Abadlıq hər yanı bürüyüb
Artıq Şəmkir də əvvəlki deyil. Küçələrdən, səkilərdən, binaların görkəmindən tutmuş, bağlara, parklaradək təzələnib, yenidən qurulub. Su-kanalizasiya problemi həll olunub. Neçə-neçə yaraşıqlı bina ucaldılıb. Xüsusən Heydər Parkı, Bayraq meydanı, Biznes mərkəzi hamının diqqətini cəlb edir. Ətraf yaşayış məntəqələrində də çox işlər görülüb.
Şəmkir böyük rayondur, ərazisi genişdir. Kəndlərin bir hissəsi mərkəzdən xeyli uzaqda, axarlı-baxarlı dağlarda yerləşir. Bəs həmin yerlərdə vəziyyət necədir? Rayonun mərkəzində olduğu kimi, oralarda da abadlıq, quruculuq işləri görülürmü? Ən ucqar dağ kəndini - Tatarlını seçirik. Bu kənd rayon mərkəzindən az qala əlli kilometr aralıda, Gədəbəylə Tovuzun sərhədində, Zəyəm çayının sağ sahilində yerləşir.
Tatarlının yolu qonşu Tovuz rayonunun Qovlar şəhərindən keçir. Əvvəllər bu yol enişli-yoxuşlu, daşlı-kəsəkli idi. Amma indi Qovlardan Zəyəm çayına kimi asfalt döşənib.
Bu kənd də son vaxtlar tanınmaz olub. Regionların sosial-iqtisadı inkişafı Dövlət Proqramına uyğun olaraq burada bir sıra abadlıq, quruculuq işləri görülüb. Heydər Əliyev Fondunun vəsaiti hesabına səfalı bir guşədə yaraşıqlı bina tikilib. Burada dörd yüz nəfərdən çox oğlan və qız təhsil alır. Məktəbin yetirmələrindən biri - Məzahir Abdullayev Türkiyədə ali təhsil alıb. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Hazırda Bakıda, Qafqaz Universitetində çalışır. Test imtahanlarında yüksək bal toplayan Nərminə Akif qızı Azərbaycan Tibb Universitetində oxuyur. Bu il məktəbin səkkiz məzunu ali məktəblərə daxil olub. Tatarlı məktəbi şəhid Rəfail Gülməmmədovun adını daşıyır. Baş leytenant Rəşid Behbudov yazır ki, Rəfail mərd döyüşçü olub. Cəbhəyə könüllü gedib. Zenitçi idi. Neçə-neçə qızğın döyüşlərdə iştirak edib. Daşbaşı adlı bir kəndin mühafizəsi zamanı on səkkiz nəfər döyüşçü ilə birlikdə şəhidlik zirvəsinə ucalıb. İcra nümayəndəsi Nəriman Hüseynov dedi ki, kəndin yetirmələri, xeyriyyəçiləri və son vaxtlarda burada görülən abadlıq, quruculuq işləri barədə xatirə guşəsi yaradılır. Dağlar diyarında bu cür ürəkaçan işlər isə az deyil.
İcra nümayəndəliyinin və bələdiyyənin inzibati binaları, habelə poçt, ATS, həkim məntəqəsi və kitabxana əsaslı surətdə bərpa edilib. Bircə içməli su və təbii qaz məsələsi qalırdı. Son vaxtlarda bu problemlər də artıq həll olunub. Zəyəm çayından on kilometrlik su xətti çəklilib. İndi hər bir evin qarşısında bulaq var. Ötən əsrin 90-cı illərindən bəri fəaliyyəti dayanan köhnə qaz xətti bərpa edildi. Evlərə sayğaclar qoyuldu. Tatarlı kəndinin əsas hissəsi, habelə dağların başında yerləşən Dağ Tatarlı yaşayış məntəqəsi təbii qazla təchiz olundu. İndi yalnız yeni salınan yaşayış məhəllələri qalır. Onlara da yaxın vaxtlarda təbii qazın verilməsi üçün tədbirlər görülür.
Kənd camaatı əsasən maldarlıqla və kartofçuluqla məşğul olur. Bu yerlərdə meyvə də boldur. Almalarına da söz ola bilməz. Dövlətin qayğısı və köməyi sayəsində hər sahədə məhsuldarlıq ilbəil artır, gəlir-qazanc çoxalır. Əhalinin gün-güzəranı getdikcə yaxşılaşır.
Kənddə bir sıra problemlər yerli fəalların köməyi ilə həll edilir. Rayon icra hakimiyyətinin tövsiyəsinə əsasən kənddə təşəbbüs qrupu yaradılıb. Ziyalılar, veteranlar, təcrübəli təsərrüfat işçiləri vaxtaşırı yığışaraq kəndin qayğı və ehtiyaclarını araşdırır, hər hansı məsələnin həlli yollarını axtarırlar. Bu əlbir, dilbir kənd haqqında ilk təəssürat məhz Zəyəmçay üzərində qurulan körpüdən yaranır. Kəndi gəzdikcə neçə-neçə xeyirxah işin şahidi olursan.
Ataların müdrik sözü yada düşür: "El bir olsa, dağ oynadar yerindən". Bu sözlərin hikmətini kəndi iki hissəyə bölən Zadaçay üzərində qurulan körpünü görəndə bir daha yəqin etdik. İnişil bu yerlərə gələndə Zadaçayın fəsadlarının şahidi olduq. Bir balaca yağış yağan kimi çay daşır, sel-su ətrafı bürüyür, kəndin ortasında sağ və sol sahillə əlaqə kəsilirdi. Təzəlikcə təşəbbüs qaldırılıb. Zəyəmçayda yeni körpü inşa olunandan bəri istifadəsiz qalan köhnə körpünün mal-materialı daşındı. İməcilik təşkil olundu. Hamı əlindən gələni eləməyə çalışdı. Zadaçayda üçaşırımlı körpü inşa edildi.
Kənddə hamı Nəsrəddin Gülməmmədovun, Fizuli və Nizami qardaşlarının, sürücülərdən Cəlal Qasımovun, Zülfiqar Mustafayevin, habelə İlqar Nuriyevin, Həsən Hüseynovun və başqalarının təmənnasız gördükləri işləri hörmətlə xatırlayır. Başqa bir xeyriyyə işi də diqqəti cəlb edir. Kəndin mərkəzində bir bulaq çağlayır. Xeyriyyəçi Fərman bu suyu qonşu Ələsgər kəndindən çəkdirib. Yol boyu neçə evə su verib, xatirə bulağı tikdirib. Ələsgər kəndindən gələn həmin su Tatarlı kəndinin qəbiristanlığına kimi çatdırılıb.
Tatarlı enişli-yoxuşlu sahədə yerləşir. Evlər dərələrə, təpələrə səpələnib. Hər yerdə səkilər düzəltmək, səliqəli asfalt yol çəkmək heç də asan deyil. Ona görə də ayrı-ayrı xeyirxahlar çayın üzərində keçidlər salır, yolların əyri-üyrü yerlərini nizamlayır, ehtiyac olan sahələrə qum-çınqıl daşıyırlar. Ən xarakterik cəhət budur ki, bir zaman iş, çörək dalınca yaxın-uzaq ölkələrə gedənlər qayıdıb gəlir, ata-baba yurdlarında yaraşıqlı evlər tikirlər. Bütün bunlara görə Tatarlıda abadlıq hər yanı bürüyüb, hara baxırsan səliqə-sahman göz oxşayır.
Əhməd
İSAYEV,
Azərbaycan.-2013.- 19 noyabr.- S.10.