Qubanın tarixini
yaşatmalıyıq
Şimal bölgəsinin ən böyük yaşayış massivi olan Qubanın müxtəlif adlı küçələri var. Tarixi qədim dövrlərə gedib çıxan bu küçələrdən biri də Ərdəbil adlanır. Qubalıların hansından bu ünvanı soruşsan, orada Abbasqulu ağa Bakıxanovun ev- muzeyi olduğunu söyləyər. Həm də adıçəkilən ünvanda Abbasqulu ağa Bakıxanov adına Quba Tarix-Diyarşünaslıq Muzeyi yerləşir.
Qubada ilk dəfə muzey 1924-cü ildə yaradılıb. Həmin günlərdə şəhər və kənd əhalisinə bildirilmişdi ki, kimin evində qədim tarixə malik hər nə varsa gətirib verməlidir. Mükafat olaraq müəyyən məbləğ də ayrılmışdı. Az zaman kəsiyində yüzlərlə tarixi eksponat muzeydə cəmləndi.
Quba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva bizimlə söhbətində bildirdi ki, XIX əsrin birinci yarısında tikilən bu binanın maraqlı tarixi var.
Abbasqulu ağa Bakıxanov həmin bu binanı özü üçün istirahət məqsədilə tikdirib. Müxtəlif bölgələrdən gələn yaradıcı adamları qəbul edən A.A.Bakıxanov burada ədəbi məclislər keçirərdi. Buraya yaxın və uzaq ölkələrdən nümayəndələr gələr, ağanın qonaqları olardı. A.A.Bakıxanov onlara Azərbaycan haqqında məlumatlar verər, eyni zamanda, özü də məlumatlar alardı.
Bir neçə otaqdan ibarət olan binada Qubanın tarixini özündə əks etdirən eksponatlar, XV əsrə aid olan silahlar, müxtəlif ev əşyaları var. Muzeyin direktoru onu da bildirdi ki, Amsar kəndində də görkəmli alim A.Bakıxanovun adını daşıyan muzey yaradılıb. Ora da xeyli eksponatlarla zəngindir. 1997-ci ildə rayondakı Şəhidlər xiyabanında da muzey yaradılıb. Ümumilikdə 35 işçisi olan bu muzeylərdə dünyanın onlarla ölkəsindən Qubaya gələn turistlər, dövlət adamları olmuş, eksponatların tarixiliyini maraqla qarşılamışlar. Muzeyin xatirə kitabına Niderlarnd, Böyük Britaniya, Lüksemburq, Albaniya və digər ölkələrin nümayəndələri öz ürək sözlərini yazmış, bir çoxları yaşadıqları respublikada xüsusi yazılarla çıxış da etmişlər.
- Bizi ən çox ziyarət edənlər məktəblilərdir, - deyən Məryəm xanım bildirdi ki, Qubanın bütün şəhər və kənd məktəbləri vaxtaşırı muzeyə gəlir, tariximizlə tanış olurlar. Burada azsaylı xalqların mədəniyyətini özündə yaşadan nümunələr də var. Muzeydə Quba xanı Fətəli xanın silahı saxlanılır. 10 mindən artıq eksponatın qorunduğu muzeydə təkcə Quba deyil, Azərbaycanın müxtəlif bölgələrinin tarixini özündə ehtiva edən nümunələr də var. Onu da öyrəndik ki, buraya respublikamızın bir çox şəhər və rayonlarından məktəblilər, ictimaiyyət nümayəndələri də gəlirlər. Məryəm Hacıyeva əlavə etdi.
- Muzeyin yerləşdiyi bina artıq öz ömrünü yaşayıb, Bu ilin əvvəllərindən başlayaraq şəhərin görkəmli yerində muzey üçün yeni binanın tikintisinə başlanılıb. Darısqal otaqlarda yerləşən eksponatlar siyahıya alınaraq köçürülmək üçün hazırlanır. Yeni il ərəfəsində həmin binanın istifadəyə veriləcəyi nəzərdə tutulub. Tikintisi başa çatmayan, yeni ünvana çevriləcək binada tamamlama işləri sona çatmaq üzrədir. Abbasqulu ağa Bakıxanovun evinə gəlincə həmin bina 1981-ci ildən tarixi abidə kimi qeydə alınıb. Muzeyin oradan köçürüldükdən sonra təmir ediləcəyi və ev muzeyi kimi istifadəyə veriləcəyi nəzərdə tutulub.
Şəhər Nizami adına istirahət parkının yaxınlığında tikilən muzeyin yeni binasının istifadəyə veriləcəyinə saylı günlər qalıb. Unutmayaq ki, ötənlərin yadigarı olan hər nə varsa, qorunmalıdır. Çünki tariximizi, mədəniyyətimizi, mənəviyyatımızı yaşadan dünənimiz sabahımıza açılan yolun bu günüdür. Oradan başlayan keçmiş olduğu kimi qorunmalı və gələcək nəsillərə ötürülməlidir.
Akif ƏLİYEV,
Azərbaycan.-2013.- 19 noyabr.- S.10.