Malta Azərbaycanın bu ölkəyə investisiya yatırmasında çox maraqlıdır

 

Azərbaycanda səfərdə olan Malta Parlamentinin keçmiş sədri Mikael Frendo dünən Milli Məclisdə olub.

Parlamentin Sədri Oqtay Əsədov öncə qonağa Üçüncü Beynəlxalq Humanitar Forumla bağlı məlumat verib. Azərbaycanın Malta ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu deyən Oqtay Əsədov bildirib ki, iki ölkə arasında yalnız iqtisadi əlaqələr nisbətən zəif inkişaf edib. Ən son böyük ticari əlaqə 2008-ci ildə olub (52 milyon dollar). Bildirilib ki, iki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün tez-tez qarşılıqlı səfərlərin təşkili, parlamentlərarası işçi qruplarının mütəmadi görüşlərinin keçirilməsi vacibdir.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, hər iki ölkənin diplomatları beynəlxalq konfranslarda, forumlada eyni mövqedən çıxış edirlər.

Malta Parlamentinin keçmiş sədri Mikael Frendo isə qeyd edib ki, 26 il parlament üzvü kimi çalışıb. Onun sədr olduğu dönəmdə Azərbaycan - Malta parlamentlərarası işçi qrupu yaradılıb: "Mən bilirdim ki, Azərbaycan gənc bir ölkə kimi çox inkişaf edib ona görə ölkənizlə əlaqələrimizin daha da dərinləşməsi üçün səylər göstərirdik. İndi isə iki ölkə arasında çox isti münasibətlər mövcuddur".

Qonaq, həmçinin vurğulayıb ki, Malta hökuməti Azərbaycanın bu ölkəyə investisiya yatırmasında çox maraqlıdır. Ona görə istənilən sahədə əməkdaşlığa üstünlük verir: "Bu yaxınlarda Maltada qazla işləyən elektrik stansiyasının inşası barədə Azərbaycanın SOCAR şirkəti ilə razılıq əldə olunub. Ümid edirik ki, gələcəkdə bunların sayı daha da artacaq".

Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2013.- 1 noyabr.- S. 2.