirilmişdir.
Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğılı münasibət göstərilmiş, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.
Məhkəmələrin müstəqilliyinin təmin olunması, fəaliyyətinə müdaxilələrin qarşısının alınması üçün nazirlikdə Məhkəmə Orqanları İdarəsi ləğv edilmiş, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması məqsədilə məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılmışdır. Eyni zamanda, ədalət mühakiməsi əleyhinə olan bir sıra cinayətlər üzrə, o cümlədən məhkəmə qərarlarını icra etməmə cinayətləri üzrə işlərinin ibtidai istintaqının aparılması üçün İstintaq İdarəsi təsis edilmişdir.
Qanunun aliliyinin daha yüksək səviyyədə təmin edilməsi məqsədilə 2000-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamış, ölkəmizdə ilk dəfə olaraq test üsulu ilə şəffaf prosedurlarla yeni hakim korpusu formalaşdırılaraq onların yüksək statusu müəyyən olunmuşdur. Respublikamızda Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlaması da dahi öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə çox geniş səlahiyyətlər verilmiş və bu orqan hüquqi dövlətin və demokratiyanın inkişafında mühüm təsisat olmuşdur.
Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Azərbaycan ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ümummilli lider ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmışdır.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalmışdır. Ümummilli liderin söylədiyi bütün fikirlər hər birimizin fəaliyyət prinsipinə çevrilmişdir. Onun uzaqgörənliklə söylədiyi bir fikir isə ədliyyə işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur: "Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir".
Həyata keçirilən səmərəli hüquqi islahatlar kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Qısa dövr ərzində imzalanan fərman və sərəncamlar ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir. Ölkə başçısı tərəfindən 6 fevral 2009-cu il tarixdə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi ədliyyə orqanlarının və məhkəmələrin inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, sosial, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi məqsədi daşıyır.
Dövlət Proqramına müvafiq olaraq regionlarda hüquq təsisatlarının inkişafı, yerlərdə əhalinin ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, bu orqanların işinin əlaqələndirilməsi məqsədilə Gəncə, Şəki və Şirvan regional ədliyyə, Qax və Qəbələ qeydiyyat şöbələrinin, habelə Salyan, Samux və Siyəzən rayon dövlət notariat kontorlarının yeni müasir inzibati binaları istifadəyə verilmişdir.
Məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, inzibati binalarla təmin edilməsi və fəaliyyəti üçün lazımi iş şəraitinin yaradılması ilə bağlı konkret addımlar atılır. Məhkəmələrin yüksək statuslarına uyğun inşa olunan yeni binalarda müasir tələblərə cavab verən iş prosesinin təşkilinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsinə, onların məhkəmə fəaliyyəti barədə məlumatlığının genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir.
Bu gün əsas məsələlərdən biri ədliyyə sistemində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılmasıdır. Bu məqsədlə nazirlikdə yaradılmış müsabiqə komissiyaları ədliyyə orqanlarına şəffaf prosedurlarla, test imtahanı və müsahibə yolu ilə yüksək nəzəri hazırlığa malik yüzlərlə gənc mütəxəsisin işə qəbulu prosesini həyata keçirir.
2006-cı il aprel ayının 18-də ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq ona hüquqmühafizə orqanı statusu verilmiş, həmin ilin may ayında isə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanun qəbul edilmişdir. Dövlət başçısı tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı ildə fərman imzalanması və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur.
Ədliyyə sisteminin inkişafında və beynəlxalq hüquqi yardımın səmərəliliyinin artırılmasında xarici əlaqələrin rolu nəzərə alınaraq Ədliyyə Nazirliyi son illərdə bir çox ölkələrin ədliyyə nazirlikləri ilə əməkdaşlığa dair sazişlər bağlamışdır. Nazirliyin BMT, Avropa Şurası, ATƏT, Beynəlxalq Prokurorlar Assosiasiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər mötəbər təşkilatlarla sıx əməkdaşlıq münasibətləri də inkişaf etməkdədir.
Ədliyyə Nazirliyi əhalinin vətəndaş hüquqları barədə məlumatlandırılması və onların pulsuz hüquqi yardım xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə bölgələrdə hüquqi məsləhət xidməti mərkəzlərinin yaradılmasını təmin etmişdir. Mərkəzlərin zəruri biliyə malik hüquqşünas kadrlarla komplektləşdirilməsi, həmçinin lazımi avadanlıq və qanunvericilik aktları ilə təchiz olunması istiqamətində tədbirlər həyata keçirilmişdir. Görülən işlər nəticəsində fəaliyyətinin əsasları ulu öndər tərəfindən yaradılmış Ədliyyə Nazirliyi dövlət orqanları sistemində çox nüfuzlu bir quruma çevrilmişdir və onun səlahiyyət dairəsi getdikcə genişlənir.
Ulu öndər tərəfindən başlanmış və bu gün də davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir. Ədliyyə orqanları dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin inkişafı və qüdrətlənməsi naminə bundan sonra da yüksək əzmlə çalışacaqlar.
Telman MUSTAFAZADƏ,
Hüquqşünas
Azərbaycan.-2013.- 19 noyabr.- S.9.