Ali qonağın şərəfinə

 

Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri

 

 

 

Xəbər verdiyimiz kimi, noyabrın 18-də Kiyevdəki "Qəbullar evi"ndə Ukrayna Prezidenti Viktor Yanukoviç tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilmişdir.

Dövlət başçıları qəbulda çıxış etdilər.

Ukrayna Prezidenti Viktor Yanukoviç dedi ki, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçildikdən sonra ilk səfərlərindən birini Ukraynaya etməsi xalqlarımız arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.

Azərbaycan-Ukrayna əlaqələrinin böyük perspektivinin olduğunu vurğulayan Viktor Yanukoviç səfər zamanı imzalanan sənədlərin münasibətlərin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Bu səfərin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına təkan verəcəyinə ümid etdiyini deyən Prezident İlham Əliyev Ukraynanın bizim üçün dostqardaş ölkə olduğunu vurğuladı. Dövlət başçısı bildirdi ki, Azərbaycan Ukrayna ilə münasibətlərin inkişafına böyük önəm verir.

Səfər zamanı müxtəlif sahələri əhatə edən mövzularla bağlı geniş müzakirələrin aparıldığını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, dövlət başçılarının mövqeləri üst-üstə düşür. Çünki hər iki ölkədə aparılan siyasətin əsasında dövlətlərimizin və xalqlarımızın milli marağı dayanır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 20 noyabr.- S.1.